"Üstü bəzək altı təzək" məsəlini müasir Bakıya NİYƏ aid edirlər? - TƏHLİL


Azərbaycandakı sosial vəziyyəti, regionların inkişafını Bakıdakı tıxaclara baxaraq qiymətləndirənlər var. Bu metodla araşdırmasız analiz aparan ekspertlərin fikrincə, sosial durum yaxşı olsa, məşğulluq düzgün aparılsa, tıxaclar “çaspik”dən o yana çıxmaz. Və əgər bölgələrin sosial-iqtisadi inkişaf planı icra olunsa, camaat Bakıya axışmaz, xüsusi saatlarda tıxac yox, ən pis halda sıxlıq ola bilər.
KONKRET.az xəbər verir ki, problemin səbəbləri bununla bitmir. Sözügedən mənzərə ölkənin paytaxtının yol infrastrukturundakı yeyinti, XX əsrin geridəqalmışlığında addımlamaq reallıqlarını da ortaya qoyur.


İş o yerə çatıb ki, Milli Məclisdə Fazil Mustafa Azərbaycanda Monqolustan şirkətlərinin tenderinə şərait yaradılması təklifi ilə çıxış edib. Bu təklifi son dövrlər parlamentdə səsləndirilən ən böyük satira da adlandırmaq olar. Yəni Avropanın acından öldüyünü, Amerikanın xarici borcunu problem kimi tirajlayan inkişaf etmiş Azərbaycanın paytaxtı Bakının yolları Monqolustan təcrübəsinə möhtacdır. Əlbəttə ki, bu bir kinayədir. Bizim müvafiq şərait yaradılan və işsiz qalan mütəxəssislərimiz var. Sadəcə, yeyinti faktoru problemləri həll etmir. Bakının yolları “üstü bəzək altı təzək” durumundadır. Problem Azərbaycanın bütün şəhərlərində eynidir. Çünki strukturların əsas konsepsiyası olan yeyinti dəyişməz olaraq qalır.
Nümunə kimi, Xırdalanın giriş və mərkəzi hissəsi barədə bir faktı deyim ki, Abşeron rayon polis idarəsi ilə üzbəüz yolda piyada səkisi yoxdur. Səbəb isə digər problemi gizlətməkdir. Belə ki, həmin hissə hündür və bəzəkli daş hasarla örtülüb ki, şəhərin qonaqları çəpərin arxasındakı eybəcərlikləri görməsin. Bakıda da “Xutor” misalı bu cür hasarlanan yerlər çoxdur. Elə hava limanından, yaxud Qaradağdan şəhərə girənə kimi çəpərlə mühasirəyə alınmış yollar müasir Azərbaycanın qədimi baxımsızlığını gizlətmək üçündür.
O ki qaldı yollar, mövzunu daha əvvəl də işıqlandırmışıq. Asfaltlayıb, sonra tramvay xəttinin ləğvi bəhanəsilə təzə örtüyü təzədən dağıdaraq ardınca yolu asfaltlamaq naminə yenə büdcədən pul qopardan qurumların olduğu ölkədə heç nə öz yolunda deyil. Bakı şəhərinin yolları SSRİ dövründəki plan üzrə qurulub, 1-2 tunellə, avtoban və körpünü çıxmaqla 1991-dən bu yana heç bir yenilik yoxdur. Camaat (Çin) 30 ilə yeni şəhərlər salır. Biz isə yeni yol salammırıq. Yeniləmə adı ilə büdcədən ayrılan pulların yenidən yeyilməsi xaric, demək olar ki, heç nə edilmir. Köhnə yolları yamamaqla tıxacı aradan götürmək və təhlükəsiz nəqliyyata şərait yaratmaq alınan iş deyil.
Müasir Azərbaycan əhalisinin 50 faizə qədəri Bakıdadır. Sumqayıt və Xırdalan şəhər sakinlərinin əksəriyyəti işləmək üçün paytaxta üz tutur. Belə bir sıxlıqda isə sovetdən qalma yollar işə yaramır, cənablar. Stalin və Xruşşovdan qalma binaları sökdülər, qaldı yollar!
• 1959-da Bakıda 987 min;
• 1979-da 1 milyon 549 min;
• 1999-da 1 milyon 788 min;
• 2009-da 2 milyon 45 min insan yaşayıb.
2021-ci ilin rəsmi məlumatına görə, Bakı şəhərinin rəsmi qeydiyyatda olan əhalisinin sayı 2 milyon 300 min 500 nəfər təşkil edib. Lakin qeyri-rəsmi məlumatlara görə hazırda əhalinin yarıya qədəri, 4 milyondan çoxu Bakıda yaşayır. Bakı isə bu sıxlığa tab gətirmir. Ona görə də ötən il bəzi deputatlar paytaxtın köçürülməsi, yaxud yəni şəhərin salınması ideyası ilə çıxış edirdilər. Əslində Türkiyədəki İstanbul-Ankara misalında ağıllı fikirdir. Amma nə danışırsız? Sovet İttifaqı dövründən Bakıda “sovremenni”lər yaşayıb. Yəni “russkoyazıçnı” azərbaycanlıların Bakıdan başqa yerə köçməsi inandırıcı görünmür.
Halbuki Bakının maksimum 10 faizində (Bulvar-Tarqovu) müasirlik hiss olunur, digər hissələri elə yolları kimi bərbaddır. Onsuz, paxtaxtın başqa şəhərə köçürülməsi də Bakının yol problemini həll etmir. Yol probleminin yoluna düşməsi üçün bəzi məmurların düz yola gəlməsi lazımdır. Bu isə qeybdən ruzi gözləmək, yaxud rus sülhməramlıların Qarabağdan çıxacağı kimi abstraktdır.
KONKRET.az-ın Araşdırma Qrupu
Tarix: 30-12-2022, 21:20
Xəbəri paylaş





Xəbər lenti