“Avtoritetlərlə bağlı yazıları oxuyan insanların yarısı özlərini onlara oxşatmağa çalışır”

“Avtoritetlərlə bağlı yazıları oxuyan insanların yarısı özlərini onlara oxşatmağa çalışır” “Bəzi məqalələr belə təsəvvür yaradır ki, sanki həbsxana həyatı daha yaxşıdır”
Şəmsəddin Əliyev: “Ölkə başçısı azyaşlı Zəhranın ölümündən, ermənilərin məscidləri dağıtmasından danışır, media isə...”














“Polis Dəstək” İctimai Birliyinin saytımızda yer alan sonuncu bəyanatından (http://www.moderator.az/news/196516.html ) sonra medianın kriminal xəbərlərə, kriminal aləmin tanınmış şəxslərinə, onların məqsədli-məqsədsiz təbliğinə yönəlik fəaliyyəti ciddi müzakirə mövzusuna çevrilib. Moderator.az olaraq məlum problemin aktuallığını nəzərə alıb, “Polisə Dəstək İctimai Birliyinin” rəhbəri, ehtiyatda olan polis polkovniki, tanınmış hüquqşünas Şəmsəddin Əliyevlə söhbətimizdə bu məsələyə digər aspektlərdən də aydınlıq gətirməyə çalışdıq.

-Şəmsəddin bəy, bir müddət öncə rəhbəri olduğunuz “Polisə Dəstək” İctimai Birliyi mediada kriminal dünyanın təmsilçilərinə geniş yer verilməsi və bunun ciddi fəsadlara səbəb ola biləcəyi ilə bağlı bəyanat verdi. Hansı ki, bu bəyanatdan sonra məlum problem ictimaiyyiləşdi və bəyanatınıza dəstək xarakterli xeyli açıqlamalar verildi. Sizcə medianın kriminal aləmə marağı həqiqətənmi bunca böyükdür?

-Öncə onu deyim ki, qeyd etdiyiniz bəyanat zərurətdən meydana çıxdı. Baxın, kriminal hadisələrlə bağlı hazırlanan verilişlər başqa şeydir. Bunlar cinayətkarlıqla mübarizədə profilaktiki tədbirlərin hazırlanmasına hesablanan verilişlərdir. Amma kriminal aləmdə nüfuzu olan şəxslərin qəhrəman obrazında verilməsi, ictimai ovqatda bu insanların bədii obrazının yaradılması başqa şeydir. Mən məhz bunun əleyhinəyəm və hər zaman da əleyhinə olmuşam. Bizim təşkilatın bəyanatına qeyd etdiyiniz kimi bir çox ziyalılar, millət vəkilləri çox sağlam mövqe ortaya qoydular. Millət vəkili Aydın Mirzəzadə, politoloq Elçin Mirzəbəyli, dəyərli jurnalist Elçin Şıxlı, televiziya mütəxəssisi Zeynal Məmmədli və digərləri bizim narahatlığımızı bölüşdü. Bütün bunlar bir daha göstərdi ki sağlm fikrə dəstək verənlər çoxdur. Amma çox təəssüf ki, bu gün də kriminal dünyanın adamları haqqında əsər yazmaq istəyənlər tapılır.

-Sizcə medianın hansı sahəyə daha çox önəm verməsi milli dövlətçilik maraqları baxımından daha faydalı olardı?

-Hesab edirəm ki, vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsinə hesablanan mövzulara müraciət etmək daha faydalıdır. II Dünya müharibəsi ərəfəsində ittifaqın tərkibində olan ölkələrin yazıçılarına Kommunist Partiyasının ideologiyasını təbliğ edən, cəbhədə qəhrəmanlıq göstərən hərbçilərin igidliklərini təbliğ etmək tövsiyyə olunmuşdu. Bu istiqamətdə kifayət qədər yazılar yazılırdı. Bu, vətənpərvərlik əhval-ruhiyəsini yüksəldən yol idi. İdeoloji maşın o qədər güclü işləyirdi ki, qadınlar, yeniyetmələr belə döyüşə atılmağa hazır idi. Azərbaycanda da müharibə bitməyib. Qarabağ işğal altındadır. Atəşkəs hər gün pozulur. Bəs niyə biz vətənpərvərliyi təbliğ etmək yerinə cinayətkar aləmi tətbiğ edirik? Bu cəmiyyətimiz üçün nə dərəcədə arzu olunandır? Mən orta məktəbdə Süleyman Rüstəmin II Dünya müharibəsi dövründə yazdığı ( səhv etmirəmsə,) “On ikinci tüfəng” şerində belə bir bənd var idi:
“Artıq Əli yoxdur...
Onu qırmızı qan basmışdı.
Lakin vardı onun
Tutduğu bir doğru yol.
Uzandığı yaş torpağın üzərində yazmışdı:
Barmağını öz qanına batıraraq, “Komsomol”

Təbliğat o səviyədə gedirdi ki, hər kəs döyüşüb həlak olmağa hazır idi. Niyə bizdə bu gün belə əsərlər yaranmır? Televiziyalar şoulara geniş yer verir. Saytlar isə kriminal şəxslərlə bağlı yazılara maraq göstərir. Sanki mövzu qıtlığı var. Bu cəmiyyət üçün yaxşı heç nə vəd etmir. Bəzən kriminal şəxslərin həbsxana həyatı ilə bağlı elə yazılar yer alır ki, insanda belə təsəvvür yaranır ki, həbsxana həyatı daha yaxşıdır. Sanki cəmiyyəti ora səsləyirlər.

-Şəmsəddin bəy, “Qoca” ləqəbli şəxsin müşahidə altından qaçmasından sonra Penitensiar Xidmətin bir neçə əməkdaşı saxlanılıb. Bununla yanaşı, Penitensiar Xidmətin tabeçiliyindəki bəzi müəssisələrdə ciddi qanunsuzluqların olması ilə bağlı mediada müəyyən iddialar səslənməkdədir. Sizcə Penitensiar Xidmət bu ittihamlara rəsmi şəkildə cavab verməldirmi?

-Təbii ki, Penitensiar Xidmət onun barəsində mediada yazılanlara aydınlıq gətirməlidir. Açığı, bu hadisələr fonunda Penitensiar Xidmətin bəzi əməkdaşlarının öz işinə səhlənkar yanaşması da hiss edilir. Yazılanlardn belə qənaət hasil olur ki, həbsxanada cəza çəkən hər hansı bir məhbus istədiyini edə bilər. Yəni, kriminal avtoritetlər o qədər güclüdülər ki, Penitensiar Xidmətin zabitlərinə belə təsir etmək imkanında olurlar?! Necə ola bilər ki, kartda uduzan şəxsin ailə üzvini cəzaçəkmə müəssəsinə gətirəsən? Bu, özbaşınalığdır. Belə şeyləri cəmiyyətə sırımağın özü bütün konstitutyon müddəalarla, xalqımızın əxlaqı ilə, mədəniyyətiylə qəbuledilməzdir!
Onu da xatırladım ki, bu gün Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələri DİN-nin tabeçiliyində olanda bu cür heyrət doğuran hallar yox idi. DİN-nin cəzaçəkmə müəssisələrində əməliyyat ənənsinə söykənən nəzarəti var idi. Mənə elə gəlir ki, Əlixanovun dərindən bələd olmadığı bir sahəyə müavin təyin ediməsi yanlış kadr seçimi idi və nəticəsi bəlli oldu. Bu, təkcə mənim yox , həm də, ictimai qənaətdir.

-Bu arada, müşahidə altından qaçan şəxslərin zərərsizləşdirilməsi istiqamətində polisin keçirdiyi əməliyyat müvəffəqiyyətlə nəticələndi və hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstərən şəxslər, eləcə də “Qoca” ləqəbli avtoritet neytrallaşdırıldı. Hansı ki, siz əvvəlki açıqlamalarınızda polisin qaçan şəxsləri qısa zamanda zərərsizləşdirəcəyindən əmin olduğunuzu vurğulamışdınız.

-Elədir. Mühafizə altından qaçan kriminal avtoritetlərin yaxalanması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri uğurla nəticələndi. İctimai rəydə bəzən bu cür fikirlər səslənir ki, həmin şəxslərə qarşı sərt addımlar atılıb. Lakin unutmamalıyıq bu şəxslər mühafizə altından qaçan, ağır cinayətlərə görə həbs cəzası alan şəxslər idi. Onlar ictimaiyyət üçün kifayət qədər böyük təhlükə mənbəyi idi. Onların azadlıqda bir saat belə qalması cəmiyyət üçün arzuedilən deyildi. Bu şəxslər əməliyyatı həyata keçirən hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı silahlı müqavimət göstərib. Onlara qarşı başqa cür davranmaq mümkün deyildi. Onların zərərsizləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər dövlətin legitimləşən qanuni tələbindən doğurdu və ictimaiyyət də bunu təqdir edir.
-Şəmsəddin bəy, son vaxtlar beynəlxalq təşkilatların ölkəmizə yönəlik ittihamları artıb. Sizcə kriminal dünyanı az qala addımbaaddım təqib edən media bu əsassız ittihamlara lazımi miqyasda cavab verirmi?

-Təəssüf ki, medianın bu istiqamətdəki fəaliyyəti də bizim gözlədiyimiz, arzuladığımız səviyyədə deyil. Niyə bizim jurnalistlər Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərlə bağlı beynəlxalq təşkilatların, Avropa Şurasının hərəkətsizliyini tənqid etmirlər? Biz hər gün bu məsələni diqqət mərkəzində saxlamalıyıq.
Sizə özümlə bağlı bir hadisəni xatırladım. Biz ailədə altı qardaş idik. Orta məktbi bitirdikcə şəhərə axışırdıq. Tələbə olanda bir dəfə kəndə getmişdim. Anam məni qucaqlayıb öpdü. Həmin vaxt mənə dediyi sözü bu gün də unutmuram. Anam məni öpərkən kövrəldi və dedi ki, məhəbbət də gözdədir. Nə qədər az gəlirsizsə,o qədər də yadlaşırıq, məhəbbət də batmaqda olan günəşə çevrilir..
Qarabağa məhəbbət də həyata keçirilən bu ideologiyadadır. Prezident azyaşlı Zəhranın ölümü ilə bağlı ciddi bəyanatlar verdi. Ermənilərin məscidləri dağıtmasına diqqət çəkdi. Ancaq televiziyalarımız yenə də şoudan əl çəkmir.Media buna sönük öhəm verdi.Bunu axı,ermənilər görürlər.Qarabağla bağlı mövzulara dövlətin himni qədər məsuliyyətlə yanaşmalıdır.

-Medianın kriminal aləmə hədsiz maraq göstərdiyini qeyd edirsiniz. Lakin bu da bir həqiqətdir ki, dedektiv əsərlər dünyanın qabaqcıl ölkələrində də yazılmaqdadır və buna maraq göstərənlər az deyil.

-Dedektiv yazmaq başqa şeydir. Çingiz Abdullayevin bu cür əsərləri çoxdur. Bu əsərləri isə cəmiyyətin məhdud bir təbəqəsi maraq göstərir. Şəxsən mənim üçün bu cür əsərlər maraq kəsb etmir. Baxmayaraq ki, mən özüm də dedektiv əsər müəllifiyəm. Avtoritetlərlə bağlı yazıları oxuyan insanların yarısı isə özlərini ona oxşatmağa çalışır. Bu cür şəxslər millət vəkili Aydın Mirzəzadənin dediyi kimi, H. Cavidə, Nizamiyə maraq göstərmirlər. Bax bu, qorxulu tendensiyadır. Əgər biz dünyanın bu, özbaşınalıq və təhlükəli zamanında gələcəyimizə və şüurumuza zidd halları görüb qiymətləndirməyi və kiməsə “dur “deməyi bcarmasaq, gələcəkdə çox ciddi problemlərlə üzləşə bilərik.

Seymur Əliyev
Tarix: 9-11-2017, 10:43
Xəbəri paylaş





Xəbər lenti