Prezidentin keçmiş köməkçisi müharibə elan edib

Prezidentin keçmiş köməkçisi müharibə elan edib Dünən tanınmış modelyer Leyla Əhmədova həyatının təhlükədə olduğunu bildirmişdi. Modelyer icarəyə götürdüyü yerin sahibləri tərəfindən hədələndiyini deyərək prezidentin sabiq köməkçisinin adını vurğulamışdı.

“Bir il öncə Nizami Ağayev və Lütfəliyev Azər adlı şəxslərdən icarəyə yer götürmüşəm. Həmin yerə 1 milyon sərmayə yatırmışam. Üzərindən 3 ay keçdikdən sonra özbaşınalıq edərək mənə dedilər ki, buradan çıxmalısan. Halbuki hüquqi tərəfdən mən haqlıyam.


Mənə hədə-qorxu gələrək məhkəməyə verdilər. Daha sonra isə ofisi yardılar, içəridəki əşyaları sındırdılar. Bilmirəm içəri hansı “bomjlar”ı buraxmışdılar.

Bir ildir ki, polislərin, məhkəmələrin əlində qalmışam. Yenə mənə mesaj göndərərək təhdid ediblər. Deyirlər ki, əgər çıxmasan səni tutdurarıq. Hətta ölümlə hədələnirəm”.

L.Əhmədova müraciət etdiyi hüquq orqanlarında işə baxılmadığını deyib:

“Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Bu bir il ərzində polisdə, Baş Prokurorluqda, Şəhər Prokurorluğunda, Daxili İşlər Naziliyində olmuşam və şikayətlərimi yazmışam. Amma nə səsimi eşidən, nə də ki, işi görən var. Cinayət işi ilə maraqlanmırlar.

Bu iş məhkəməyə getməlidir və həmin adamlar məsuliyyətə cəlb olunmalıdır. Çünki qırıb-tökməyə heç bir haqları yox idi. Polisin bunu görməzdən gəlməsi, bu iki nəfərin qudurğanlığına səbəb olub. Buna görə də üstümə gəlirlər”.

Modelyer baş verən hadisələrə görə fəaliyyətini dayandırmaq məcburiyyətində olduğunu bildirib:

“Fəaliyyətimlə məşğul ola bilmirəm. “Azərbaycan” adlı layihə hazırlamışam və onunla Nyu-Yorkda ölkəmizi təmsil etməli idim. Məni orada gözləyirdilər. Fransada da danışıqlarım olub. Amma hazırda bütün layihələrim dondurulmuş vəziyyətdə qalıb”.

O, xüsusi narahatlıqla hətta həyatının təhlükə altında olduğunu bilrdmişdi…

Dünən yayılan xəbərdə bildirilirdi ki, Leyla Əhmədova bu gün saat 15-də mətbuat konfransı keçirəcək və aclıq aksiyasına başlayacaq.

Xatırladırıq ki, prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumları bir neçə ildir ki, modelyer xanımla əsl «müharibə» aparırlar. Tariyel Ağayevin başqaları ilə dırnaqsız müharibə aparması ilə bağlı faktlar isə ölkə mətbuatında çox yayılıb.

Azadliq.info
Tarix: 23-11-2017, 22:56
Xəbəri paylaş





Xəbər lenti