Vergi yığımında "axırıncı yol", yaxud Saleh Məmmədov dövlətin pullarını necə "bölür"


Vergi yığımında "axırıncı yol", yaxud Saleh Məmmədov dövlətin pullarını necə "bölür"Saleh Məmmədov, AAYDA sədri
Binəqədi rayonu Biləcəri qəsəbəsindən yol, işıq və digər infrastruktur problemləri ilə əlaqədar müraciətlər daxil olmaqda davam edir. Həmin müraciətlərdən birində Biləcəri qəsəbəsində istifadəyə yararsız qəsəbədaxili yollarla yanaşı, bu yollarda işlək vəziyyətdə olmayan işıq dirəklərindən, hava qaraldıqda bu məhəllələrin də zülmətə bürünməsindən, qaranlıqdan istifadə edib, məhəlləyə doluşan sahibsiz itlərin yaratdığı təhlükələrdən bəhs olunur. Ümumi mənzərədən onu demək olar ki, Biləcəri qəsəbəsinin artıq ahı gedib, vahı qalıb.İki ay öncə Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov yerli telekanallardan birinə açıqlamasında qəsəbədəki yol, işıq, zibilqabı və bənzəri problemlərin ilsonunadək aradan qaldırılacağını bildirmişdi. Həmçinin həmin ayda – oktyabrda dövlət büdcəsindən bu yolların təmiri üçün 5,3 milyon manat vəsait də ayrılmışdı. Üzərindən iki ay keçməsinə baxmayaraq, bələdiyyə sədrinin verdiyi vədlərin heç biri öz əksini tapmayıb. Necə deyərlər, köhnə hamam, köhnə tas.
Biləcəridə qəsəbədaxili yollar Biləcəridə qəsəbədaxili yol
Biləcəri qəsəbəsindən çoxsaylı müraciətləri nəzərə alıb, bu ərazidəki problemləri işıqlandırmağa çalışsaq da, vəzifəsi qəsəbəyə bələdçilik etməli olan bələdiyyə rəhbərliyi haqqında təəccübləndirici məlumatlar da durmadan gəlməkdə davam edir. Ötən yazımızda qəsəbə sakinlərinə qanunsuz bildirişlər paylanıldığı, qanunsuz vergi tələb edildiyi və bu vergiləri ödəməyənlərin Probasiya Şöbəsi ilə cəzalandırılacağı, məhkəməyə veriləcəyi ilə bağlı bildirmişdik. Təəccüb yaradan məsələlərdən biri də o idi ki, öz qanuni sənədi olmayan, Vergi Xidmətinə külli miqdarda borcu olan bir bələdiyyə rəhbərliyi necə ola bilər ki, başqalarını vergi qaçaqçılığında ittiham edərək, məhkəməyə verə bilər? Bəs məhkəmələr bələdiyyənin bu müraciətlərinə necə yanaşır? Yoxsa onlar da bələdiyyə ilə əlbir olaraq qanunsuz vergi tələb etdikləri qəsəbə sakinlərini cəzalandırmağı seçirlər?
Suallarla bağlı daxil olan məlumatlara görə, Biləcəri bələdiyyəsinin yerli vergi müfəttişlərinin “vergi”lərini ödəməyən sakinlərə, eyni zamanda mətbuata göstərdikləri bir yığın “məhkəmə sənədlərində” heç bir hökm, icra qeyd olunmayıb. Həmin kağızlar sadəcə olaraq, prosedurgərəyi məhkəməyə müraciət üçün yazılmış ərizələrdən başqa bir şey deyil. Məhkəmələr bələdiyyənin qanunsuz əməllərindən – heç bir qanunvericiliyə dayanmadan sakinlərdən vergi tələb etmə, öz inzibati binasının sənədsiz olması, külli miqdarda vergi borcu və sair – xəbərdar olduqları üçün bələdiyyənin sakinlər barədə etdiyi müraciətləri yola verir, “vergisini ödəməyən vətəndaş” barəsində hansısa ciddi qərarlar qəbul etmir. Bir halda ki, şikayət edənin özü qanunsuzluq içində itib-batır, hələ bir də eyni məsələ üçün başqalarını məhkəməyə verir, burdan hansı ədalətli qərar çıxarıla bilər ki...
Etibar Cabbarov, Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov, Biləcəri bələdiyyəsinin sədri
Məlumatda bildirilir ki, həmin məhkəmə sənədləri sadəcə olaraq bələdiyyənin sakinlərin gözünü qorxutmaq və öz qanunsuz vergi yığımlarını davam etdirmək üçün bir vasitədir. Məhkəmələr bələdiyyənin bu oyununa getmir. Bu günədək bələdiyyənin məhkəmə yolu ilə sakindən vergi ala bilməsi barədə bir fakt yoxdur. Buna baxmayaraq, Biləcərinin bələdiyyə rəhbərliyi öz “məhkəmə blefi” ilə sakinləri qorxutmaqda davam edir.
Qeyd edək ki, daxil olan məlumatları qarşı tərəflə dəqiqləşdirmək istəsək də, Biləcəri bələdiyyəsinin telefon xətləri qapalı olduğu üçün bu qurumdan təkzibedici məlumat da ala bilmədik.
Qeyd edək ki, daxili yolların təmirinə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə milyonlarla vəsait ayrılsa da, o dövlət vəsaitləri qeyri-şəffaf çəkildə xərclənir və ya daha dəqiq desək, dağıdılır. Qurum təmir üçün bərbad yolları deyil, təmirə daha az ehtiyacı olan yolları seçir. Çünki "az iş görüb, çox pul xərcləmək" Agentliyin sədri Saleh Məmmədovun məşhur iş üsuludur. Təmirə real ehtiyacı olan yollarda isə real olaraq pul xərcləmək lazım gəlir ki, bu da Saleh Məmmədovun "halallıq" prinsiplərinə ziddir./Mətin Şükürlü, Bizimyol.info/
Tarix: 9-12-2022, 12:31
Xəbəri paylaş





Xəbər lenti