Marketdə kassir, xəstəxanada tibb bacısı çatışmırsa..

“Bu boyda marketdə cəmi 4 kassa var?”
“Növbədə dayanmaqdan işə gecikirik”.
“Qazandıqları pulun sayı-hesabı yoxdur, kassa artırmağa canları çıxır”.
Bu narazılıqları mağazada kassa növbəsinə dayanan vətəndaşlar dilə gətirir. Özəlliklə də, paytaxt Bakıda insanların evdən işə, işdən evə gəldiyi saatlarda mağazalarda çaxnaşma başlayır. Kassaların önündə növbələr həm insanların vaxtını alır, həm də kassada çalışanların iş yükünü artırır.

Rəhbərlik yeni adamlar cəlb etmir

N.Ş. böyük supermarketlərin birində bir ilə yaxındır ki, kassir işləyir. Aylıq 400 manat əməkhaqqı ilə ailəsini saxladığını deyən N.Ş iş yükündən narazıdır.
“Mağazada məndən başqa 3 kassir var. Mağazaya gündəlik minə yaxın adam gəlir, ticarət mərkəzinin içərisində yerləşdiyi üçün müştəri lap çox olur. Yalnız nahar vaxtında bir az boş qalırıq. Bilirəm ki, əmək müqaviləsində neçə müştəriyə xidmət etmək məsələsi yoxdur, səhər 10-dan axşam 6-yacan işləməlisən. Amma bu o demək deyil ki, bizi istismar eləsinlər. Hər gün ən azı 200 nəfəri kassada yola salıram, kiçik rəqəm səhvi etsək, işdən qovarlar. Zehnimiz də yorulur, fiziki yorğunluq da öz yerində. Bir-iki kassir götürsələr, əlavə kassa açsalar, belə yorğunluq olmazdı, mağaza rəhbərliyinə deyəndə isə yola verir”, – o, AzadlıqRadiosuna deyib.

Xəstəxanalarda da eyni vəziyyətdir

15 ildir dövlət xəstəxanalarında tibb bacısı kimi çalışan T.A. da eyni problemdən əziyyət çəkdiyini söyləyir. O indiyədək işlədiyi xəstəxanalarda tibb bacılarınn ştatlarının artırılmasına ehtiyac olduğunu düşünür.
“İlk dəfə 22 yaşımda dövlət xəstəxanasında işə başlayanda tibb bacısı problemi yox idi, işləməyə həvəs vardı, həmin vaxt üçün maaş da yaxşı idi. Gələn xəstə sayı da az idi. İndi dolanışıq pisləşib, xəstələrin sayı da artıb, amma xəstəxanalar tibb bacısı sayını, ştatını artırmır. Xəstələr bizimlə dalaşır, düşünürlər ki, astagəlik, ya da işimizi yaxşı görmürük. Halbuki, dörd əlimiz yoxdur axı, hamıya eyni vaxtda kömək edək”, – deyə T.A gileylənib.
Xatırladaq ki, tibb bacılarının əməkhaqları sonuncu dəfə 2020-ci ildə artırılıb, daha sonra 2022-ci ildə minimum əmək haqqı həddi müəyyənləşəndə də ona uyğunlaşdırılıb. Hazırda staja görə müəyyən dəyişiklər olsa da, maaş əsasən 300-400 manat arası dəyişir.

Səhər 11-dən axşam 11-ədək…

Bakının mərkəzində restoranların birində çalışan ofisiant da əlavə işçilərin götürülmədiyini deyir və düşünür ki, əmək müqavilələrində iş yükünün miqdarı da öz əksini tapmalıdır.
“Azərbaycanda əmək qanunvericiliyində o qədər boşluq var ki, istədikləri kimi fırlada bilirlər. Ali təhsilliyəm, başqa iş tapmadım deyə, ofisiant çalışıram. Orada işə girəndə deyildi ki, “30 dəqiqəlik nahar fasiləsini çıxmaqla, səhər 11-dən axşam 11-ə kimi bütün masalara qulluq edəcəksiniz”. Amma bilmirdim ki, cəmi 4 ofisiant olacaq. Bunları demək lazımdır. Heç kim tənzimləmir, arada biz işçilər əldən düşürük”, – o, giley-güzəranı bölüşür.
AzadlıqRadiosunun müsahibləri bu problemin özəlliklə pandemiya qadağaları qaldırılandan sonra daha qabarıq üzə çıxdığını deyirlər. Məsələn, pandemiya məhdudiyyətləri vaxtı daha az işçiylə işləyən bəzi sahibkarlar sonradan bu “qənaət rejimi”ndən çıxmağa həvəs göstərmiblər.

Qanun nə deyir?

Qanunla işçi ştatının sayını işəgötürən müəyyənləşdirir və yuxarıda sadalanan hallarda iş yükü xüsusi olaraq tənzimlənmir. Hüquqşünas Azər Quliyev belə deyir.
“Kassada ya da xəstəxanada növbənin olması o demək deyil ki, sahibkar məcburdu işə işçi qəbul etsin. Qanun da bunu ona məcbur etmir. Ştat sayını rəhbərlik özü təyin edir. Lakin digər işçinin iş saatını qanunsuz artırırsa və işlədirsə, bu qadağandır. Belə halda işçinin razılığı olmalıdır, əmək müqaviləsinı dəyişiklik etməklə və əmək haqqını ödəməklə çalışa bilər”, – hüquqşünas AzadlıqRadiosuna bildirib.Mövcud əmək qanunvericiliyinə görə, əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulan əməkhaqqının yarısından az olmamaqla əlavə pul ödənilməlidir. Hər bir işçi dalbadal iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından əlavə işlərə cəlb edilə bilməz.
Lakin iş yükünün iş saatı dəyişmədən, yəni, elə iş saatı çərçivəsində artması məsələsi barədə qanunvericilikdə heç bir maddə yoxdur. Hüquqşünas Araz İsmayılov da deyir ki, bu məsələnin qanunla tənzimlənməsi mümkün görünmür.
“Tutaq ki, bir mağaza açılır və 2 kassa qoyulub. 2 nəfər də işçi təyin olunub. İndi bu mağazaya çox adam gəlir deyə, kim ondan tələb edə bilər ki, 3-cü işçini götür. Səhəri gün mağazaya az adam gələndə artıq əməkhaqlarının verilməsi problemi yaşanacaq. Ya da gərək elə bir sistem qurulsun ki, qanun sahibkarın gəlirinə görə hesablasın. Bu da ayrıseçkilik olacaq. Yenə xəstəxana, məktəb kimi müəssisələrdə bunu müəyyən qədər tənzimləmə ehtimalı var. Özəl müəssisələrdə sahibkara öhdəlik qoymaq qeyri-mümkündür. Dövlətdə isə sadəcə, tələbat olduğunu göstərmək olar ki, aidiyyatı üzrə nazirlik problemin həlli kimi ştat artırsın”, – o qeyd edir.
Azadlıq radiosu

Tarix: 18-12-2022, 08:58
Xəbəri paylaş





Xəbər lenti