“Yeriyəndə zibil ayağa dolaşır, itlər də bir tərəfdən düşür adamın üstünə…”


Bir ay əvvəl abadlaşdırılmasına 2.7 milyon vəsait ayrılan Gəncənin sakinləri narazıdır…
Gəncə sakinləri büdcədən şəhərin abadlaşdırılması üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini iddia edir. Onlar xüsusən şəhərin müəyyən hissələrində zibillərin daşınmaması, küçələrin işıqlandırılmamasından, yolların bərbad vəziyyətdə olmasından narazılıq edirlər. Deyirlər ki, bu barədə bələdiyyədən tutmuş, Gəncə Şəhər İcra Hakimiyyətinə qədər müxtəlif qurumlara şikayət ediblər. Lakin problemlər həllini tapmır.
“Başdan-ayağa antisanitariyadır”
Solmaz Məmmədova deyir ki, Gəncə şəhəri Azərbaycan küçəsində yolların kənarına tökülmüş zibillər ətrafa üfunət yayır:
“Hər yerə müraciət olunub ki, buralara zibil qabıları qoyun, adamlar zibilləri atsın. Başdan-ayağa antisanitariyadır. İşıqlandırma da yoxdur deyə, axşamlar göz-gözü görmür, yeriyəndə zibil ayağa dolaşır. Küçənin sağı da, solu da zibillikdir”.
Gəncə sakininin sözlərinə görə, işıqlandırma olmadığına görə həmin ərazidə oğurluq hallarının sayı da artıb. Deyir ki, elə ev var, son vaxtlar, 4 dəfə oğurluq olub:
“Düzdür, polis üstünü açır, oğrunu tapır, amma niyə baş verməlidir axı?! Qaranlıqdan istifadə edib, evlərə girirlər. Qaranlıqda o ərazidə qorxudan piyada gəzmək də olmur. Zibillikdə eşələnən itlər də bir tərəfdən düşür adamın üstünə…”
“Bu qədər pul hara gedir?”
Şahin Əliyev də onun dediklərini təsdiqləyir. Deyir ki, bu ərazinin asfalt örtüyü də pis vəziyyətdədir.
“Yağış yağanda bərbad gündə olur. Palçıqdan keçmək olmur. Bildiyimizə görə, Gəncənin abadlaşdırılmasına, işıqlandırılmasına görə bu qədər pul ayrılır, bəs hara gedir? Niyə bu problemlər qalır? Bizə – adi vətəndaşlara hörmət eləmirlər, heç olmasa, şəhidə, onun ruhuna hörmət eləsinlər. 44 günlük müharibədə şəhid olan Nicat Qasımov da bu küçədə yaşayırdı…”, – Şahin Əliyev bildirib.
Sakinlər özləri atır”
Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, məişət tullantıları əraziyə sakinlərin özləri tərəfindən atılır. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik şöbəsinin işçiləri ərazidə təmizlik işləri aparıb.
İcra hakimiyyəti ərazidə zibil qutularının olmaması haqda iddiaları təkzib edib: “Məişət tullantılarının yığılması üçün iki ədəd zibil qutusu qoyulub”.
Gəncə şəhərində Azərbaycan küçəsinin işıqlandırılması məsələsinə gəlincə, icra hakimiyyətindən bildirilib ki, bu küçədə bütövlükdə müasir küçə işıqlandırması sistemi quraşdırılıb:
“Həmin küçəyə bitişik ərazilərin işıqlandırılması isə mərhələli şəkildə həyata keçiriləcək”.
2.7 milyon hansı şirkətə verilib?
Bir ay əvvəl Gəncədə abadlıq işlərinə 2.7 milyon manatdan artıq vəsait ayrılıb. Noyabrın sonunda açıqlanan tender nəticələrinə görə, abadlıq işləri “Gəncə Körpü Tikinti-2” ASC-yə həvalə olunub. Şirkətlə Gəncə Şəhər İcra Hakimiyyəti arasında 2 milyon 725 min 267 manatlıq müqavilə imzalanıb.
Tarix: 1-01-2023, 13:57
Xəbəri paylaş





Xəbər lenti