Məmurların mərmər biznesi: - Onu yerə döşəmək korrupsiya əməlidir
Bakıya qarın yağması paytaxtda bir sıra problemləri yenidən gündəmə gətirib. Yağan qar Bakıda bir sıra səkilərdə, piyada keçidlərində hərəkəti çətinləşdirib. Piyada keçidlərində yerə vurulmuş mərmər döşəmələr, eləcə də səkilərə döşənmiş mərmər üzlüklər sakinlərin həyatına sözün əsl mənasında təhlükə yaradıb. Paytaxt sakinləri qarın parklarda yaratdığı füsünkar gözəlliyi də kənardan izləməli olublar. Çünki, Bakıda bağ və parkların çoxuna mərmər döşəmələr vurulub. Paytaxtın abadlaşdırılması zamanı bahalı mərmər döşəmələrlə Bakını gözəlləşdirdiklərini zənn edən məmurlar beləcə piyadaların qışda hərəkətini müşkülə çeviriblər. Dünən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib. Həmin müraciətdə bildirilib ki, piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar. Travmotoloq-ortoped Türkel Hüseynoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qarlı hava şəraitində travmalarla bağlı müraciətlər artır. Onun sözlərinə görə, pasiyentlər daha çox yuxarı və aşağı ətraf travmaları ilə bağlı müraciət edirlər. T. Süleymanoğlu mərmər döşəmələrdə qarlı və şaxtalı havada hərəkətin təhlükəli olduğunu söyləyir: "Travmalar müxtəlif cür olur. Buzlu yolda sürüşərkən aşağı və yuxarı ətrafların sınığı, bilək sınığı baş verə bilər. Ona görə, xüsusilə yaşlı insanlar diqqətli olmalıdır. Çünki onlarda sümüyün kiçik travmadan sınma riski daha yüksəkdir. Ümumilkdə isə qarlı hava şəraitində hər kəs ehtiyatlı olmalıdır. Mərmər səkilərdə, piyada keçidlərində isə daha diqqətli olmaq lazımdır. Çünki bu cür materaldan istifadə edilmiş keçidlərdə travma almaq riski daha yüksəkdir". Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirdi ki, piyada keçidlərinə, parklara mərmər döşənməsi azmış kimi sahibkarlar obyektlərinin qarşısına da mərmər döşəyirlər. Ekspert əksər hallarda aidiyyatı qurumların buna göz yumduğunu bildirdi: "Şəhərsalma qaydalarına nəzarət olunmur. Yol kənarında ticarət və iaşə obyektləri tikilir. Təmir tikinti sahəsində konkret standart olmadığına görə hər kəs istədiyi materialdan istifadə edir. Kimin ağlına nə gəlir, onu da reallaşdırır. Bakıda səkilərin hündürlüyündən tutmuş, sürüşkən materialdan istifadəyə qədər hər biabırçılığın şahidi oluruq. Vəziyyətin bu həddə çatması şəhərsalmaya nəzarətin zəif olmasından qaynaqlanır. Dəfələrlə sürüşkən döşəmə səbəbindən neçə nəfərin qol-qıçının sındığının şahidi olmuşam. Şəhərsalmaya nəzarət edən aidiyyatı qurumlar piyada təhlükəsizliyinə riayət etməlidir. Mövcud vəziyyət aidiyyatı qurumların gözü qarşısında baş verir". E. Muradlı vaxtıilə tikilmiş piyada keçidlərinə vurulmuş mərmər üzlüklərin piyadaların həyatını təhlükəyə atdığını da qeyd edib: "Piyada keçidi piyadanın həyatını təhlükədən qorumaq məqsədilə inşa edilir. Bizim qurumların yarıtmaz işi nəticəsində piyada keçidləri qışda onların həyatına təhlükə yaradır. Bu problem aradan qaldırılmalıdır". Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, Agentlik tərəfindən son illər inşa edilən yeraltı piyada keçidlərində bu məqam nəzərə alınır. Keçidin döşəməsinə sürüşkən olmayan materiallar vurulur: "Mərmər döşənən keçidlər Agentlikdən əvvəlki qurum tərəfindən inşa edilib. Bizim qurum piyada keçidlərinin inşası zamanı bu məqamı nəzərə alır. Gələcəkdə ola bilər ki, mərmər döşənən keçidlər sürüşkən olmayan materiallarla əvəzlənsin". Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mərmər üzlüklərdən istifadə bəzən şəxsi məqsədlərə xidmət edir: "Bir vaxtlar Milli Məclisin qarşısına da mərmər qranit vurmuşdular. Sürüşkən olduğundan söküldü. Parklarda, piyada keçidlərində yerə mərmər döşəmək heç bir məntiqə sığmır. Sözsüz ki bu mərmərdən istifadə korrupsiya əməlidir. Kiminsə mərməri satılsın deyə, hansısa məmur qazansın deyə həmin qranitlər büdcə hesabına alınaraq yerə döşənib. Yoxsa niyə bilə-bilə ki, bu, sürüşkən materialdır, onu baha qiymətə alıb yerə döşəsinlər? Milli Parkda da bu problem vardı. Bizim ənənəmizdə bir yerin sökülüb dəfələrlə təmir edilməsi var. Burada korrupsiya izi olduğu aydındır. Ona görə də ən azı insanların həyatını bu təhlükədən qurtarmaq üçün o mərmərləri sürüşməyən materialla əvəzləmək lazımdır".