Bu rayonun küçə və döngələrində satışa çıxarılan məhsullar heç bir halda baytar nəzarətindən keçirilmir, laboratoriyalarda yoxlanılmır, məhsulların keyfiyyətli olub-olmaması haqda istehlakçılara heç bir məlumat verilmirDünən gundemxeber.az-ın əməkdaşı redaksiyamıza daxil olan məlumatlar əsasında Bakı şəhərinin Nəsimi rayonuna aid ərazilərdə olmuş və canlı şəkildə gördüyü bir çox problemlərlə, eybəcərliklərlə və s. ilə bağlı reportaj da hazırlamışdır. Bu haqda bir qədər sonra.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Belə bir təyinatın verilməsindən 7 (yeddi) ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, hələ də Nəsimi rayonu ərazisinə aid problemlər həllini tapmır ki, tapmır. Problemlərin əmələ gəlməsinə bir çox amillərin varlığı səbəb olur ki, bu da rayon sakinlərini çoxsaylı problemlərlə üz-üzə qoymaqdadır. Faktdır ki, bu gün sakinləri daha çox narahat edən, rayonun ümumi görünüşünə, küçə və döngələrinin təmizliyinə xələl gətirən başlıca səbəblərdən biri də, ərazilərdə küçə ticarətinin tüğyan etməsidir. Söz yox ki, qanunsuz küçə ticarətinin fəalyyət göstərməsinə Nəsimi Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahibləri tərəfindən “yaşıl işıq” yandırılır ki, bunu rayonun küçə və döngələrində, piyada keçidlərinin həndəvərində, səkilərdə, dayanacaqlara yaxın ərazilərdə, yaşayış binalarını qarşısında və digər yerlərdə görmək mümkündür.
Qeyd edək ki, küçə ticarətinin fəaliyyət göstərməsinə həmin şəxslər tərəfindən razılıq verilməzsə, o halda bir kimsə “risk edib” belə bir addımını atmaz. Yəni, nəinki axşam saatlarında, hətta səhər və günorta saatlarında da bu rayonun mərkəzi küçələrində, piyadaların keçib-getdikləri səkilərdə, magistral yollara yaxın ərazilərdə, küçə və döngələrdə və s. hər cür kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçirilir. Elə ki, günün axşam saatları olur, o halda vəziyyət daha dözülməz həddə çatır və satıcılar qışqırıq-bağırtıları ilə “əndazəni aşırlar” və onlar yol kənarlarında, piyadaların gedib- keçdikləri yerlərdə şor, pendir, limon, göyərti, müxtəlif növ meyvələr, balıq və toyuq məhsulları satırlar. Hətta, elə hallar da olur ki, küçə ticarəti ilə məşğul olanlar mallarını magistral yolların dayanacaqlarında satırlar ki, bu da dəfələrlə yol-nəqliyyat hadisələrinin və digər təhlükəli anların baş verməsinə səbəb olub. Adicə bir faktı qeyd edək ki, bu rayonun “Memar Əcəmi” metrostansiyasından üzü “Yeganə” şadlıq sarayına doğru gedən yolda, yəni Hüseynbala Əliyev və Seyid Cəfər Pişəvəri (əvvəlki adı Cavadxan) küçələrində meyvə, tərəvəz, ət və ət məhsulları, daha nələr, nələr satılır. Əslində hər bir ərazidə kəndli bazarı var və bu rayonun ərazisində yerləşən, hansı ki, 3-cü mikrorayondakı “Kəndli Yarmarkası”ndan da sakinlər hər cür alış-veriş edə bilərlər.
Belə olan halda qeyri-qanuni fəaliyyət göstərən küçə ticarəti niyə yığışdırılmır? Əgər küçə ticarəti yığışdırılarsa, o halda paytaxt Bakının küçə və prospektlərində səliqə-səhman da öz yerində olar. Təəssüflər olsun ki, yerlərdə vəzifə sahibi olanlar belə vəziyyət yaradıblar və bunun qarşılığında onlar gündəlik öz ciblərini doldurmaqla məşğul olurlar.
Təəssüf və təəccüb doğuran hal odur ki, Nəsimi rayonunun qeyd olunan ərazilərində bu cür fəaliyyət növü ilə məşğul olanlar, heç sanitar- gigiyena qaydalarına da əməl etmirlər. Çünki, belə bir qaydalara əməl etmək üçün lazımi şərait də yoxdur. Məsələn, bu işlə məşğul olanlar küçələrdə toz-torpağın içində, açıq hava şəraitində ərzaq məhsullarının satışını həyata keçirirlər ki, bu da insan həyatı üçün olduqca təhlükələr yaradır. Diqqət yetirmək lazımdır ki, bu rayonun küçə və döngələrində satışa çıxarılan məhsullar heç bir halda baytar nəzarətindən keçirilmir, laboratoriyalarda yoxlanılmır, məhsulların keyfiyyətli olub-olmaması haqda istehlakçılara heç bir məlumat verilmir. Bu cür ərzaq məhsullarından istifadə olunma, bəzən ciddi fəsadların baş verməsi ilə də nəticələnir. Bir sözlə, əvvəllər hər kəsin ümid edib inandığı, etibar etdiyi Nəsimi RİH Aparatı, sanki bu gün inamsız bir quruma çevirilib. Qeyd edək ki, vaxtilə Bakı şəhərinə aid rayonların küçə və döngələrində, digər ərazilərində küçə ticarətinin fəaliyyət göstərməsinə dair Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazə 01 yanvar 2014-cü il tarixdən ləğv olunub. Bəli, belə bir qərar Bakı şəhərini daha da abadlaşdırmaq, gözəlləşdirmək, dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək məqsədilə verilir.
Qeyd olunan tarixdə bu qərar verilsə də, faktdır ki, Nəsimi RİH Aparatında çalışan və küçə ticarətinin fəaliyyət göstərməsinə şərait yaradan bəzi vəzifə sahibləri, verilmiş qərarı bu gün də “priznavat” etmirlər. Belə bir səbəbdəndir ki, hal-hazırda Nəsimi rayonunun mərkəzi əraziləri bir növ “Dubay bazarı”nı xatırladır və bu rayonun ərazilərinə yaraşmayan, küçə və döngələrini çirkləndirən, zibilləyən, antisanitariya vəziyyəti yaradan, rayonun görkəmini eybəcərləşdirən, insanların rahatlığını pozan küçə ticarəti, məhz gündəlik hər kəsə hər cür problemlər əmələ gətirməkdədir. O da əksəriyyətə məlumdur ki, 2014-cü ildən qanunsuz küçə ticarəti ilə məşğul olanların fəaliyyətinin qadağan olunmasına və bu işlə məşğul olanların inzibati məsuliyyətə cəlb olunmasına başlanıb. İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən qanunsuz küçə ticarətinə, yəni icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə məbləği təyin olunub. Bütün bunlara baxmayaraq Nəsimi RİH Aparatında çalışan bəzi vəzifə sahiblərinin küçə ticarətinə şərait yaratmaları, sanki bu rayonu sağalmaz dərdə salıb.
Amma onu da unutmaq olmaz ki, bir kimsə Nəsimi RİH Aparatında çalışan və küçə ticarətinə cavabdehlik daşıyan vəzifə sahiblərinin, ərazi üzrə cavabdehlik daşıyan polis əməkdaşlarının icazəsi olmadan hansısa daşı daşüstə, almanı narüstə qoya bilməz. Bütün bunlara baxmayaraq, hal-hazırda bəzi vəzifə sahibləri bu rayonun ərazilərində küçə ticarətini şəxsi nəzarətlərində saxlayırlar və bununla da maddi maraqlarının təmin olunmasını həyata keçirirlər. Əslində bu cür addım qanundankənar fəaliyyətdir və bu gün həmin şəxslər öz məsuliyyətlərini dərk etmirlər.
Tarix: 26-12-2022, 23:07