Tənhalıq…

Tənhalıq… Zümrüd Yağmur

Tənhalıq-aldanışlardan qopmuş insanın öz gerçəkliyi ilə baş-başa qalmasıdır. Tənhalıq təklik kimi insansızlıq deyil. Tənhalıq insanlar içində, həyatın ən gur yerində belə insanlarla birgə olub, onlarla eyni ola, onlardan birinə çevrilə, arzu, dərdini, əzabını onlarla paylaşa, kimsəni içinə yaxın buraxa bilməməkdir.

Sən kimsə üçün açıq qapı deyilsən, içində əzabları ilə yaşadığın dünya var, böyüklüyü, mücərrədliyi ilə… Ancaq o dünya simvollarla mövcuddur, konkret deyil, kimsə deyil, ümumiləşmiş həyatdır. Axıb gedən hüzün və kədər səni hey bir yerlərə götürür, zamanın ölçüsüzlüyü, məkanın intəhasızlığı bir nöqtədə qovuşur bu mücərrədlikdə, yuxu kimi məntiqsizləşir, qaydasızlaşır və beləcə iç dünyanın bu özünəməxsus nizamı səni içdən bu dünyanın harmoniyasından qoparır. Beləcə tənhalaşdıqca bu dünyada qəribləşirsən, gördüklərin, yaşadıqlarının sənə aidliyini hiss etməkdə zorlanırsan.
Həyat bildiyin yalanlarla özünü aldatmağa bənzəyir get gedə… Bu yalanların nə zaman bitəcəyi səbirsizləşdirir bəzən səni, hayqırıb bu yalanları ifşa etmək istəsən də içindəki tənhalıq onsuz da səsini kimsənin eşitməyəcəyini söyləyib öz pıçıltısı ilə sənin hayqırtını boğur.
Tənhalıq tək insanın zahir və ətrafdakılarla əlaqəsini kəsmək deyil, həm də artıq sözlərin onu ifadə edə bilməyəcəyinə ümidini itirib ruhu ilə bağlantılarını qoparmasıdır.
Tənhalıq hey özünü, özündəkiləri özünə izah etməkdir, kimsə tərəfindən anlaşlımamaq, başa düşülməmək iztirabıdır və bu iztirab deyəcəyin bütün sözlərini, paylaşılacaq bütün hisslərini əlindən alıb, səni sadəcə bir dinləyiciyə çevirir.
Tənhalıqda sakit bir əzab var.
O əzabın lal axıb gedən sakitliyinə qərq olmuş sükunətdir…Əzabı duymadan, həyatı onunla yaşamadan tənhalıq mümkün deyil. Əzab tənhalığın görünən hüdudlarıdır. Tənhalıq həyatın aldıqlarına da, verdiklərinə də etinasızlıq, dünyanı içindəki heçlikdə bitirib, nəzərlərini sonsuzluğa dikməkdir…
Bəzən sonsuzluqdan ürəyimizə axan mücərrdlik və qaranlıqdan hüzursuluq duyuruq, əslində, bu qorxudu. Tək qala bilməməyin qorxusu… Ya da içində bir ümidin doğacağından qorxarsan. “Əlimi uzatsam, bir az uzatsam məni məni bu qaranlıqdan, qorxudan xilas edə biləcək biri var” ümidinin yaranması qorxusu… Amma o qorxu belə bir az həvəssiz, bəzən qzəbli, kinli…Tərəddüdlü..
P.S
Bəzən də tənhalığın addım səsləri ruhumuzu dincəldəcək həzin bir musiqi kimi gəlir…

Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Tarix: 8-11-2017, 21:46
Xəbəri paylaş





Xəbər lenti