Goranboyda YETİMİN HAQQINI BELƏ YEYİRLƏR... - ŞİKAYƏT
Goranboyda sosial yardım almaq istəyən daha bir ailənin adına avtomobil çıxıb. Söhbət rayonun Səfikürd kəndindən olan Mustafayevlər ailəsindən gedir.
Siam.az bildirir ki, bu barədə Bizim.Media-ya sosial yardımı kəsilən 1973-cü il təvəllüdlü İmran Məmməd oğlu Mustafayev müraciət edib.
Onun sözlərinə görə noyabr ayında Dövlət Sosial Müdafiə Fondunun Goranboy Rayon Şöbəsindən ona bildirilib ki, adına avtomobil olduğu üçün sosial yardım paketinə daxil edilməyəcək.
Halbuki İmran Mustafayev bu ilin oktyabrına qədər, 3 il müddətində sosial yardım alıb:
“Goranboy Rayon Polis Bölməsinə yaxınlaşdım. Oradan Gəncə regional bölməyə göndərildim. Adıma maşın olduğunu dedilər. Öyrəndim ki, avtomobil Bakıda yaşayan əslən Füzuli rayon sakini İmran Məmmədxan oğlu Mustafayevə məxsusdur. Amma avtomobili sistemdən çxarmaq kimi səlahiyyətlərinin olmadığını bildirdilər. Ümumiyyətlə avtomobilim olmayıb. 5 övlad atasıyam. Düşəndə fəhlə kimi çalışıram. Amma rəsmi gəlirim yoxdur. Durumum çətin olduğu üçün sosial yardıma ehtiyacım var”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Bizim.Media-ya bildirb ki, şikayətçi Gəncə Rayon Polis Şöbəsindən həmin şəxsin adına avtomobil olmamasını təsdiq edən arayış almalı və onlara təqdim etməlidir.
Qeyd edək ki, bu, Goranboyda üçüncü bənzər haldır. Daha əvvəl rayonun Tatarlı kənd sakini Sahib Məmmədovun və Balakürd kənd sakini Hüseyn Aslanovun da başına eyni olay gəlib. Həmin şəxslərin müraciətləri əsasında məsələ Bizim.Media-da ictimailəşəndən sonra problem həllini tapıb.