EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... - NAZİRİN NƏZƏRİNƏ...
“Dəryaz” qəzetinin redaksiyasına Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşələrdə qiymətli ağacların kütləvi şəkildə qırılması və taxta sexlərinə daşınması ilə bağlı vide-materiallar daxil olub. Məsələ ilə əlaqədar Mərkəzin direktoru Əkrəb Babayevin mövqeyiini öyrənmək üçün telefon əlaqəsi yaratmaq cəhdimiz baş tutmadı, daha dəqiq desək, qarşı tərəf dəstəyi qaldırmadı. Məsələnin məğzini izah etdiyimiz danışıq mətnini direktorun vat-sap nömrəsinə göndərdik və xahiş etdik ki, münasibətini bildirsin. Səsli mesajımızda həmçinin təmsil etdiyimiz mətbu orqanın statusunu, əsas profilini də qeyd etdik – satira və karikatura.
Bundan sonra Əkrəm Babayev özü telefonumuza zəng vurub asıb kəsdi ki, bəs Qarabağ müharibəsində döyüşüb. Sözündən belə çıxdı ki, müharibədə iştirak etməyən hamı ona borcludur. Bu səbəbdən “toxunulmaz adamdır”, ona heç kəs “gözün üstə qaşın var” deyə bilməz. İctimai əhəmiyyət kəsb edən fəaliyyətində nə nöqsanı olursa-olsun, jurnalist də onu tənqid edə bilməz: “O karikatura çəkən əməkdaşınıza deyin görək, müharibə mövzusunda karikatura çəkibmi?” Cavab olaraq bildirdik ki, bəli, hətta Paşinyanın, tankı döyüş meydanında qoyub qaçarkən, qucağında unitaz aparan erməni əsgərinin də şəklini çəkmişik. Bu “əks-arqumentinin” keçmədiyini görən Əkrəm hədə yolunu seçdi – Onun karikaturasını çəkməyə cəsarət edəcək adamın ünvanına nalayiq, qələmə alınması məqbul olmayan söyüşlər söydü və həmin şəxsin başını kəsəcəyini vəd etdi: “Mən yüz erməni başı kəsmişəm, dünya vecimə deyil!..” Əkrəm bəyi ifadələrini seçməyə, etik qaydaları gözləməyə dəvət etdik. O isə gəlib bizi “tərbiyələndirəcəyini” dedi. Təklif etdik ki, tərbiyə verməyi bacarırsa, bizə yox, öz oğluna tərbiyə versin. Cavabı bu oldu: “ Mən oğlumu anasını s…- s… tərbiyələndirmişəm.
Bununla bağlı ETSN rəhbərinin müavini Firdovsi Əliyevə zəng edib məlumat verdik. Nazir müavini isə bizi qınadı ki, bəs qarşı tərəf kimi mövqe öyrənmək üçün Əkrəmə deyil, Nazirliyin mətbuat xidmətinə zəng vurmalıydınız.
Xatırladırıq ki, ETSN rəhbərliyi indiyədək sistemdə aşkar elədiyimiz digər qanunsuzluqlarla bağlı müraciətlərimizə cavab verməyib, heç mətbuat xidməti də jurnalist sorğularına həssas yanaşmayıb. Ümumiyyətlə, Əkrəm Babayevin heç bir vəchlə ona zəng edən jurnalisti söymək, ölümlə hədələmək hüququ yoxdur. Yaxşı ki, cənab Muxtar Babayev özü müharibədə iştirak etməyib; soyadaşı olan işçisi bizə güllə atırsa, nazir özü topa tutardı.
Onu da qeyd edək ki, erməni əsgərin belə başını döyüş vaxtı ayaq üstə kəsmək mümkün deyil. Öldürəndən, yaralayandan, əsir götürüb əlini-qolunu bağlayandan sonra kəsmək isə kənardan vəhşilik kimi görünür. Yəni, Əkrəm Babayev bu işi ilə öyünürsə, o da qəhrəmanlıq deyil, ən azından ölkəmizin, xalqımızın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Mövzuya karikatura ilə qayıdacağıq.
Əkrəm əkənin səs yazısını nazirliyə və nazirliyin mətbuat xidmətinə göndərsək də, heç bir cavab almadıq. Görünür nazirlik əməkdaşları da, bu başkəsənin hədəsindən qorxur. Və yaxud Əkrəmin bu tərbiyəsizliyini və əxlaqsızlığını nümunəvi bir addım kimi qəbul edirlər.