Məmur-milyonçu uşaqlarını durdurmaq olmur: Hər həftə biri qudurur - Faktlar/Video

Məmur-milyonçu uşaqlarını durdurmaq olmur: Hər həftə biri qudurur - Faktlar/Video Elə bir həftə və ya ay yoxdur ki, məmur balası, milyonçu uşağı avtoxuliqanlıq eləməsin. Onların durdurmaq mümkün deyil

Ötən dəfə “Nurgun Motors” şirkəti prezidentinin oğlu yaxalandı, polisə yumruq atmışdı və həbs edildi.

Geridə qoyduğumuz həftə sonu isə gömrük işçisi olduğu deyilən şəxsin övladı içkili polisə tabe olmayıb.


Palitika.Az xəbər verir ki, artıq məmur və milyonçu uşaqlarının qudurğan hərəkətləri hakimiyyətin başağrısına çevrilib.

Seçki ili yaxınlaşır və vəzifəlilərin uşaqlarının özbaşınalıqları davam etməkdədir. Baş nazirin müavini Əli Həsənovun nəvəsi də başqalarına örnək olmadı. Ona görə də qorxulu tendensiya getdikcə inkişaf edir.

Elə həftə sonu “10-LJ-600” dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) “99-YP-481″ dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən “saxla!” əmri verilib.

Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib.

Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb.

Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.

Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilirdi. Lakin komitə təkzib edərək belə bir adda işçisi olmasını yalanlayıb.

Ola bilsin ki, komitənin N.Adıgözəlov adlı rütbəlisi var və gizlədilir. Hər halda “od olmayan yerdə tüstü çıxmaz”.

Lakin məsələnin əsl mahiyyəti həm də ondan ibarətdir ki, vəzifəlilərin uşaqlarına durdurmaq olmur.

Palitika.Az xəbər verir ki, 2017-ci il qudurğan məmur uşaqlarının ili kimi yadda qaldı

İlin əvvəlindən ta son aylarına qədər ayrı-ayrı vaxtlarda məmur övladlarının harınlıqları faciələrə yol açdı.

Neftlə zəngin ölkənin quyularından çıxan qara qızıldan varlanan və milyarderə çevrilən məmurları indi qurduqları idarəetmənin verdiyi fəsadlarının quyusuna düşməyə başlayıblar.

Baş nazirin müavini Əli Həsənovun iki nəfəri qəza törədərək öldürməsi və həbsə getməsi də göstərdi ki, Nail Allahverdiyev ön sıradadır.

İlk olaraq Azərbaycanın iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağəli Fərəcovun atasından icazəsiz idarə etdiyi “Porşe” markalı avtomobillə gənc qadını vurub öldürməsi yada düşür.

Daha sonra general Novruzəli Orucov oğlunun xuliqanlığına görə vəzifəsi ilə vidalaşdı. Şübhəsiz ki, bu hadisələr Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza ilə damğasını vurdu.

Qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov öldülər.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb.

Son belə hadisəni isə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu törətdi.

Aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib.

Məmur uşaqları bu cinayətlərinə görə həbs olunsalar da, qarşısıalınmaz bir proses gedir. Ona görə də siyasi elitada qeyri-rəsmi şəkildə yeni qərar qəbul olunub.

Prezident səviyyəsində məmurlara xəbərdarlıq olunub ki, “Galendvagen” model maşın sürmək yığışdırılsın və məmurlar, vəzifəli şəxslər bu marka maşın almağa son qoysunlar.

Bundan sonra şəhərdə “Galendvagen” sürən məmur uşaqları, vəzifəlilərin balaları nəzarətə götürüləcək.
Tarix: 19-11-2017, 23:02
Xəbəri paylaş





Xəbər lenti