Əlvida, “Trudovoy”...


 

Əmək kitabçalarının ləğvi başlayır-ekspertlər bu yeniliyin faydalarını dəyərləndirdi

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək münasibətləri sferasında gözlənilən  dəyişiklilərlə bağlı danışıb.
O, vətəndaşların əmək kitabçalarını dövriyyədən çıxarmağı planlaşdırdığını vurğulayıb. “Əmək və Sosial Müdafiə Nazirliyi vacib hüquqi islahatlar hazırlamaqdadır. Yaxın gələcəkdə bu paketin hökumətə təqdim olunacağı gözlənilir, onun qəbulundan sonra isə biz nəinki fiziki əmək kitabçalarını dövriyyədən çıxaracağıq, həm də bütün sənəd dövriyyəsi rəqəmsal mühitdə aparılacaq”, deyən Abbasbəyli həmçinin ilk əmək kitabçalarını 2014-cü ildən sonra alan vətəndaşların gələcəkdə işəgötürənə təcrübəsini təsdiqləyən kağız daşıyıcı təqdim etməli olmayacaqlarını vurğulayıb.
"İlk əmək kitabçalarını 2014-cü ilədək almış vətəndaşları onu saxlamalıdır, belə ki, bu onlara əmək münasibətlərinin tənzimlənməsi prosesində və pensiya yaşına çatdıqda lazım ola bilər", - o əlavə edib.

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, təbii olaraq sənədlərin kağız daşıyıcılardan elektron formata keçməsi məsələsi bir neçə ildir ki, artıq ölkədə vüsət alıb: “Müxtəlif platformalar yaradılıb və tədricən də bütün sənədlər artıq elektron versiyaya keçir. Nə qədər bu, sürətlə həyata keçirilsə, insanlar üçün, eyni zamanda şəffaflığın təmin olunması üçün, bürokratik əngəllərin aradan qaldırılması üçün, saxta sənədlərin yaradılmaması üçün elektron bazanın formalaşması bir o qədər müsbət addım olar. Məsələyə bu kontekstdən yanaşdıqda məhz əmək kitabçalarının da elektronlaşmasına çox böyük ehtiyac var. Saxta əmək kitabçalarının düzəldilməsinin qarşısının alınması, fiziki olaraq köhnəlmişlərin sonradan problemlər yaratmaması, yeni işə götürənə müraciət edərkən, işə düzəlmək istəyən şəxslər üçün əlavə problemlərin olmaması aradan qalxacaq. 2014-cü ildən sonra kimlərin ki, əmək kitabçası var, onlar elektronlaşdırılacaq. Onların daşınmasına ehtiyac olmayacaq”. İqtisadçı narahatlıq doğuran bir məqama da toxunub: “Əmək kitabçaları elektronlaşdırılan zaman mütləq şəkildə ciddi nəzarət olunmalıdır. Məlumatlar elektron qaydaya salınarkən son dərəcə diqqətlə edilməlidir. Məlumatlar elektron bazada diqqətli şəkildə yerləşdirilməyəndə bir hərfin səhv olması insanlar üçün ciddi problemlər yaradır. Yəni elektron hökumət portalı yaradılarkən şəxsiyyət vəsiqələrinin, digər sənədlərin elektron versiyası yaradılan zaman elektron platformaya əməkdaşlar bilavasitə məlumatları skan edərək, yəni üzünü köçürərək, fərdi qaydada daxil edirlər. Qələmlə yazılmış əlyazmalar informasiya şəklinə çevrilir və bazada yerləşdirilir. Daha sonra sistemə inteqrasiya olunur. Əllə yazılan yazıları elektron qaydada daxil edərkən hərf səhvlərinə yol verilir. Mən bu məsələni ciddi şəkildə vurğulamaq istəyirəm. Şəxsən mən özüm bu problemlə qarşılaşmışam, tanışlarımda da oxşar hallar olub. Şəxsi məlumatlar bazaya daxil olarkən yanlış formada olub. Misal üçün, oxşar həriflər doğru daxil edilmir. Bir-üç il sonra elektron xidmətlərə müraciət edən zaman vətəndaş yaxınlaşıb sənədi verir, bazada çıxan adla sənəd arasında fərq, hərf səhvi olur. Ona görə də kağız daşıyıcı sənədləri elektron platformaya keçirəndə mütləq bu işi icra edən şəxslərə ciddi tapşırıq verilməlidir.  İllər, rəqəmlər, stajlar, müəssisələrin adı bütün məlumatlar dəqiq köçürülməlidir. Yoxsa problem yaşanır. Biz vətəndaşa kömək etmək istəyirik, amma informasiya dəqiq köçürülmədiyi zaman ciddi problemlər yaşanır. Digər məsələ, 2014-cü ildən sonrakı illəri bildik, lap yaxşı. Düşünürəm ki, perspektivdə strateji yanaşaraq 2014-dən sonra deyil, daha əvvəlki illərin də tədricən də olsa, elektron formada  bazasının yaradılmasına baxmaq lazımdır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə deyib ki, əmək kitabçalarının elektronlaşması həm işçilərin, həm dövlətin, həm də işəgötürənlərin xeyrinədir: “Məsələn, Rusiyada hesablayıblar ki, əmək kitabçaları dövriyyədə qaldığına görə hər il dövlət 12 milyard, biznes isə 50 milyon rubl ziyan çəkir. Azərbaycanda bunu hesablayan olmayıb. Amma bizdə də işəgötürənlər xeyli itkilərə yol verir”.
Ekspert əlavə edib ki, əmək kitabçalarının ləğvinin dövlətə, işçiyə və işəgötürənə əhəmiyyəti var:  “Əmək kitabçaları elektronlaşandan sonra müəssisələrdə bununla bağlı ştatlar ləğv ediləcək. Elə müəssisələr var ki, 500-1000 işçisi var. Əmək kitabçalarının uçotu, jurnalı, ciddi hesabat blankı var. Onun dövriyyəsini təşkil etmək lazım olur. Bir neçə işçi buna cavabdeh olmalıdır. İşəgötürənlərə bu məsələnin xeyri odur ki, əmək kitabçası ilə bağlı ştatları ləğv edəcəklər. Dövlətə isə xeyri odur ki, bu məsələ ilə bağlı nəzarəti həyata keçirməyə ehtiyac qalmayacaq, hamısı elektronlaşacaq.  İşçi isə özü ilə iş yerlərinə bu sənədi daşımayacaq və surətini notariusda təsdiqlətməyəcək”.
Tarix: 13-01-2023, 09:44
Xəbəri paylaş





Xəbər lenti