Sürücülük imtahanı Yol Polisindən alınsın?- “Rüşvəti yığışdırsınlar”
Avtomobil idarə etmək istəyənlər ölkəmizdə Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən keçirilən sürücülük imtahanında iştirak edib, sürücülük vəsiqəsini əldə edirlər.İmtahan 2 mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi test, ikincisi isə təcrübi yolla aparılır. Lakin imtahanda verilən sualların məzmunu, eyni zamanda imtahanın şəffaf keçirilməməsi müzakirə olunan məsələlərdəndir. Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məsələyə münasibət bildirib. Sədr onlara müraciət olunduğu təqdirdə sürücülük vəsiqəsinin verilməsi imtahanının keçirə biləcəklərini qeyd edib.
Sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi yollardakı təhlükəsizlik məsələsinə müsbət təsir edə bilərmi? Bu barədə
Cebhe.info-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, qurum sürücülük məktəbləri ilə bağlı təkliflər verə bilər:
"Dövlət İmtahan Mərkəzinin (DİM) özünün abituriyentlərin qəbulunda, kodlaşdırma və digər məsələlərdə problemləri var. Nə qədər adam adi kodlaşdırmada səhv edir, seçdiyi ixtisasa qəbul ola bilmir, qurum bu problemlərlə məşğul olsa, daha yaxşı olar. Çünki bu da həyati əhəmiyyətli məsələdir. Sürücülük vəsiqəsinin verilməsi imtahanı isə yol hərəkəti təhlükəsizliyinin əsas predmetlərindən biridir. Yəni sürücü hazırlığı tədris prosesidir və tədris prosesində həyata keçirilir. DİM prosesi təkmilləşdirə, sürücüləri yaxşı hazırlaşdırıb, yetişdirə bilər. İnsanlar adlarını sürücülük məktəblərinə yazdırıb, 5 gündən sonra arayış götürməsinlər, bura qədər məsələ həll olunsa, insan artıq imtahan verəndə formal sürücü yox, yetişkin sürücü olacaq". Ekspert sürücülük məktəblərini peşəkar sürücü yetişdirməməkdə günahlandırıb:
"Hazırda sürücülük məktəbləri DYP-nin himayəsində deyil. Sürücülük məktəbləri peşə məktəbləri hesab olunur, Elm və Təhsil Nazirliyinə aiddir, yəni bunların başında birbaşa təhsil dayanır". O hesab edir ki, əgər nəzəriyyə imtahanını DİM, təcrübə imtahanını DYP keçirsə, bu da insanlara əlavə problem yaradacaq:
"Nəzəriyyə imtahanını DİM-də, təcrübə imtahanını DYP-də vermək vaxt itkisidir. Bunun üçün camaatın vaxtı yoxdur. DİM-in sədri məsələ qaldırsın ki, formal fəaliyyət göstərən sürücülük məktəbləri ləğv olunsun, yaxud təkmilləşsin, orada tədris prosesi asanlaşdırılsın, onlayn dərs keçilsin, insanlar hansısa formada sürücü kimi yetişdirilsin, ondan sonra imtahana göndərilsin. Məleykə Abaszadə özü də etiraf edib ki, bu avadanlıqlar onlarda yoxdur, təcrübə imtahanı götürə bilməyəcəklər. Yəni insanları incitmək nəyə lazımdır? İmtahanın bir hissəsi bu qurumda, digər hissəsi başqa qurumda keçirilməsinin mənası yoxdur. Nəticə nə olacaq? Nəticəni dəyişə biləcəyikmi? Nəticəni dəyişmək üçün sürücülük məktəblərini şablondan çıxarsınlar, rüşvəti yığışdırsınlar, insanlar adını yazdırıb, pul verib, 45 gündən sonra hazır diplom almasınlar. Problemin kökü buradan başlayır". Elməddin Muradlı hazırda keçirilən imtahanların məzmununun onu tam qane etmədiyini qeyd edib:
"Mən demirəm 100 faiz razıyam. Sürücünün ömür boyu rastaşmadığı mövzulara aid suallar düşür. Həmin suallar təkmilləşməlidir. Bu məsələ Prezident tərəfindən təsdiqlənən 2019-2022-ci illəri əhatə edən dövlət proqramında öz əksini tapıb. Bu proqramın qəbulundan 4 il keçib. Hələ ortada nəzəri, praktiki yeniliklər görmürük. Real olaraq ciddi bir dəyişiklik olmayıb. Pandemiya və müharibənin təsirinin olması aydındır. Sürücülük məktəbləri, sürücülük imtahanlarının təkmilləşdirilməsi, təlimçilər və bir çox aktual mövzular orada var ki, onlar hələ də öz həllini tapmayıb. Sürücülük imtahanları ilə bağlı olan məsələ də həmin proqramda öz əksini tapıb. Düşünürəm ki, bunu da həll etmək vacibdir, aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalıdır, əks təqdirdə faydasız proses davam edəcək. Vətəndaş imtahan verib qəbul ola bilmirsə, sonradan o proses ona qaytarılsın. Yəni DİM-in imtahanlarında biz sonradan səhv və düz cavabları müqayisə edə bilirik. Belə interaktiv məsələləri və texnologiyaların imkan verdiyi müasir yenilikləri tətbiq etmək olar".
Tarix: 24-12-2022, 12:25