Yeni ildən işıq, qaz, su bahalaşır? - AKTUAL

Yeni ildən işıq, qaz, su bahalaşır?
Havaların soyuması enerjiyə olan tələbatı artırıb. Artıq evlərdə istilik sistemlərindən daha çox istifadə olunur.

DİA.AZ bildirir ki, xüsusilə də kombilərdən istifadə, su, işıq, qaz sərfiyyatını artırıb. Ancaq bu gün kommunal xərclərin baha olması da əhalinin problemlərindən birinə çevrilib.

Limitin tətbiqi də vətəndaşlar üçün əlavə çətinliklər yaradır. Bu da bir faktdır ki, bir sıra evlərdə limiti keçməmək üçün mənzillərin sadəcə bir otağında istilikdən istifadə edirlər. Son günlər isə sosial şəbəkələrdə yeni ildən kommunal xərclərinin daha da artacağı, müvafiq qurumların qiymət artımına gedəcəyi ilə bağlı fikirlər öz əksini tapır.

Qeyd edək ki, ölkədə bir çox sahədə davamlı olaraq bahalaşma müşahidə olunur. Tarif Şurası isə adətən həmin sahədən ünvanlanan müraciət əsasında qiymət artımına getdiyini bildirir.

Bəs yeni ildə qaz, işıq, su ilə bağlı qiymətlərdə artım gözlənilirmi və bununla bağlı müvafiq qurumlar Tarif Şurasına müraciət ünvanlayıbmı?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya bildirdi ki, qazın qiymətinin artacağı ilə bağlı xəbərin heç bir əsası yoxdur:

“Ümumiyyətlə, bu müzakirə olunmur. “Azəriqaz” İstehsalat Birliyi tariflərə qarışacaq bir qurum deyil. Biz sadəcə qazın pərakəndə satışı ilə məşğuluq. Bununla bağlı heç bir yerə, heç bir təklif, müraciət olunmayıb. Ümumiyyətlə, indiki stiuasiyada bu müzakirə mövzusu deyil”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, yeni ildən suyun qiymətinin artması ilə bağlı qurum tərəfindən Tarif Şurasına müraciət edilməyib, ümumiyyətlə belə məsələ gündəmdə deyil.

“Azərişıq”ASC də yeni ildən qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Tarix: 1-12-2022, 21:47
Xəbəri paylaş





Xəbər lenti