Cəmiyyət Hacı Məmmədovun “intihar” xəbərini çoxdan gözləyirdi

Cəmiyyət Hacı Məmmədovun “intihar” xəbərini çoxdan gözləyirdi
Nəsimi Məmmədli

Cəmiyyət Hacı Məmmədovun “intihar” xəbərini uzun müddət gözlədi…

Yaxşı əməllərin təcəssümü insanlıqdırsa, pis əməllərin də özünəməxsus çoxsaylı adları var. Pisliklərin adlarını bir-bir sadalamadan deyim ki, insan yaddaşında yaxşı və pis əməllər heç vaxt unudulmur, hətta zaman keçdikcə daha da qalıcı xarakter alır. Ölkəmizin çağdaş tarixində yaxşı və pis əməl sahiblərini xüsusi qaydada təqdim etməyə də zərurət görmürəm. Bu barədə ortabab düşüncəsi olan hər kəsin sağlam fərdi və ictimai baxışları olduğuna əminəm.

Onu da deyim ki ölkəmizin yaxşı əməl sahiblərinin sərbəst təbliğatı kütləvi izləyicisi olan mediada (televiziya) qeyri-rəsmi olaraq yasaqlanıb. “Yaxşılıq simvolu” kimi yalnız saxta və bayağı təbliğatdan savayı heç bir real nümunəyə rast gəlmək mümkün deyil. Ölkəmizdə yaxşı əməl sahibləri ilə yanaşı, pis əməllərinə görə heç vaxt unudulmayacaq şəxslər də az deyil.
Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov da belələrindən idi. H. Məmmədov təqsiri tam sübut olunmuş qatı cinayətkar idi və buna kimsənin şübhəsi yoxdur. Maraqlıdır ki cəmiyyət Hacı Məmmədovun “intihar” xəbərinin yayılacağını uzun müddət idi gözləyirdi. Bu keçmiş polis əməkdaşının həbsxanada hansı şəraitdə və necə ölməsi ilə bağlı rəsmi məlumatlar nə olursa olsun, bir çox şübhələr həmişə qalacaq.Çünki həm ictimaiyyətin rəsmi məlumatlara güvəni sarsılıb, həm də sabiq polis polkovnikinin bir çox sirlərdən xəbərdar olduğunu hələ də düşünənlər var. Hətta onun uzunmüddət belə dəhşətli cinayət əməllərini rahatlıqla, cəzasızlıq şəraitində törədə bilməsinin gerçək səbəblərinə nə istintaq, nə də məhkəmə baxışı bir aydınlıq gətirə bildi.
Artıq onun özü ilə bağlı keçmiş zamanda danışsaq da, əməllərini daim gündəmimizdə saxlamalı, hər ay bir neçə dəfə törətdiyi hansısa ağır cinayətlərini xatırlamalıyıq. Onun həyatda olmaması cinayət əməllərinin unudulmasına əsas verməməlidir. Xüsusilə də indiki sosial-siyasi şəraitdə onun cinayətlərinin tez-tez xatırlanmasına daha çox ciddi səbəblər olduğu qənaətindəyəm. Təsadüfi deyil ki Hacı Məmmədov özünu yalnız “osminoqun bir qolu” adlandırırdı və digər qolların çöldə olduğunun xəbərdarlığını edirdi.
Məncə ölkəmizin fəal insanları üçün Hacı Məmmədov cinayətlərinin çox az xüsusi sirri qalıb. Məhkəmədə əsasən hər şey açılıb. Onun “osminoq” adlandırdığı kod altında nə demək istədiyi də bir gün mütləq açılacaq.
Tarix: 4-12-2017, 21:54
Xəbəri paylaş





Xəbər lenti