Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ildə keçirdiyi tenderlərdən bir neçəsi şübhəli məqamları ilə diqqət çəkir.Reportyor.info xəbər verir ki, söhbət xüsusilə, 2022-ci il ərzində qazandığı uğurlara görə istedadlı uşaqların mükafatlandırılması üzrə tədbirin və “İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası üzrə və 2022-ci ilin ikinci yarım illiyi üzrə komitənin öhdəliyində olan tədbirlərin təşkili işlərinin satın alınmasından gedir.
Birinci satınalama müsabiqəsinin qalibi olub “NT Texno” MMC olub. Şirkətlə bağlanan müqavilənin maliyyə dəyəri 30300 AZN təşkil edir. Müqavilənin şərtlərindən məlum olur ki, bu məbləğ1 günlük tədbir üçün məkanın icarəsinə (70 nəfərlik), uşaqlar üçün kofe fasiləsinə, 1 günlük zalın tərtibatına, “İstedadlı uşaqlar 2022” adlı 1.5 dəqiqəlik video-rolikə (1 ədəd), bannerə (1 ədəd), xüsusi dizayn olunmuş çantalara (70 ədəd) , xüsusi dizayn olunmuş qələmlərə (70 ədəd), bloknotlara (70 ədəd) və proyektor screen ekrana (1ədəd) sərf ediləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından məlum olur ki, “NT Texno” MMC 21 iyun 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Tahirov Nazim Əbdüləli oğludur.
Şirkət və onun qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. “NT Texno” MMC-nin əlaqə nömrəsinə və veb-səhifəsi də yoxdur.
Burada maraqlı ondan ibarətdir ki, şirkət yarandıqdan 4 ay sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi tenderin qalibi olub. Dövlət satınalmalarının vahid internet portalından məlum olur ki, komitə ilə şirkət arasında müqavilə oktyabr ayında bağlanıb. Şirkət isə iyun ayında qeydiyyata alınıb.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması lazımdır. Dörd ayın şirkəti olan “NT Texno” MMC-nin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür. Hər halda adi veb-saytı olmayan bir şirkətin güclü maddi-texniki bazaya malik olduğuna inanmaq çətindir.
İndisə keçək komitənin keçirdiyi tədbirə. Bu tədbirin nə zaman, harada keçirildiyi barədə internet resurslarında, hətta komitənin öz saytında belə, məlumat tapmaq mümkün deyil. Fikrimizcə, komitə bu barədə açıqlama verməlidir.
Digər tərəfdən, mqavilədə tələb olunanlara 30 min pul xərclənməsi də inandırıcı deyil. Hər halda ekspertlərin fikrincə, belə bir tədbiri 10-15 min manata təşkil etmək mümkündür. Biz hələ uşaqlar üçün kofe fasiləsini demirik. Görəsən, uşaqlara kofe kimi orqanizm üçün ziyanı xeyrindən çox olan kofe içirtmək hansı zərurətdən yaranıb? Bu sualların cavabı açıq qalır və ümid edirik ki, komitə sədri Bahar Muradova sadaladığımız qaranlıq məqamlara aydınlıq gətirəcək.
“İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası üzrə və 2022-ci ilin ikinci yarım illiyi üzrə komitənin öhdəliyində olan tədbirlərin təşkili işlərinin satın alınması ilə bağlı müsabiqənin qalibi isə “A ənd J Holdinq”MMC ilə imzalanıb. Müqavilənin maliyyə dəyəri 260072 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN olan şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur.
Şirkət barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, “A ənd J Holdinq” MMC 18 ildir fəaliyyət göstərir.
Əlibala Məhərrəmzadəyə gəlincə, o, müstəqil auditordur. O, eyni zamanda “Kaspian Audit Kompani” MMC-nin direktorudur. Azəraycan Yazıçılar Birliyinin (AYB) üzvü olan Əlibala Məhərrəmzadə 2010-cu ildə keçirilən parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olub.
Bu tenderdə şübhəli məqamlar müqavilədə qeyd edilən bəzi tədbirlərlə bağlı heç bir məlumatın olmamasıdır. Məsələn, müqavilədə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibət ilə uşaqlar üçün həvəsləndirci tədbir -görüşün təşkili və 30 uşaq üçün hədiyyələrin alınması nəzərdə tutulur.
Belə bir tədbirin keçirilməsi və uşaqlara hədiyyə veriməsi barədə heç bir məlumata rast gəlinmir. Komitənin saytında 3 dekabrla bağlı tədbir keçirilməsi barədə bir neçə məlumat yerləşdirilib. Lakin tədbirin harada və nə zaman keçirilməsi barədə heç bir qeyd yoxdur. Bu tədbirlərin 2022-ci ildə, yoxsa ondan əvvəl keçirildiyi bəlli deyil.
Beləliklə, aydın olur ki, komitənin tender siyasəti dəişməyib. Hicran Hüseynovanın dövründə keçirilən tenderlərdə qaranlıq məqamlar çox olduğu kimi Bahar Muradovanın rəhbərliyi altında keçirilən satınalma müsabiqələrində eyni hallar müşahidə olunur.
Reportyor.info
Tarix: 26-01-2023, 13:00