Günəmuzd işləyən fəhlə sosial yardım ala bilmir, çünki…. - NAZİRİN NƏZƏRİNƏ...
“Biz sosial yardım almaq istəyirik. Çünki dolanışığımız çox ağırdır. Sosial yardımla bağlı maraqlandıqda deyirlər ki, gərək yoldaşınızın rəsmi iş yeri olsun”.
Siam.az bildirir ki, bu sözləri Toplum TV-nin qaynar xəttinə əslən Zəngilandan olub Biləcəri qəsəbəsində kirayədə yaşadığını deyən Səfiyarova Nurlanə bildirib.
“İki azyaşlı övladım var. Yoldaşım fəhlədir, harada iş olsa gedib işləyir. Hazırda günü 8 manata fəhlə işləyir. Bu pulla bilmirik kirayəni ödəyək, yoxsa uşaqlara qida alaq. Qohumumuz öz evinin bir otağını 100 manata bizə kirayə verib ki, yoldaşım işləyib ailəsini dolandıra bilsin. Ünvanlı sosial yardımla bağlı hər dəfə müraciət etmək istəyəndə deyirdilər ki, alınmayacaq. Halbuki adımıza heç nə yoxdur. Uşaqlarımı hazırlığa qoya bilmirəm. 5 və 7 yaşlarında iki övladım var. Hər iki övladımı avtobusla məktəbə, baxçaya aparıb gətirirəm . Bəzən yol pulu belə tapa bilmirəm ki, onları aparım. İkisi də oxumağa, təhsilə meyillidir. Ancaq maddi sıxıntıya görə onların təhsili və gələcəyindən narahatam. Zəngilan məcburi köçkünü olduğum üçün aylıq 35 manat pul alırdım. Yoldaşım Yardımlıdan olduğu üçün ailə qurandan sonra həmin pul da kəsildi. Çox çarəsiz vəziyyətdəyik. Böyrəklərim xəstədir, müalicəmi belə etdirə bilmirəm” - deyə şikayətçi bildirib.
Nurlanə xanım deyir ki, ünvanlı sosial yardım ala bilmək üçün hansı sənədlərin lazm olduğunu öyrənmək üçün DOST Agentliyinə müraciət edib. Ancaq oradan bildirilib ki, yoldaşınızın gərək rəsmi işi olsun, olmasa, sizə sosial yardım verilməyəcək.
Belə olan təqdirdə şikayətçi nə etməldir deyə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik. R. Mehdili sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş göstərdiyi xidməti rəsmiləşdirməlidir: “Əgər vətəndaş əldə etdiyi gəlirləri rəsmiləşdirib məşğul şəxs hesab olunarsa, o zaman onun sosial yardımla bağlı məsələsinə baxıla bilər”.
Günəmuzd işləyən fəhlənin gəlirlərini necə rəsmiləşdirsin sualına gəlincə isə R. Mehdili bununla bağlı vətəndaşım məşğulluq xidmətinə və ya əmək müfəttişliyinə müraciət etməyini tövsiyə etdi.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Toplum TV-yə vətəndaşın fəhlə işləməsinin onu məşğul şəxs kimi göstərmədiyini dedi: “Vətəndaşın fəhlə işləməsi onu məşğul şəxs kimi göstərmir. Vətəndaşın nə işçi kimi, nə də sahibkar kimi əmək müqaviləsi yoxdur. İşləmək odur ki, onun ya əmək müqaviləsi və ya VÖEN-i olmalıdır. Bunlar yoxdursa, bu şəxs rəsmən işləmir. Dövlət sosial yardım haqqında qanunda bu cür kriteriyalar təyin edib ki, vətəndaş məşğul şəxs olmalıdır. Bu kriteriyalar nə dərəcədə doğru və yalnışdır, bunu şərh etməyəcəm. Fakt odur ki, vətəndaşa verilən cavab düzgündür”.
Nurlanə Səfiyarova həyat yoldaşınən məşğulluq mərkəzinə müraciət edəcəyini, iş tapdıqdan sonra sosial yardım üçün müraciət edəcəklərini dedi.