“Builki mövsümdə 15 hektarda taxıl əkmişdik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun əməkdaşları dedilər ki, taxılı sığorta etməyən fermerlər subsidiya almayacaqlar. Biz də məcbur qalıb məhsulu sığorta etdirdik. Qəbz olsa da, sığorta müqaviləsi təqdim edilmədi. Fırtına oldu, məhsul yığa bilmədik, indi də sığorta ödənişdən imtina edir”.Bunu Meydan TV-yə Qobustan rayonu, Ərəbşahverdi kəndində yaşayan fermer Becan Lətifov deyib. Fermerin sözlərinə görə, hər il taxıl əkini ilə dolanıblar, dövlət tərəfindən subsidiya ödənilib. Bu ildən yeni qayda yaradılıb.
“Martın axırı, aprelin əvvəlində güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu apardı, sahə pis günə düşdü. Tək mənim sahəm deyil, ərazidəki digər sahələrdə də məhsul zay oldu. Aqrar Sığorta Fondunun komissiyası aprelin əvvəlində sahələrə baxış keçirdi və məhsulun fırtınadan məhv olduğunu aktlaşdırdı”, – fermer deyib.
Becan Lətifovun sözlərinə görə, ikici dəfə mayda komissiya gəlib, sahələrə baxış keçirilib və yenidən akt tərtib olunub. İkinci komissiya hesab edib ki, 15 hektar sahənin yalnız 2 hektarı fırtınadan zərər görüb, 13 hektar quraqlıqdan məhsul verməyib:
“Halbuki bu mümkün deyil ki, açıq ərazidə fırtına sahənin yalnız bir tərəfini tutsun. Biz 2 hektar üçün ödəniləcək sığortadan imtina etdik. Qonşu sahələrin sahibləri də şahiddirlər, sahəyə biçilməsi üçün kombayn salmadıq. Çünki əhəmiyyətsiz idi, məhsul tamamilə məhv olmuşdu. Bunu komissiya da gördü. Prokurorluğa şikayət edənlərin sığortası dərhal ödənildi, mənə isə məhkəməyə müraciət etməyimi məsləhət görürlər. Bu fermerlər arasında ayrı-sekçilikdir”.
Fermer deyir ki, birinci aktın dəyişdirilməsi saxtakarlıq olub. Buna görə də məsələnin araşdırılması üçün kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edib. Lakin hələ müraciətinə cavab verilməyib.
Kənd Təsərrüfatı Nazirliyindən Meydan TV-yə bildiriblər ki, fermer Aqrar Sığorta Fondunun 1651 Çarğı Mərkəzinə zəng vurub məlumat ala bilər.
“Quraqlığa görə sığorta ödənişi edilmir, müqavilədə sığorta hadisələrinin siyahısı dəqiq verilib”, – nazirlikdən əlavə ediblər.
Aqrar Sığorta Fondunun açıqlamasında isə deyilir ki, Qobustan rayonunda 6400 hektar əkin sahəsi sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib. Ümumilikdə 400 hektar əkin sahəsi qasırğadan zərər çəkib. İlkin qiymətləndirmələrə görə, hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat ətrafındadır.
Tarix: 21-12-2022, 23:24