“Düşünürəm ki, gələn il siyasi proseslər baxımından çox maraqlı olacaq” - Aida Qəmbər

“Düşünürəm ki, gələn il siyasi proseslər baxımından çox maraqlı olacaq” - Aida Qəmbər “Nəvəmizlə ünsiyyətdən sonra İsa bəylə aramızda bir neçə saat müzakirə olur”

Test üsulu ilə qəbulun ilk yetirmələri olan bizləri Bakı Dövlət Universitetində sevməyən müəllimlər çox idi. Böyük bir qazanc imkanından məhrum olmuş xeyli sayda müəllim bizi xüsusi sərtliklə incidirdilər. Elə ona görə də o illərdə müdafiəmizə qalxan hər kəs yaddaşımızda silinməz izlər buraxırdı. Belə insanlardan biri də Aida xanım idi - 1994-cü ildə müəllim həmkarlarının ziddinə gedərək seminar apardığı qrupa mexaniki “məqbul” yazmaqla hamımızın sevimlisinə çevrilmişdi. Ona görə də Rauf bəy planlaşma iclasında Aida Qəmbərlə müsahibə təklif edəndə dərhal “mən” dedim.

Ötən illər ərzində onunla birbaşa təmasım olmamışdı. Bu üzdən müsahibəni razılaşdırıb, iş yerində görüşəndə ilk olaraq məndən nə zaman təhsil aldığımı soruşdu. Bizim üçün etdiklərini söylədim, bir daha təşəkkür etdim. O isə gülümsəyərək, “deməli, ona görə sizin uşaqların hamısı mənə ”müəllimim" deyirmiş..." dedi.

Söhbətimiz isə Yaxın Şərqdən başlayıb, Azərbaycanda, Bakıda və Qəmbər ailəsinin yeni üzvündə bitdi.

(əvvəli ötən sayda)

- Aida xanım, istərdim ki, söhbətimizin ikinci hissəsinə keçək. Nəvəniz dünyaya gəldi və həyatınızda nələrsə dəyişdi. Bu dəyişikliklərdən danışa bilərsinizmi?

- (Üzündə işıqlı təbəssüm yaranır) Bilirsiniz, çoxları deyirdilər ki, nəvə tamam başqa bir şeydir, nənə-baba üçün nəvənin yeri çox fərqlidir və sair. Bunu deyirdilər, amma düzü, mənə çatmırdı bu söhbətlərin mahiyyəti. Nəvəmiz dünyaya gəldi və mən çox dəqiqliyi ilə anladım deyilənləri. Bu, tamam fərqli bir hisslərdir, onları sözlə ifadə etmək mümkün deyil. Sanki sənə çox qiymətli, kiçicik bir varlıq hədiyyə ediblər. Və sən çalışırsan ki, o varlıq üçün dünyanın ən yaxşısını edəsən. Hazırda Azərbaycanda deyillər, hər gün onunla canlı rabitə qururuq. Hər gün onun səsini eşitmək, üzünü görmək istəyirik. Təsəvvür edirsiniz, hər dəfə onunla ünsiyyətdən sonra bir neçə saat müzakirəmiz olur: mənə necə baxdı, hansı sözü necə dedi, mənə nə dedi, sənə nə dedi. Yəni insanın həyatı mənalanır, rəng qatılır.

- Eşitdiyimizə görə, İsa bəy siqareti tərgidib Adaya görə. Necə oldu ki, belə qərara gəldi?



- Adanın o biri babası da siqaret çəkən idi. Onun 1 yaşı ərəfəsində hamıdan xəbərsiz İsa bəy o biri babaya deyib ki, ad günü məclisində mən siqareti tərgidəcəm, gəlin siz də qoşulun. O baba da razılaşıb. Ad günündə yaxın qohumların iştirakı ilə kiçik bir məclis oldu. Məclisdə İsa bəy elan etdi ki, Adanın ilk yaşı münasibətilə mən siqareti atıram. O biri babaya dedi ki, quda, bəs siz? O da qalxdı və qoşulduğunu bildirdi. Beləcə, öhdəlik götürdülər (gülür), o gün-bu gün çəkmir. Amma Ada gedəndən bir az da çətin olub ona. Hərdən deyir ki, darıxıram, istəyirəm çəkəm. Mən də deyirəm ki, 3 aydan sonra Ada gələcək, onda neynəyəcəksən bəs. O da dözür hələ ki...

“Adanın 1 yaşında hər iki babası siqareti tərgitdi”
- Deyəsən, böyük oğlunuz da Azərbaycanda deyil.


- Bəli. Böyük oğlum təhsilini davam etdirmək üçün Kanadaya gedib, iki ildən yuxarıdır. Yoldaşı da, özü də oxuyurlar orada.

- Daimi qalmaq fikirləri var orada?

- Düzü, hələ ki təhsil alırlar. Bu barədə hansısa müzakirə olmayıb.

- Azərbaycanda belədir ki, analar çalışırlar, övladlarını özlərindən kənara buraxmasınlar. Siz uşaqlarınızın xaricə getməsinə necə yanaşırsınız?

- Biz həmişə uşaqların mövqeyini eşitməyə, onların müstəqilliklərini qəbul etməyə, qərarlarına hörmət etməyə çalışmışıq. İndi, əlbəttə, çətindir. Darıxdırıcıdır. Adam istəyir ki, doğmaları yaxında olsun, onların həyatı ilə maraqlansın, gediş-gəliş olsun. Amma bir tərəfdən də onlar artıq ailə qurublar, özləri müstəqil qərar vermək yaşına çatıblar. Buna görə də bu iki məsələ arasında ortaq məxrəci tapmağa çalışırıq.

2013-cü ildə seçkilər sönük keçmişdi...

- İsa bəy həmişə siyasi proseslərin mərkəzində və onun aktiv iştirakçısı olub. Siz də onun xanımı kimi bu aktiv siyasi həyatı yaşamısınız. Son illərdə ümumən ölkədə siyasi aktivlik azalıb, eyni zamanda İsa bəy də müəyyən qədər bu proseslərdən kənarlaşmış kimi görünür. Bu, sizin həyatınızda hansı dəyişikliklərə səbəb olub: daha çox birgə vaxt keçirməyə, qohum-dostlarla ünsiyyəti artırmağa imkan qazanmısınızmı?


- Mən deməzdim ki, İsa bəy aktiv siyasi həyatdan kənarlaşıb. Bəlkə də Müsavat Partiyasının başqanlığından getməsinə görə cəmiyyətdə belə fikir yaranıb. Amma onun özünün mərkəzi var və onun vasitəsilə siyasi proseslərdə aktiv iştirakını davam etdirir. Bu baxımdan, xüsusi bir vaxt bolluğu olduğunu görmürəm. O ki qaldı özümə, mən heç vaxt siyasi fəaliyyətdə olmamışam. Sadəcə, cəmiyyət məni ictimai fəal şəxs kimi tanıyır. Bir də ki, sağ olsun jurnalist dostlarımız, “Ərəb baharı” başlanandan mütəxəssis kimi mənim də fikirlərimi almağa başlayıblar.

“Parlament seçkilərində iştirakla bağlı düşünmürəm”
- Sizin birbaşa siyasi fəaliyyətə qoşulmanız, məsələn, Milli Məclis seçkilərində namizədliyinizi verməyiniz mümkündürmü? Belə bir perspektivə necə baxırsınız?

- Bu barədə düşünmürəm. Parlamentdə müxtəlif qrupların, təbəqələrin nümayəndələri ola bilər - hər bir vətəndaşın konstitusion hüququdur. Sadəcə, mən özümü oradan daha çox burada - tədris və elmi fəaliyyətdə görürəm. Düşünürəm ki, bu sahələrdə son sözümü deməmişəm hələ. Bundan sonra da potensialımı bu sahələrə sərf etməyi planlaşdırıram. Bu işdən böyük zövq alıram.

- Bildiyiniz kimi, gələn il ölkədə prezident seçkiləri keçiriləcək. Müsavat Partiyası öz namizədinin İsa bəy olacağını bəyan edib. Sizcə, gələn il Azərbaycanda siyasi dəyişiklik mümkündürmü? İsa bəyin timsalında müxalifətin hakimiyyət dəyişikliyinə nail olmaq şansı varmı?



- Bu, çətin sual oldu. Ona görə ki, bu gün vizual olaraq elə görünür ki, sanki Azərbaycanda heç bir proses baş vermir. Amma Azərbaycan dünyanın bir parçasıdır. Dünyada cərəyan edən hər hansı bir proses - istər siyasi, istər iqtisadi, istər digər sahələrdə - mütləq Azərbaycana da gəlib çatır. Dünyaya inteqrasiya olunmuş bir dövlətdir, üstəlik, yerləşdiyimiz region çox təlatümlü bir regiondur. Bu baxımdan, dünyada və regionda baş verən proseslərin Azərbaycanda keçiriləcək seçkilərə təsir etməsi istisna deyil. Burada bir çox amillər - obyektiv və subyektiv səbəbləri olan amillər rol oynayacaq. Düşünürəm ki, gələn il siyasi proseslər baxımından çox maraqlı olacaq. Yəni 2013-cü il seçkiləri, mənm fikrimcə, bir qədər sönük keçmişdi. Gələn il isə hadisə və proseslərin daha aktiv olacağını düşünürəm.

- Bəs bu aktivliyə nə səbəb olacaq: daxili, yoxsa xarici amillər?

- Aktivlik bir çox məsələlərə bağlı ola bilər. Burada beynəlxalq birliyin Azərbaycandakı proseslərə marağının artmasından tutmuş əhalinin aktivliyi də rol oynayacaq. Xüsusilə əhalinin aktivliyi daha çox gözləniləndir. Son illərdə yaranmış sosial-iqtisadi problemlərin fonunda əhalinin seçkilərə marağının yüksək olacağını düşünürəm. Bir sözlə, gələn il çox maraqlı olacaq...

Dünya SAKİT
Tarix: 14-11-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti