Zakir Qaralovun oğlanları 4 kəndə gedən suyu niyə KƏSİB? – İdarə rəisindən ABSURD AÇIQLAMA
Goranboy rayonunun 4 kəndi illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyu çatışmazlığından əziyyət çəkir.
Siam.az bildirir ki, bu şikayətlə Bizim.Media-ya rayonun Tatarlı kənd sakinləri adından Sahib Məmmədov müraciət edib.
Onun sözlərinə görə Goranboyun Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərinin suvarma suyu kəsilib. Buna səbəb isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığıdır:
“Qaraçay çayından kəndimizə su gəlirdi. İndi o suyu qurudublar. Qarqucaq kəndindən bu tərəfə o suyu keçməyə imkan vermirlər. Su məsələsi qaldıran kimi də deyirlər ki, “keçmiş baş prokuror Zakir Qaralovun oğlanları kəsib suyunuzu. Bizlik bir şey yoxdur” Belə çıxır ki, Zakir Qaralovun oğlanları Qaraçaya yiyələnib və 4 kəndin suyuna qənim kəsiliblər. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhəllələrdə meyvə ağaclarımız quruyub, əkinlərimiz də batıb.
Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Tək bizdə, deyil eyni problemlə digər kənd sakinləri də üz-üzədir. Artezian quyusu isə yoxdur. İcra başçısı iki aydan bir kənddə yığıncaq keçirir, müəyyən vədlər verir, amma problem yenə də eyni... Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur. Mən anlamıram təbiətin suyuna necə yiyələnmək olar? ”
Şikayətçi əlavə edib ki, Goranboyun torpaqları çox məhsuldardır, hətta sitrus meyvələrinin yetişdirilməsi üçün də yararlıdır. Amma suyun olmaması çəkilən zəhməti də hədər edir.
Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov Bizim.Media-ya açıqlamasında suvarma suyu ilə bağlı problemin olduunu təsdiqləsə də, cavabı maraqlı və absurd olub:
“Suvarma suyu ilə bağlı problem Goranboyun hər bir kəndində var. Tatarlı kəndinə su Qaraçaydan gəlir. Çayda isə su yoxdur, quruyub və azalıb. Tatarlıya qədər isə 14 kənd var, gəlib çatmır. Sakinlər də, mən də heç nə edə bilmərik. Bu, təbiətin şıltaqlığıdır, heç nə mümkün deyil”.
Artezian quyusunun qazılmasına gəlincə İlqar Məhərrəmov yalan-doğru bu istiqamətdə işlər görüləcəyini deyib. O, deyib ki, bu il Tatarlı kəndində bir artezian quyusunun qazılması nəzərdə tutulub.