"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları - FOTO
24.12.2022-ci il tarixində "DogruXeber.az" əməkdaşları olaraq, Salyan rayonunun Pambıqkənd kəndində olduq.
Bir saat yarıma Salyana qədər, təqribən bir o qədər müddətə də Pambıqkənd kəndinin içinə qədər vaxt xərclədik.
Kəndin içinə girmək üçün bu qədər uzun vaxt sərf etməyimizin səbəbi kəndin illərdir təmir görməyən yollarının çox bərbad, çala-çuxurlu olması idi. İş o yerə çatıb ki, kənd çöl torpaqlarının içi ilə getməyi o yolla getməkdən "rahat" zənn ediblər və beləcə torpaqdan yol salıblar.
Əlqərəz, çox çətinliklə gedib, nəhayət kəndə çatdıq. Amma, çatar-çatmaz kənd arasındakı yolların daha bərbad olduğunu gördük. Özü də deyəsən, kəndin problemi təkcə keçilməz yollarından ibarət deyildi. Kəndin içində sakinlərin həyatı üçün təhlükə saçan bu görüntülər də diqqətimizi ilk çəkən neqativlərdən biri idi.
Görünür, bu böyük bir ərazini zəbt edən məişət tullantıları, çala-çuxur yollar nə yerli bələdiyyəni, nə də icra nümayəndəsini, həmçinin ümumiyyətlə Rayon İcra Hakimiyyətini belə zərrə qədər narahat etmir.
Yeri gəlmişkən, sakinlərin bildirdiyinə görə kəndin nə bələdiyyə sədri, nə də yerli icra nümayəndəsi həmin kənddə yaşamırlar. Yəqin bu səbəbdəndir ki, bizim gördüyümüzdə dəhşətə gəldiyimiz bu mənzərə, onları qətiyyən maraqlandırmır.
Hətta, orada olarkən, biz bələdiyyə sədri ilə telefon əlaqəsi saxlayıb, yollara buvaxta qədər heçolmasa xırda çay daşlarının tökülməməsinin səbəbini soruşduq. Bələdiyyə sədri bir neçə dəfə yollara xırda daşlar döşəndiyini bildirdi. Lakin, elə ordaca ətrafımıza toplaşan kənd sakinləri bunun tamamilə yalan olduğunu, buvaxta qədər bir dəfə də olsun, bir dənə daş döşənmədiyini dedilər. Biz bələdiyyə sədri Elnur Əhmədova onunla üzbəüz görüşmək istədiyimizi bildirdikdə isə, "Mən uzaqdayam" - deyə cavab verdi.
- "Eybi yox, gözləyərik" dedik.
- "Yox, mən Bakıdayam", dedi
Yəqin, oxucularımız arasında yazını oxuyarkən, bələdiyyə sədrinin cavabının "klassik bəhanə", hətta "köhnəlmiş variant " olduğunu dərhal anlayıb, buna gülənlər də vardır.
Qeyd edək ki, kənd sakinləri bələdiyyə sədrinin nəinki üzünü görmədiklərini, hətta əksəriyyəti onun adını belə bilmədiklərini deyirlər. Bundan əlavə sakinlər "2009-cu ildən bəri biz rayon rəhbərliyinin yadından çıxmışıq".
Uzun sözün qısası, bir-iki şəkil çəkib, Bakıya yola düşdük. Artıq, zəif yağış başlamışdı və hava da qaralmışdı. Odur ki, bir dənə də olsun küçə işığı olmayan kənd yolu, yağışda palçıq olmuş və daha da keçilməz hala düşmüşdü.
Nəhayət çətinliklə Salyandan çıxıb, bu dəfə də Şirvan rayonu ərazisi olan Mahir Mirzəyev küçəsindən çala-çuxur yollarla irəlilədikcə qaranlıqda bir baxdıq ki, sən demə küçə boyu işıq dirəkləri var imiş, sadəcə ya işləmirlər, ya da bu yolla enerjiyə qənaət edirlər.
Adlarını çəkdiyimiz hər iki rayonun rəhbərliyinin və Avtomobil Yolları Dövlət Agentliyinin bugünə qədər bu problemlərə laqeyd qalmasının səbəbinin bütün bunlardan xəbərsiz olmaları demək deyil hər halda...
P.S: Sakinlərin gileyi və gördüyümüz mənzərələr barəsində rayon rəhbərliyinin də mövqeyini dinləmək məqsədilə Salyan Rayon İcra Hakimiyyətində İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev ilə telefon əlaqəsi saxladıq. Aqşin Babayev, "Rəhbərliyin icazəsi olmadan heç bir söz deyə bilmərəm. Gəlsin özündən soruşum sonra deyərəm" - dedi.
Bunun üçün təqribən nə qədər gözləməli olduğumuzu israrla soruşsaq da, Aqşin Babayev birmənalı olaraq, "bilmirəm" deyə cavab verdi.
Şirvan şəhər İcra Hakimiyyətində İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva isə bir neçə dəfə təkrar zəng etdiyimizə baxmayaraq, ümumiyyətlə dəstəyi qaldırmadı.