SOCAR işçisi: “Necə olur ki, rəhbərliyə yaxın işçilər işdən çıxarılmır, ancaq mənim kimi kimsəsizlər işdən uzaqlaşdırılır?”
“Rəhbəlik də borcumun olduğunu bilirdi və bundan əleyhimə təzyiq vasitəsi kimi istifadə edirdi” “2019-cu ilin iyulunda SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı bölməsinə əvvəlcə xadimə, 3 ay sonra isə abadlaşdırma üzrə fəhlə kimi işə qəbul olunmuşam. Adım fəhlə olsa da, idarənin böyük mühəndisinin işlərini də mənə yükləmişdilər. Hansı ki, həmin şəxs məmur oğludur, xəstə adı ilə aylarla işə çıxmır”. Bunu Meydan.TV-yə SOCAR-ın əməkdaşı Nazilə İbadova deyib. Onun sözlərinə görə, həyat yoldaşından ayrılıb, əqli problemli övladı var, övladına görə aliment ala bilmir, üstəlik, bu illər ərzində xəstəlik də tapıb. “400 manat əməkhaqqı alırdım, əvəzində xadimə, abadlaşdırma işçisi kimi çalışırdım, həm də məktub daşıyır, təqdimat yazır, kargüzarlıq işləri görürdüm. İşin çoxluğuna etiraz edən kimi əvvəlcə ayda iki işə əlavə çağırışımı kəsdilər, sonra təmir emalatxanasına yönləndirdilər”, – şikayətçi deyib. O bildirib ki, 7 ay emalatxanada çalışıb: “İşə qəbul olunarkən mənimlə müddətsiz müqavilə bağlanıldığı bildirilmişdi. Buna güvənərək kreditə birotaqlı mənzil almışdım. Məhz evə görə də verilən bütün tapşırıqları yerinə yetirirdim, rəhbəlik də borcumun olduğunu bilirdi və bundan əleyhimə təzyiq vasitəsi kimi istifadə edirdi. İşdən çıxarılacağım təqdirdə krediti ödəyə bilməyəcəm, hətta xəstə övladımın nəinki dərmanları, hətta qidasını belə almağa imkanım olmayacaq. Bunu bilə-bilə mənə öz ərizəmlə işdən çıxmağı, başqa yerə iş axtarmağımı söyləyirlər”. N.İbadova deyir ki, idarədə çalışan 1500 işçinin 18-i mövsümü işçi kimi işdən çıxarılır, onlardan biri də odur. Halbuki, mövsümü işçi neçə il ərzində eyni qurumda işləmir: “Suallarıma cavab almaq istəyirəm. Fəhlə idimsə, departamentin istismar şöbəsindəki kompüterin arxasında nə işim vardı? Mövsümü işçi olmuşamsa, 4 il fasiləsiz necə işləmişəm? Müraciətimə cavab tapa bilmirəm. Necə olur ki, rəhbərliyə yaxın işçilər işdən çıxarılmır, ancaq mənim kimi tənha, kimsəsizlər işdən uzaqlaşdırılır?”. SOCAR-dan şikayətə cavab verilməyib. Qurumun mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.