Nəsimi rayonunda "köhnə hamam, köhnə tas" prinsipi hökm sürür - DAHA BİR RƏZALƏT

Faktdır ki, bu gün sakinləri daha çox narahat edən, rayonun ümumi görünüşünə, küçə və döngələrinin təmizliyinə xələl gətirən başlıca səbəblərdən biri də, ərazilərdə küçə ticarətinin tüğyan etməsidir. Söz yox ki, qanunsuz küçə ticarətinin fəalyyət göstərməsinə Nəsimi Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahibləri tərəfindən “yaşıl işıq” yandırılır ki, bunu rayonun küçə və döngələrində, piyada keçidlərinin həndəvərində, səkilərdə, dayanacaqlara yaxın ərazilərdə, yaşayış binalarının qarşısında və digər yerlərdə görmək mümkündür.


Ötən yazılarımızdan birində ictimaiyyətin diqqətinə çatdırmışdıq ki, Nəzimi Rayon ərazisində, “Memar Əcəmi” metrostansiyasından üzü “Yeganə” şadlıq sarayına doğru gedən yolda, yəni Hüseynbala Əliyev və Seyid Cəfər Pişəvəri (əvvəlki adı Cavadxan) küçələrində, ölkə rəhbərliyi tərəfindən qadağan edilmiş küçə ticarətinin fəaliyyət göstərməsinə şərait yaradan bəzi vəzifə sahibləri, verilmiş qərarı bu gün də saya salmırlar. Belə bir səbəbdəndir ki, hal-hazırda Nəsimi rayonunun mərkəzi əraziləri bir növ “Qaraçı bazarı”nı xatırladır və bu rayonun ərazilərinə yaraşmayan, küçə və döngələrini çirkləndirən, zibilləyən, antisanitariya vəziyyəti yaradan, rayonun görkəmini eybəcərləşdirən, insanların rahatlığını pozan küçə ticarəti, məhz gündəlik hər kəsə hər cür problemlər əmələ gətirməkdədir. O da əksəriyyətə məlumdur ki, 2014-cü ildən qanunsuz küçə ticarəti ilə məşğul olanların fəaliyyətinin qadağan olunmasına və bu işlə məşğul olanların inzibati məsuliyyətə cəlb olunmasına başlanıb. İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən qanunsuz küçə ticarətinə, yəni icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə məbləği təyin olunub. Bütün bunlara baxmayaraq Nəsimi RİH Aparatında çalışan bəzi vəzifə sahiblərinin küçə ticarətinə şərait yaratmaları, sanki bu rayonu sağalmaz dərdə salıb.

Amma onu da unutmaq olmaz ki, bir kimsə Nəsimi RİH Aparatında çalışan və küçə ticarətinə cavabdehlik daşıyan vəzifə sahiblərinin icazəsi olmadan hansısa daşı daşüstə qoya bilməz. Bütün bunlara baxmayaraq, hal-hazırda bəzi vəzifə sahibləri bu rayonun ərazilərində küçə ticarətini şəxsi nəzarətlərində saxlayırlar və bununla da maddi maraqlarının təmin olunmasını həyata keçirirlər. Əslində bu cür addım qanundankənar fəaliyyətdir və bu gün həmin şəxslər  öz məsuliyyətlərini dərk etmirlər. 

Ötən yazımızda qeyd olunan qanunsuz küçə ticarəti ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev gundemxeber.az-ın redaksiyasına bildirmişdir ki, “artıq neqativ hallar  Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən adıçəkilən ərazidə  aradan qaldırılıb və antisanitar hala səbəb olan küçə ticarətinin qarşısı alınmışdır". Amma buna baxmayaraq, "sən saydığını say, gör fələk nə sayır" prinsipinə sadiq qalan icra hakimiyyətinin səlahiyyətli şəxsləri öz bildiklərindən əl çəkmirlər. Baxmayaraq ki, ərazi üzrə polis əməkdaşlarının müdaxiləsindən sonra, küçə ticarəti yığışdırılmışdı. Amma yerli icra məmurları "köhnə hamam, köhnə tas" ideologiyalarının dəyişmədiyini, yenilik və irəliləyişin olmadığını bildirməkdə davam edirlər...

GundemXeber.Az


Tarix: 10-01-2023, 09:08
Xəbəri paylaş





Xəbər lenti