44 günlük Vətən müharibəsinə öz vəhşilikləri ilə damğa vuran Ermənistan bu müharibədə dinc insanları raket zərbələrinə məruz qoymaqla yanaşı, həm də təbiətə divan tutmaq, onun bütün komponentlərini məhv etmək səyi ilə yadda qaldı. 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarında canlı təbiəti sözün həqiqi mənasında qətliyama məruz qoyan Ermənistan, müharibənin gedişində də təbiətə düşmən xislətini nümayiş etdirdi. Bir tərəfdən Azərbaycanın iri yaşayış məskənlərini qadağan edilmiş raketlərlə atəşə tutan Ermənistan, digər tərəfdən meşələri yandırır, su mənbələrini zəhərləyir, hər tərəfə ölüm saçırdı. Ermənistan 44 günlük müharibə zamanı Şuşa meşələrini fosforlu bombalarla yandırıb ki, bu da dünya tarixində bənzəri olmayan bir vəhşilikdir. Dünya tarixində ilk dəfə olaraq meşələrin məhvində kimyəvi bomba tətbiq edilib. Bu faktın özü Ermənistanın 44 günlük Vətən müharibəsində təbiətə münasibətdə də böyük vəhşiliklərə yol verdiyini göstərir.
Ermənilərin təbiətə atdığı mərmilər insanlığı necə hədəf alıb? Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın meşələrin məhv edilməsində kimyəvi bombalardan istifadə etməsi təbiətin məhv edilməsində hərbi kimya sənayesinin məhsullarından istifadə ilə bağlı dünya tarixində ilk və yeganə faktdır. Bugünə qədər təbiətin bu üsulla məhvinə rast gəlinməyib. Ümumiyyətlə, heç bir müharibədə təbiətin məhv edilməsi əsas məqsəd kimi qarşıya qoyulmayıb. Yalnız Ermənistan 44 günlük Vətən müharibəsində dinc azərbaycanlılara qarşı qətliyam törətməklə yanaşı, həm də təbiətin məhvi istiqamətində sistemli addımlar atıb, insanlıqla yanaşı, eyni zamanda təbiətə düşmən olduğunu ortaya qoyub.
Əslində Ermənistanın Vətən müharibəsində təbiətə divan tutması onun bütün insanlığın gələcəyini hədəf alması demək idi. Çünki təbiətsiz insanlığın var olması mümkün olmadığı üçün, ermənilərin təbiətə atdığı hər mərmini insanlığa atılan mərmi kimi dəyərləndirmək mümkündür.
Bütövlükdə, işğal dönəmində Ermənistan təbiətə amansız zərbələr vurub, bəşəriyyətə qarşı “yaşıl soyqırım” törədib. 30 il ərzində Şuşa, Kəlbəcər, Laçın, Zəngilan və digər rayonlarımızdakı qiymətli ağac növləri kəsilərək xarici ölkələrə satılıb, digər ağaclardan oduncaq kimi istifadə edilib, su mənbələri və torpaq örtüyü məqsədli şəkildə çirkləndirilib. Nəticədə, 500-dən çox vəhşi təbiət növünün mövcudluğu təhlükə altına düşüb.
Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji qətliam fauna aləminə də mənfi təsir göstərib. Meşələrdəki qiymətli fauna növlərinin bir çoxu məhv edilib.
Ermənistanın “yaşıl soyqırım” siyasəti ilə bağlı narahatlıq doğuran əsas məqamlardan biri də bu gün də eyni cinayətlərin təkrarlanmasıdır. “Qızılbulaq” və “Dəmirli” yataqlarından qanunsuz istifadə nəticəsində ekologiyaya ciddi ziyan dəyib ki, ekofəallarımızın ötən ilin 12 dekabr tarixindən başlatdığı etiraz aksiyası həm də bu qanunsuzluğun araşdırılması zərurəti ilə bağlıdır.
Azərbaycan əsgərindən imdad diləyənlər təbiətə aman vermədi... Ermənistanın təbiətə nifrəti və bu nifrətdən qaynaqlanan “yaşıl soyqırım” siyasəti 44 günlük Vətən müharibəsindən sonra da davam edib, bir-birindən qorxunc mənzərələrin meydana çıxmasına səbəb olub. Buna nümunə olaraq 10 noyabr Bəyanatından sonra Laçın və Kəlbəcəri tərk etmək üçün Azərbaycandan möhlət istəyən ermənilərin, bu zaman kəsimində təbiətə qarşı törətdiyi vəhşilikləri göstərmək olar.
Müharibədən sonra Laçın və Kəlbəcəri tərk etmələri üçün onlara verilən müddət ərzində də ermənilər bu zamandan məkrli məqsədlər üçün istifadə ediblər. Azərbaycan tərəfinin humanizmindən sui-istifadə edən ermənilər bu müddətdən ərazilərin minalanması və meşələrin məhvi üçün yararlanıb, təbiətə qarşı misilsiz vəhşiliklər törədib. Möhlət hüququndan istifadə edərək meşələri kütləvi şəkildə yandıran ermənilər, meyvə ağaclarını doğrayaraq odun kimi Ermənistana daşıyır, ən son anda belə təbiətə qəsd etmək niyyətlərini davam etdirməyə çalışırdılar. Məhz bunun nəticəsidir ki, vaxtı ilə işğal altıdna qalan ərazilərdə meşə örtüyünün böyük əksəriyyəti məhv edilmiş, ərazi sürətlə səhralaşmış, flora və faunaya ciddi ziyan dəymişdir.
Azərbaycan müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərdə təbiətin bərpası istiqamətində mühüm layihələrə start vermiş, ardıcıl tədbirlər həyata keçirmişdir. Mina təhlükəsi aradan qalxmamış işğaldan azad edilən ərazilərdə təbiətin qorunması, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atan Azərbaycan, bu gün də həmin ərazilərdə kompleks ekoloji layihələr həyata keçirməkdədir. Məhv edilən meşə örtüklərinin bərpa edilməsi, su hövzələrinin zərərli tullantılardan təmizlənməsi, həm suda, həm də quruda flora və faunanın qorunması, torpaq örtüyüyü mədən sənayesinin çirkli tullantılarından xilas edilməsi və s. istiqamətində görülən işlər dövlətimizin ekologiyaya verdiyi önəmi göstərir. Bu layihələr işğaldan azad edilən bütün rayonları əhatə edir ki, bu da Azərbaycanın həyata keçirdiyi ekoloji işin miqyasından xəbər verir.
Ermənistan təbiətə qarşı törətdiyi cinayətlərə görə məhşər ayağında... Xatırladaq ki, hələ işğal dönəmində Azərbaycan dəfələrlə Ermənistanın törətdiyi bütün cinayətlər, eləcə də təbiətə qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb ediləcəyini bildirmiş, bununla bağlı bütün təşkilatlara, o cümlədən, həmçinin beynəlxalq məhkəməyə müraciət edəcəyini vurğulamışdı. 2023-cü il yanvarın 18-də Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq dövlətlərarası arbitraj prosesini başladıb. Azərbaycanın Ermənistana iddiası əsasında başladılan prosesdə məqsəd 30 il ərzində ermənilərin işğalda saxladıqları ərazilərdə həyata keçirdiyi “yaşıl soyqırım” siyasətinə görə məsuliyyətə cəlb edilməsidir. Onu da qeyd edək ki, bu, “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq keçirilən ilk dövlətlərarası arbitraj prosesidir.
Bu gün Ermənistan xalqımıza qarşı həyata keçirdiyi soyqırım siyasəti ilə yanaşı, həm də təbiətə qarşı gerçəkəşdirdiyi “yaşıl soyqırım” siyasətinə görə beynəlxalq məhkəmə qarşısında dayanmaqdadır. Onu da qeyd edək ki, Azərbaycanın Ermənistaan yönəlik iddialarının təmin edilməsi, yalnız ölkəmizin deyil, bütün bəşəriyyətin mənafeyi baxımından mühüm əhəmiyyətə malikdir.
Ermənistanın törətdiyi ekoloji cinayətlərə görə cəzalandırılması beynəlxalq müstəvidə oxşar cinayətlərin qarşısının alınması baxımından da mühüm əhəmiyyətə malikdir. Əgər Azərbaycanın iddiaları təmin olunarsa, Ermənistan kompensasiya ödəməyə məcbur edilərsə, o zaman dünyamızda oxşar presedentlərin təkrarlanması üçün çəkindirici nümunə formalaşar.
Bir sözlə, indiki halda Ermənistanın ekoloji cinayətlərə görə cəzalandırılması planetimizi gələcəkdə təbiətə qarşı törədilən mümkün qətliamlardan qorumaq baxımından da son dərəcə əhəmiyyətlidir.
Azərbaycana veriləcək kompensasiya Qarabağdakı ekoloji layihələrin icrasını sürətləndirə bilər.
Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın təmin olunması və rəsmi İrəvanın ölkəmizə kompensasiya ödəməsi həm siyasi, həm də ekoloji baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycanın təzminat istəyinin təmin olunması ilk növbədə Ermənistanın törətdiyi ekoloji cinayətlərə görə cəzalandırılması, ədalətin öz yerini tutması baxımından vacibdir.
İkincisi, Azərbaycanın kompensasiya tələbinin təmini Ermənistanın öz cinayətlərinin ağır nəticələrinin ortadan qaldırılması prosesinə cəlb olunmasını təmin edər. Ölkəmizin kompensasiya tələbinin təmin olunması, Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi ekoloji layihələri genişləndirməsinə səbəb ola bilər ki, bu da təbiətin mümkün qədər qısa vaxtda bərpası baxımından önəmlidir.
Onu da qeyd edək ki, Ermənistanın işğal və müharibə dönəmində törətdiyi bütün cinayətlər, eləcə də təbiətə yönəlik vəhşiliklər post-müharibə dönəmində bu ərazilərə səfər edən xarici diplomatlar, əcnəbi jurnalistlər tərəfindən də müşahidə edilmiş, faktaraşdırıcı missiyalar tərəfindən qeydə alınmışdır. Başqa sözlə desək, Ermənistanın müharibə dönəmindəki cinayətləri haqqında beynəlxalq birlik kifayət qədər məlumat və fakta sahibdir ki, bu da erməni cinayətlərinin uğurla ifşa edilməsid eməkdir.
Tarix: 25-01-2023, 21:52