Rövşən Hacıbəyli Yaxud Bakının kanalizasiya sisteminin akademik həlli Kanalizasiya tullantı su və mayelərin məskunlaşma və ya bölgələrindən uzaqlaşdırılması üçün qurulan yeraltı qurğular sistemidir – bu, kanalizasiya sözünün tərifidir. İnsanlar məskunlaşdıqları yerlərdə öncə bu sistemi qururlar. Bir çoxu isə siyasi sistemlə bu sistemi bəzən eyniləşdirir, bəzən də qarışıq salır. Əslində, burada bir az məntiq də var, çünki hər iki sistemdə işlər yolunda olmayanda çoxlu problemlər, fəsadlar, fəlakətlər ortaya çıxır. O üzdən normal hakimiyyətlər həmişə hər iki sistemlə bağlı işlərin qaydasında olmasına çalışır… Bakıda kanalizasiya sisteminin tarixi lap qədimlərə gedib çıxır. Ancaq əhali artımından sonra kompleks layihənin işlənib hazırlanması məsələsi XIX əsrin 90-cı illərində qaldırılıb. Müxtəlif səbəblərdən o layihə ancaq 1930-cu ildə gerçəkləşib. Bu vaxt Bakı əhalisinin sayı təxminən 600 min nəfərə yaxın olub. 2022-ci ildə Bakıda əhali sayı, rəsmi statistikaya görə, 2 milyon 303 min 100 nəfərdən çoxdur, ancaq qeyr-rəsmi rəqəmlər paytaxtda əhali sayının 3 milyondan çox olduğunu deyir. Düzdür, sonrakı illərdə də paytaxtın kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülüb. Ancaq bütün bunlar artan əhali sayına görə yetərli olmayıb. Şəhərin mövcud kanalizasiya sistemlərində yaranmış problemlərlə bağlı 1968-ci ildə Bakı Şəhər Sovetinin tapşırığı ilə “İttifaqsukanallayihə” Dövlət Layihə İnstitutu (Moskva) və bu institutun Bakı filialı şəhər əhalisinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınmaqla, “Bakı Şəhərinin Böyük Kanalizasiyası Layihəsi”ni işləyib və sənəd 1972-ci ildə başa çatdırılıb. Layihə ilə bağlı işlər 1986-cı ilə qədər davam etdirilsə də, 1991-ci ildən yarımçıq qalıb– mənbələr belə deyir. SSRİ-nin dağılması ərəfəsində Ermənistandan, eləcə də müstəqillikdən sonra Dağlıq Qarabağ və ətraf rayonlardan qaçqın axını, eyni zamanda regionlarda dolanışıq çətinliyi ucbatından əhalinin əsasən paytaxtda toplanması Bakının “yük”ünü daha da artırıb. Qısa zamanda tez-tez dəyişən hakimiyyətlər üçünsə kanalizasiya sistemi yox, siyasi sistem prioritet olub. Yalnız 15 ildən sonra – 2006-2007-ci illərdə Bakı şəhərinin kanalizasiya sistemlərində bərpa, genişləndirilmə və yenidənqurulma layihələrinin icralarına yenidən start verilib. Prezident sərancamı ilə “Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi Layihəsi” hazırlanıb. Layihənin icrası üçün Fransadan 35 milyon avro məbləğində kredit alınıb. Həmin layihəyə Azərbaycan dövlət büdcəsindən də 44,9 milyon manat vəsait ayrılıb. İşçi qrup, yoxsa dağılan tifaq… Göründüyü kimi, ayrılan vəsait, xərclənən kredit və büdcə pulu kanalizasiya problemini həll edə bilməyib. Əksinə, paytaxt hər yağışa təslim olub. Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə prezident 11 noyabr 2016-cı ildə (əvvəlki sərəncamdan 10 il sonra) sərəncam imzalayıb. Sərəncama əsasən, paytaxtda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb; həm də akademik səviyyədə. On nəfər üzvdən ibarət işçi qrupunun rəhbəri Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təyin olunub. Bundan başqa, qrupda tarix elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru, iki general-polkovnik, bəstəkar və s. olub. O vaxt yaradılan İşçi qrupun üzvləri hamısı yüksək vəzifə tutub. Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini; Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri; Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı; Kəmaləddin Heydərov – fövqəladə hallar naziri, general-polkovnik; Ramil Usubov – daxili işlər naziri, general-polkovnik; Abbas Ələsgərov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri; Qorxmaz Hüseynov – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri; Əhməd Əhmədzadə – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri; Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri; Saleh Məmmədov – “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri. Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə yaradılan işçi qrupa prezident bir neçə tapşırıq da vermişdi. Onlardan biri beləydi: “Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”. İki ay müddətində işçi qrup nə təklif hazırlayıb, prezidentə nə təqdim edib, bilmirik. 11 noyabr 2016-cı il ildə imzalanan sərəncamın icrası ilə bağlı internet resurslarda yalnız bir xəbər var, o da 9 may 2017-ci ildə yayılıb. Həmin açıqlamanı da Baş nazirin müavini Abid Şərifov verib: “Bakı şəhərində Yağış Kanalizasiya Sisteminin Təkmilləşdirilməsi ilə bağlı yaradılan işçi qrup fəaliyyətə başlayıb. Ümumilikdə, 14 layihənin həyata keçirilməsi planlaşdırılır. Hazırda 12 layihə icra olunur. Bu 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Layihələr Bakının bütün ərazilərini əhatə edəcək”. Ondan sonra bu işçi qrupun hansı işlər gördüyü, layihənin necə icra olunduğu, milyonların hara xərcləndiyi bəlli deyil. Aradan 5 il keçsə də, şəhərin yağış suları problemi həllini tapmayıb. Əslində, layihənin necə icra olunduğunu yağışlar, su basan, iflic vəziyyətinə düşən paytaxt küçələri deyir. Üstəlik, işçi qrupun rəhbəri də daxil olmaqla 11 nəfərdən 7 nəfəri artıq ovaxtkı vəzifəsində deyil. Ramiz Mehdiyev PA-dakı vəzifəsini də, sonra gətirildiyi AMEA prezidenti vəzifəsini də itirib, Ramil Usubov Təhlükəsizlik Şurasının katibi, Zeynal Nağdəliyev prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi vəzifəsinə keçirilib. Əhməd Əhmədzadə baş nazirin müşaviridir. Abid Şərifov və Hacıbala Abutalıbov təqaüdə göndərilib. Qorxmaz Hüseynov vəzifəsini itirib. Balababa Rzayev “Azərişıq”ı “Azərenerji”yə dəyişib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olan Abbas Ələsgərov isə 2018-ci ilin fevralında vəfat edib. İşçi qrupdan yalnız 2 nəfər – Kəmaləddin Heydərov və Saleh Məmmədov hələ də vəzifələrində qalırlar. İki nəfərin o boyda qrupun işini görəcəyi isə inandırıcı deyil… Elə bəlkə də, sistem başsız qaldığından, yəni işçi qrup dağıldığından paytaxt hər yağışda “özünü itirir”. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də kanalizasiya sistemindən pay düşüb. 2011-ci ildən 2017-ci ilə qədər bu nazirliyə çirkab sularının təmizləyici qurğularının istismarı və xidməti üçün dövlət büdcəsindən 3 milyon 363 min 724 manat vəsait ayrılıb. 2012-ci ilin 21 dekabrında imzalanan sərəncamla Azərbaycanın şəhər və rayonlarında çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri “Azərsu”nun balansına verilib. Son 5 ildə – 2016-2021-ci illərdə dövlət büdcəsindən “Azərsu”ya ümumilikdə 118 milyon 236 min manat vəsait ayrılıb. Su və kanalizasiya sistemləri üçün 1995-2014-cü illərdə Dünya Bankından böyük məbləğdə kredit alınıb (“Böyük Bakı Su Təminatı Reabilitasiya Layihəsi”nə 73 milyon 920 min dollar, “Milli Su Təchizatı və Sanitariya-1” layihəsinə 310 milyon dollar və “Milli Su Təchizatı və Sanitariya-2” layihəsinə isə 644 milyon dollar). Xərcləmələrlə bağlı açıqlama verilmir, hesabatlılıq yoxdur, suallar cavabsız qalır… Ancaq “Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi 2022-ci il yanvarın 1-nə 260 milyon 097 min manat olub. Hökumətin “ağıllı küçə” “pilot layihəsi”nin sınaqdan keçirildiyi Yeni Yasamaldakı Dadaş Bünyadzadə küçəsinin son 5 ildəki görüntüləri cavabsız qalan suallara, həm də xərclənən pulların kanalizasiya sularında boğulmasına cavabdır.