SOCAR-IN GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİNİN KOLLEKTİVİ RÖVŞƏN NƏCƏFDƏN KÖMƏK İSTƏYİR
SOCAR-ın Geofizika və Geologiya idarəsi, eləcə də Mədəngeofizika İstehsalat Bölümü, Quyuların qazılmasına geoloji texnoloji nəzarət Ekspedisiyasının və Qazma vaxtı karotaj Ekspedisiyasının mühəndisləri tərəfindən «Təzadlar»a daxil olan məktub müəllifləri prezident Rövşən Nəcəfdən kömək istəyirlər. Aşağıda həmin müraciəti təqdim edirik:
"Yazıb Sizə bildiririk ki, SOCAR-ın Geofizika və Geologiya idarəsi, eləcə də Mədəngeofizika İstehsalat Bölümü, Quyuların qazılmasına geoloji texnoloji nəzarət Ekspedisiyasının və Qazma vaxtı karotaj Ekspedisiyasının- 2022-ci ilin dekabr ayında quru sahəsində işləyən bütün mühəndislərin əmək haqqlarının ödənilməsində ciddi azalma baş vermişdir. Haqq- hesab vərəqəsinə nəzər yetirdikdə məlum olmuşdur ki, əmək haqqının ödənilməsində normadan artıq vaxt növbə saatları hesablanmamışdır.
Nəzərinizə çatdırmaq istəyirik ki, bizim işlədiyimiz iş qrafiki şift növbəli qrafikə aiddir. Rəhbərliyə və əmək haqqı şöbəsi ilə əlaqə saxlayıb bu kəsirin nə ilə əlaqədar olduğu ilə maraqlandıq və bizə bildirildi ki, bu gündən (dekabr 2022-ci il) etibarən sizə əmək haqqının ödənilməsi zamanı normadan artıq vaxt növbə saatları ödənilməyəcək.
Bununla paralel olaraq bildiririk ki, quru sahəsində işləyən işçilər nəqliyyatla təmin ediləcəyi halda, bunun əksinə olaraq heç bir nəqliyyatla təmin olunmurlar və nəqliyyatın veriləcəyi ilə bağlı doğru olmayan vədlər verirlər. Hamı öz şəxsi avtonəqliyyat vasitəsindən istifadə edir. Bu isə əmək qanunvericiliyinə birbaşa ziddir. Rəhbərlik isə bunu heç bir qanuna uyğunluqla əsaslandıra bilmir.
Sizə müraciət edib, bu yaranan vəziyyətin nə ilə izah edilməsini, araşdırılmasını xahiş edirik. Bu qərar hansı şəraitdə, hansı əsasla qəbul edilib? Əmək qanunvericiliyinin hansı maddəsinə uyğunlaşdırılıb?
Onu da qeyd etmək istəyirik ki, əmək haqqlarında olan ciddi azalma həyat şəraitimizə çox mənfi təsir edib. Ölkədə ərzaq mallarının, servis haqqlarının, tibbi xidmətlərin qiymət yüksəlməsinin gündəlik artımı baş verdiyi bir zamanda bu cür qərar niyə verilsin? Bununla əlaqədar ölkə başçısının yeni imzaladığı fərmanlarla bir çox iş sahəsində xalqın rifahının yaxşılaşdırılması məqsədilə ilə maaş artımı müşahidə olunduğu bir vaxtda bizim rəhbərlik tamamilə bu qərarların əksini icra edir. Bəs biz bunu nə ilə əlaqələndirək?
İşçilər belə vəziyyətdə hansı şərtlərlə yaşamalıdır? Sizdən bir daha xahiş edirik ki, müraciətimizi diqqətlə izləyərək əmək haqqımızın dekabr 2022-ci il tarixində kəsilən hissəsinin geri qaytarılmasını və növbəti aylarda əmək qanunvericiliyinə uyğun olaraq düzgün hesablanmasında bizə köməklik göstərəsiniz.