Sahil Babayevlə Vüqar Behbudovun "putyovka biznesi": Milyonlar necə mənimsənilir?


Müalicəyə ehtiyacı olan əlilləri ələ salan qanunlardır, yoxsa məmurlar...
Azərbaycan hökumətinin 2018-ci ildən sonra apardığı struktur və kadr islahatları bir çox sahələrdə olan korrupsiya və digər qanun pozuntularını nəinki aradan qaldırdı, əksinə bu sahədə vəziyyəti daha da qəlizləşdirdi. 
Dövlət strukturlarının hüquqi bazalarının təkmilləşdirilməsi və bir sıra qanunlara edilən dəyişikliklər 2-3 il əvvəl ardıcıl baş verən devalvasiyaların məngənəsində boğulan hökumətin "kəmərbərkitmə" siyasətinə xidmət etdi. 
Hökumətin həyata keçiridyi bu siyasət faktiki olaraq bir çox dövlət orqanlarını, yerli icra hakimiyyətlərinin fəaliyyətini iflic edərək, strukturlararası əlaqələrin pozulmasına gətirib çıxardı. Azərbaycanda hökumətin apardığı struktur və kadr islahatları fonunda vətəndaşların ən çox narazı qaldığı, daha doğrusu vətəndaşlar ilə arasında böyük uçurum yaranan nazirliklərdən biri də heç şübhəsiz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. 
Sahil Babayevin nazir təyinatından sonra apardığı əndrabadi kadr dəyişiklikləri və nazirliyin əsasnaməsinə edilən bəzi dəyişikliklər vətəndaşların həssas, xüsusi qayğıya ehtiyacı olan təbəqəsini - əlillərin, qazilərin və şəhid ailələrinin böyük əksəriyyətində ciddi narazılıqlar yaratdı. 
Nazirliyin indiki rəhbərliyi Səlim Müslümovu "təkrarlayır" Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2021-ci ilin fevral ayında həbs edilməsi uzun illərdir əhalinin kasıb və imtiyazlı təbəqəsinə dövlət büdcəsindən ayrılan yüz milyon manatlarla vəsaitin nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi faktını aşkara çıxardı. DTX-nin həmin dövrdə sabiq nazirin həbsi ilə bağlı açıqladığı məlumatda Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktların aşkarlandığı, aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi bildirilirdi.  Səlim Müslümovun sonralar davam etdirilən məhkəmələrində şəhid ailələrinə və qazilərə dövlət tərəfindən inşa edilən evlərin həmin şəxlsərə növbədənkənar verilməsi üçün rüşvət alındığı da şahid ifadələrində öz əksini tapıb.  Şikayətlərdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində baş verən qanun pozuntuları və digər maxinasiyalar əvvəlki dövrlərdən daha geniş vüsət alıb.  Nə baş verir? - Nazirlə Agentlik sədrinin "işbirliyi"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi qurumlardandır. Bu nazirlikdən sosial şəbəkələrdə, mediada hər gün yüzlərlə şikayətlər dərc edilir. 
Pensiyaların təyini və əlillik dərəcələrinin təyin olunması istiqamətində olan qanunsuzluqlardan şikayətçi olan vətəndaşların sayı minlərlədir.  Qarabağ qaziləri və şəhid ailələrinin ən çox şikayət etdiyi qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyidir. 
Sosial Xidmətlər Agentliyinə 2020-ci ildə sədr təyin edilən Vüqar Behdudovun fəaliyyəti bütövlükdə hökumətin sosial siyasətini biabırçı duruma salıb. Zaman-zaman mediada Qarabağ qazilərinin, şəhid ailələrinin Sosial Xidmətlər Agentliyinin yarıtmaz siyasəti barədə tirajlanan şikayətlərinə maraqlıdır ki, nə nazirlik, nə də Nazirlər Kabineti heç bir reaksiya vermir. Bu isə şikayətçi vətəndaşlarda Sosial Xidmətlər Agentliyinin sədrinin atdığı narazılıq yaradan fəaliyyətinin yuxarı instansiyalarla razılaşdırılmış ehtimalını yaradır.  "Arqument.az"ın əldə etdiyi məlumata görə, Nazirlər Kabineti cari ildə sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) və sağlamlıq imkanları məhdud şəxslərə ərzaq alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə dövlət büdcəsindən 20 milyon manat ayırıb. 
Hökumətin qərarına əsasən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən mərkəzlərə ərzaqlar "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilməsi göstərilməyinə baxmayaraq, ərzaqların satın alınması Vüqar Behbudova və onun yaxın ətrafına məxsus şirkətlər tərəfindən həyata keçirilir. 2021 və 2022-ci illərdə bu məqsədlə ayrılan 20 milyon manat tamamilə Agentlik sədrinə və ona yaxın ətrafına məxsus şirkətlər tərəfindən sənədlər üzərində xərclənib. Acınacaqlı məqam isə budur ki, sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) ərzaq alınması üçün ayrılan 20 milyon manat vəsaitin təxminən 5-6 milyon manatı bu işlərə sərf edilib. 
Yerdə qalan vəsait isə Vüqar Behbudovla Sahil Babayev tərəfindən mənimsənilib. Təbii ki, ərzaqların alınması üçün ayrılan vəsaitlərin böyük həcminin mənimsənilməsi sağlamlıq imkanları məhdud insanlara verilən qidaların keyfiyyətinə də birbaşa təsir edir.  Məhz buna görədir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) verilən qidaların keyfiyyəti əvvəlki illərlə müqayisədə xeyli dərəcədə aşağıdır. 
Vüqar Behdudov nazirlik içində nazirlik yaradıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümovun rəhbərlik etdiyi dönəmdən çalışan, korrupsiyanın, maxinasiyanın A-dan Z-yə əlifbasını mənimsəyən Vüqar Behbudovun Sosial Xidmətlər Agentliyində "fəaliyyəti" tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) qidaların alınması üçün ayrılan 20 milyon manat vəsaiti öz şirkətlərinə ötürməsi ilə yekunlaşmır. 
V. Behbudov demək olar ki, Agentliyin həyata keçiridyi bütün layihələrə "nəzarət" altına almağı bacarıb. Belə ki, Nazirliyin sifarişi ilə həyata keçirilən tikinti və təmirlər (fərdi yaşayış evləri və təmirlər) Vüqar Behbudovun nəzarətində olan şirkətlər tərəfindən həyata keçirilir. 
Maraqlıdır ki, nazirlik tərəfindən təmir və yaxud inşa edilən tikililərin smeta dəyəri də şişirdilir. İlginc məqam isə budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən bu maxinasiya hallarına heç bir hüquq mühafizə orqanları və digər nəzarətedici rəsmi qurumlar reaksiya vermirlər.
Sağlamlıq imkanları məhdud insanların psixoloji və sosioloji reabilitasiyaları üçün ayrılan vəsaitlər də Vüqar Behdudova yaxın olan və Sahil Babayevin mediada PR kampaniyasını aparan QHT-lərə verilir. 
Vüqar Behbudovun "putyovka" biznesi
Sosial Xidmətlər Agentliyi Azərbaycan qanunlarına görə sosial xidmətə ehtiyacı olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə məşğul olur. Agentlik Qanunda nəzərdə tutulmuş xidmətlərlə yanaşı vətəndaşların sanatoriya-kurort göndərişləri (putyovkaları) ilə təmin edilməsini də təşkil edir.
Bu məqsədlə hər il dövlət büdcəsindən şəhid ailələrinə, qazilərə və digər imtiyazlı şəxslərə dövlət hesabına ölkədaxili sanatoriyalara göndəriş verilir. 
Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinə sədr gətirildikdən sonra bu putyovkalara ayrılan vəsaitlər də mənimsənilir. Belə ki, əlil və şəhid ailələrinə ayrılan putyovkaların smetası şişirdilərək Vüqar Behdudova məxsus olan olan istirahət mərkəzlərinə, daha doğrusu, "kafelərə" yönləndirilir. 
Məsələn, fizioterapiyaların və digər tibbi xidmətlərin olduğu sanatoriyalara 500-550 manata verilən göndərişlər (putyovkalar) Vüqar Behbudova məxsus olan (heç bir tibbi xidmət göstərilməyən) istirahət mərkəzlərinə 800-900 manata verilir. 
Aydın məsələdir ki, başqa sanatoriyalara 500-550 manata verilən göndərişlərin Vüqar Behbudova aid olan istirahət mərkəzlərinə 800-900 manata rəsmiləşdirilməsində əsas amillərdən biri də "otkad" əməliyyatlarının olmasıdır.  "Arqument.az"a sağlamlığını itirən bir qrup Qarabağ qazilərinin adından göndərilən məktubda deyilir: "Vüqar Behbudov Agentliyə sədr təyin edildikdən bir müddət sonra Quba rayonunda sanatoriya adı altında istirahət mərkəzi tikdirib. 
Bu gün sanatoriya adı ilə qazilərimiz müalicə və digər tibbi prosedurlardan yararlanmadan həmin məkana sanki gəzintiyə aparılır. Əvvəllər nazirlik tibbi xidmətin olduğu sanatoriyalara putyovkalar verirdilər. Bizim kimi sağlamlığı məhdud olan insanlara mənzərəli yerlərdə olan restoranlarda bir qarın yemək yox, ağrımızı azaldan, səhhətimizə müəyyən qədər müsbət təsir edən sanatoriyalar lazımdır. Sosial Xidmətlər Agentliyi isə bizi heç bir tibbi xidmətin olmadığı restorana göndərir. Vüqar Behbudovla Sahil Babayev bu əməlinə görə Səlim Müslümovun atasına rəhmət oxutdurur. Hər il dövlət büdcəsindən qazilərə, əlillərə şəhid ailələrinə sanatoriyalara getmək üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Lakin Vüqar Behbudovla Sahil Babayev bu vəsaitlərin mühüm hissəsini tikintilərə ayırıb öz şirkətlərinə verir. Sağlamlığımız üçün ayrılan pullar bu gün Sosial Müdafiə nazirliyinin şişirdilmiş tikinti tenderlərinə xərclənir".
Agentlik sədri vitse-prezidenti də eşitmir?
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun adı dəfələrlə bir sıra korrupsiya və qalmaqallarda hallanıb. Qarabağ qazilərinin və şəhid ailələrinin, imtiyazlı vətəndaşların mütəmadi şikayətçi olduqları Agentlik sədri bəzən yuxarı instansiyalardan - Nazirlər Kabinetindən və Prezident Administrasiyasından gələn müvafiq tapşırıqlara da məhəl qoymur. Bir müddət öncə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ev 1, mənzil 2 ünvanında qeydiyyatda olan 2-ci qrup Qarabağ müharibəsi əlili və veteranı, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş e.o gizir Əzizzadə Rəhman Həsən oğlu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovdan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə şikayət edirdi
Qazi şikayətində kirayədə yaşadığını, gözdən əlil olduğunu qeyd edir, Birinci Vitse-prezident Mehriban Əliyevanın ona dərhal ev verilməsi üçün müvafiq tapşırıq verdiyini bildirirdi. Qazi Mehriban Əliyeva və köməkçisi Anar Ələkbərov ilə görüşdən sonra məsələ ilə əlaqədar olaraq onu qəbul edən Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun ona etinasız yanaşdığını, vitse-prezidentin tapşırığını yerinə yetirmədiyini vurğulayırdı.


 
Tarix: 17-12-2022, 16:02
Xəbəri paylaş





Xəbər lenti