Süpürgəçi səviyyəsində yaşayan alim 45 manat artımla hansı möcüzələr icad edə bilər?

Süpürgəçi səviyyəsində yaşayan alim 45 manat artımla hansı möcüzələr icad edə bilər?

AMEA-ın işçilərinin maaşlarına uzun illərdir ki, artırılmır. AMEA-ın Rəyasət Heyətinin maaşları ilbəil artsa da, ailmlərin əmək haqları ilə bağlı artım yoxdur. İllərdir elm adamları maaş artımı ilə bağlı qərar gözləyirlər.
 
Bəs, ailmlərin maaşlarının artmamamasına səbəb nədir?
 
Dosent Zaur Əliyev Qaynarinfo-ya açıqlmasında bildirib ki, Azərbaycan elminin inkişafı yalnız alimlərin, tədqiqatçıların, elmi işçilərin peşəkar fəaliyyəti ilə bağlı ola bilməz, təbii ki, onların rifah halının yüksəldilməsi, maaşlarının artırılması çox vacib məsələlərdəndir:
 
"Elmi adı, titulu, elmi dərəcəsi olan insanlar arasında ciddi müzakirə edilən və narazılıqlar yaradan məqamlar var. Ən aktual məsələlərdən biri əməkhaqqı ilə bağlıdır. Elmlər Akademiyası sistemində akademik ən azı 2 min, müxbir üzv 1.500 manat, professor 100, fəlsəfə doktoru isə 60 manat maaş əlavəsi alır. Yəni akademikliyə 2 min manat, professorluğa 100 manat, fəlsəfə doktorluğuna isə 60 manat verilir. Bu gün də Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat oldu. Bu isə cəmi 15 faiz deməkdir. Bəziləri üçün bu sevindirici xəbərdir. Şəxsən mən bir alim olaraq 15 faizə sevinmirəm, öz dəyərimi bilib etiraz edirəm. İzah edim. 15 faiz mənim əmək haqqıma, elmi dərəcəsi və elmi adı olan hər kəsə 45-50 manat təsir edəcək. Yaxşı bu mənim elmi tədqiqatlar aparmağıma təsir edəcəkmi? Alimlər üçün tədqiqat aparmaq indi çox çətindir, söhbət əsl alimlərdən gedir. Mən tədqiqat aparıram və nəticəsini elmi jurnallarda dərc etməliyəm. İndi sanballı elmi jurnallarda məqalə çap etmək üçün ən azı 80-100 manat pul ödəməlisən. Bizdə sanballı jurnallar çox azdır, xüsusən ictimai və humanitar sahədə. Onlar da pul almasalar, çap edilə bilmirlər, çünki maliyyə ayırlmır. Ən azı ildə 6 məqalə çap etməliyəm, üstəgəl də xaricdə sanbalı jurnallarda məqalə dərc etməyi tələb edirlər. Orda da ödəniş ən azı 150 dollardan 1000 dollara qədər tələb edilir. Humanitar və ictimai elmlər üzrə nəşr edilən xarici jurnallarda bizim ölkə alimləri pulsuz dərc edə bilmirlər. Çünki mövzularımız dünya standartlarından uzaqdır. Xarici jurnallarda da sanballı məqaləni pulsuz çap edirlər, bizdə isə sanballı məqalələr çox azdır, ona görə də pul tələb edirlər. 
 
Konfranslarda tezis və yazılarımız dərc edilməlidir. Bu da gedib iştirak etməsən, ən azı 50 manat edir. Bəzi nüfuzlu konfranslarda dərc edilmək 100 dollardan yuxarıdır. İkincisi, mən xaricdə arxivlərdən sənəd almalıyam, sənədin bir vərəqinin surəti 1 avrodan 10 avroya qədər dəyişir. Yaxşı kitablar almalıyam, yeni dərc edilən kitabların təkcə elektron variantı 26 dollardan üzü yuxarı gedir. Almalıyam ki, dünya alimlərinin əsərləri ilə tanış olub, onlardan yeni nəsə öyrənmək olsun. Almasan, oxumasan da, sən özünə savadlı alim deyə bilmərsən. Arxiv sənədləri istifadə etməsən, sənin tədqiqatın heç nədir. Sadəcə söz yığnağı olur. Fakt mühüm əhəmiyyət kəsb edir müasir elmdə. Dünya elmi faktlar yazdığına görə səni qəbul edir. Sonra mən bir alim olaraq kitab yazmalıyam, yazıram 100 kitab ən azı 500 manata çap edilir. Banka borca girib ayda o krediti ödəməliyəm ki, kitab dərc edilsin. Edilir, alan da az olur, əlində 100 kitabdan 60-ı qalır, üstündə yük kimi durur. Kitaba görə də qonorar verilmir ki, motivasiya olsun. Alim elmlə məşğul olmalıdır, elmi iş yazmalıdır, gedib ağır dərs yükü altına girməli deyil”.
 

 
Zaur Əliyev hesab edir ki, bu səbəbdən də dünya elmindən geri qalırıq:
 
"Dünya alimlərinin içərisində bizimkilərin sayı çox azdır. Dünya elm mərkəzləri bizim alimləri humanitar və ictimai elmlərdə qəbul etmirlər. Çünki araşdırmalarımızı aparmaq üçün qeyd etdiyim xərclər olmalıdır, o da yoxdursa, niyə qəbul etsinlər? Məsələn, elmi dərəcə alan fəlsəfə doktoru 60 manat əlavə alır, əziyyətlə müdafiə edib elmlər doktoru olanlara 100 manat verilir. Belə baxanda, cəmi 40 manat artıq alır. Yəni elmlər doktorluğuna və fəlsəfə doktorluğuna görə çox cüzi maaş əlavəsi verilir, amma akademiklər həm 2 min manat əlavə alırlar, həm də onların vəzifə maaşları və digər böyük gəlirləri olur. Onların çoxu müxbir üzvü və akademik olandan sonra, demək olar ki, elmlə məşğul olmurlar. Elmin piarının ən əsas yolu alimləri yaxşı yaşatmaqdan ibarətdir. Bu, elm üçün ən böyük piardır. Əgər alim yüksək maaş alarsa, o zaman elmə axın baş verəcək. Onda alim öz işinə daha bağlı olacaq”.
 
Zaur Əliyev əlavə edib ki, elmin piarına ən böyük zərbə vuran amil alimin nüfuzunun aşağı salınmasıdır:
 
"AMEA-nın Rəyasət Heyətinin maaşları yenə də qalxıb. Sual olunur, niyə Rəyasət Heyətinin maaşları artır, amma sıravi AMEA əməkdaşlarının yox? Bunun səbəbini hökümətdən, ya da elə Maliyyə Nazirliyindən bir nəfər qalxıb məntiqli şəkildə izah edə bilərmi? Axı baş verən qiymət artımı hamının büdcəsində çatışmazlıq yaratdığı kimi, alimlərin də ailə büdcəsində ciddi çatışmamazlıqlar yaradıb. Bəlkə hökumətdə elə hesab edirlər ki, alimlər hansısa "icad”ları ilə qiymət artımının fəsadlarından yayına biliblər? Bu gün alim deyil, süpürgəçi səviyyəsində yaşamağımıza səssiz qalanlar elmə və elm adamlarına belə münasibəti həm gənc alimlərə, həm də elmimizin gələcəyinə qarşı ədalətsizlik deyilmi?”
 
İqtisadçı ekspert Rəşad Həsənova görə, alimlərin maaşlarının artmaması elmə olan hörmətsizliyin göstəricisidir:
 

 
"Əslində, tədqiqat və araşdırmalar sahəsinə ayrılan vəsaitlərin ümumdaxili məhsulun həcminə görə ən aşağı göstəricilərdən biri Azərbaycandır. Dünya bankının qiymətləndirmələrinə görə, Türkiyə 1%-in üstündədir, Gürcüstan 0,4-05% ətrafında, Azərbaycanda isə 0,2%-ə çatmır. Bu baxımdan Azərbaycanda vəziyyət yaxşı deyil. Xüsusi ilə dövlət tərəfindən maliyyələşmədə problem var, eyni zamanda biznesdə rəqabətliyin zəif olması səbəbindən, özəl sektorda bu istiqamətə yönələn vəsaitlərin həcmi qənaətbəxs deyil”.
 
Rəşad Həsənov deyir ki, alimlərin maaşının artmaması düzgün deyil:
 
"Məsələ ondadır ki, elmə dəyər verilməlidir. Müstəqillik dövründə, xüsusi ilə də ölkədən beyin axınının əsas səbəblərindən biri dəyərvermənin aşağı olmasıdır. Bu da ciddi problemdir. Beyin kapitalı olmayan ölkədə uzunmüddətli inkişafdan danışmaq olmaz. Bunun nəticəsində də biz 2050-ci ildə baxacağıq ki, inkişaf səviyyəsinə görə digər Qafqaz və region ölkələri ilə müqayisədə 20-30 il geri qalırıq”.
 
Tarix: 26-01-2023, 20:39
Xəbəri paylaş





Xəbər lenti