Hazırda ölkədəki avtomobil parkı 1,7 milyon nəqliyyat vasitəsini əhatə edir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli mətbuata verdiyi açıqlamada avtomobil parkının 70 faizdən çoxunun məhz Bakı şəhərinin payına düşdüyünü diqqətə çatdırıb.Qurum rəsmisi onu da əlavə edib ki, qeyri-rəsmi məlumatlara görə, paytaxtda beş milyon nəfərə yaxın vətəndaş yaşayır, bu vəziyyət isə sıxlığa, yol infrastrukturunun yüklənməsinə səbəb olur. Ümumiyyətlə, son vaxtlar əksəriyyət Bakıdakı sıxlıq və tıxacdan şikayətlənir. Hətta mövcud problemin həlli üçün yeni yol xəritəsi təklif edənlər də az olmayıb. Ancaq nəzərdən qaçan bəzi məqamlar var.
Məlumdur ki, ölkənin əsas gəlir mənbəyi neft və qazdır. Bunlar isə Bakıda çıxarılır. Bundan əlavə, Bakı paytaxt və xarici turistlərin Azərbaycandakı əsas ziyarət nöqtəsi olduğu üçün ölkədəki əsas abadlıq işləri də məhz burada aparılır. Fabriklər, zavodlar, tikinti şirkətləri və adını çəkmədiyimiz onlarla müəssisə paytaxtda cəmləşib. Hətta kənd təsərrüfatı və heyvandarlığa diqqət ayıran mərkəz olan Kənd Təsərrüfatı Nazirliyi belə Bakıda fəaliyyət göstərir. Digər şəhər və rayonlarda əhalini məşğul edəcək müəssisələr azlıq təşkil etdiyi üçün insanlar mərkəzə üz tuturlar.
Həmçinin təhsil müəssisələrinin böyük bir hissəsi Bakıda yerləşdiyindən gənclər də Bakıda məskunlaşırlar. Yəni bugünkü sıxlıq və tıxacın bir səbəbi yol infrastrukturunun ürəkaçan olmamasıdırsa, digər səbəbi iş ehtiyacıdır.
Bəs görəsən, mövcud vəziyyətdən çıxış yolu nədir? Əhalinin bölgələrdə sıx məskunlaşmasını təmin etmək üçün hansı işlər görülməlidir?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov da hesab edir ki, paytaxtda tıxacın azaldılması üçün bölgələrdə iş yerlərinin sayının artırılması vacibdir: “Bu baxımdan biz təklif edirik ki, bəzi dövlət qurumlarının, o cümlədən universitetlərin bölgələrə köçürülməsi həyata keçirilsin. Nəzərə alsaq ki, ABŞ kimi inkişaf etmiş ölkələrdə aparıcı universitetlərin əksəriyyəti kiçik şəhərlərdədir, deməli, bizdə də bunu reallaşdırmaq olar. Bu, bir tərəfdən, həmin şəhərlərin inkişafını stimullaşdırır, o yerlərə investisiyanın cəlb edilməsinə, nəticədə xidmət sektoru daxil olmaqla bir sıra sahələrin inkişafına zəmin yaradır. Digər tərəfdən də tıxacın ciddi şəkildə azalmasına töhfə verir”.
İqtisadçı bildirib ki, universitetlərin Bakıda deyil, bölgələrdə fəaliyyət göstərməsi onların təhsil istiqamətinə hər hansı mənfi təsir göstərməyəcək: “Əksinə, bu, həmin bölgələrə marağın artmasına imkan verəcək. Ona görə də düşünürəm ki, bu istiqamətlərdə fəaliyyətin gücləndirilməsi daha məqsədəuyğun olar. Bölgələrdə iş yerlərinin yaradılması isə prioritetdir və xüsusilə özəl sektorun vasitəsilə regionlarda iş yerlərinin açılmasına ehtiyac var. Bunun üçün bölgələrdə güzəştli kreditlərin həcminin artırılması, sahibkarların kredit resurslarına çıxış imkanının genişləndirilməsi vacibdir.
Mərkəzi Bankın məlumatına görə, banklar tərəfindən təqdim olunan kreditlərin 80 faizi paytaxtın payına düşür. Bu ondan xəbər verir ki, bölgələrin kredit resurslarına çıxış imkanları məhduddur. Məhdud maliyyə resursları ilə biznesin geniş inkişafı praktiki olaraq mümkün deyil. Ona görə də bölgələrdə fəaliyyət göstərən sahibkarların kredit resurslarına çıxış imkanının artırılması, girov mexanizminin təkmilləşdirilməsiylə bağlı fəaliyyətlərin davam etdirilməsi və bu istiqamətdə yeni mexanizmlərin tətbiqinə ehtiyac var.
Bundan başqa, həmin sahibkarlar üçün daha güzəştli vergi rejiminin yaradılması və bölgələrə investisiyanın təşviq edilməsi önəmlidir. Bütövlükdə, sahibkarların dəstəklənməsinin genişləndirilməsi, maliyyə resurslarının onlar üçün əlçatanlığının təmin edilməsi bölgələrdə daha çox iş yerlərinin yaradılmasının və rayonlarda məskunlaşmanın artmasına şərait yaradar. Bu da paytaxtda məskunlaşmanın azalmasına və tıxacın minimumlaşmasına gətirib çıxara bilər”.
Tarix: 10-12-2022, 21:59