“Bir qrup avara, işsiz-gücsüz adam efiri zəbt edib”


“Hər gün efirə çıxmaq üçün təkcə vaxt kifayət etmir. Bunun üçün insanın həm də zəngin dünyagörüşü, həyat təcrübəsi, intellekti olmalıdır. Amma bu da yetərli deyil. Vaxtının çoxunu telekanalların bəzəkli studiyalarında keçirən adamların həm də yaxşı pulu olmalıdır. Azərbaycanda ekspertlərə qonorar verilmir. Hər gün telekanala ayaq döyən adam məcburdur ki, öz cibindən yesin”. 
Bu sözləri tanınmış jurnalist, uzun illər ölkənin ən polulyar verilişlərinin eksperti olmiuş Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist son illər Azərbaycan telekanalların nüfuzdan düşməsinə görə təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, tamaşaçıların yerli telekanallara ironik yanaşmasının başlıca səbəbi təsadüfi adamların efirə yol tapmasıdır: 
"Həkim var ki, bir gündə iki ayrı verilişdə üst-üstə 5 saat canlı efirdə olur. Deməli, yaxşı həkim deyil, reklama ehtiyacı var. Xəstələr yaxşı həkimlərin kabinetinin ağzında növbə tuturlar. Yaxud deyir aktyoram, aktrisayam, amma hələ bir yaddaqalan obraz yaratmayıb. İstedadlı aktyorlar filmlərə seriallara çəkilirlər, öz işləri ilə məşğul olurlar. Efirlərdən cəmiyyətə "tanınmış jurnalist" kimi sırınan adamların çoxu orta məktəbin 6-cı sinif şagirdi səviyyəsində inşa yazmağa qadir deyil. Vaxtilə mən də efirlərə çox gedirdim. Sonra gördüm ki, verilişlər vaxtımı alır, yazı-pozu ilə, yaradıcılıqla məşğul ola bilmirəm. Bundan sonra efirlərdən könüllü imtina etdim. Peşəkarlar uzaqlaşdıqca işi-gücü, əlində ciddi sənəti olmayan adamlar telekanallara daraşdı". 
Seymur Verdizadə son vaxtlar efirlərdə baş verən qalmaqallara da münasibət bildirib. Baş redaktor deyib ki, həmin insidentlər süni şəkildə təşkil olunur və verilişin reytinqinin artırılmasına xidmət edir: "Azərbaycanda canlı efir anlayışı yoxdur. Canlı adlandırılan sosial verilişlər efirə 10, bəzən isə 15 dəqiqə sonra verilir. Məsələn, əgər dostumuz Aydın Xan studiyada saat 16.30-da danışırsa, onun çıxışı efirə ən tez 16.40-da verilir. Bu isə o deməkdir ki, dava-dalaş olan səhnələri, biədəb ifadələri, söyüşləri kəsib aradan çıxarmaq olar. Bəs niyə etmirlər? Çünki həmin səhnələr qısa müddət ərzində sosial şəbəkələrdə yayılır və verilişi populyarlaşdırır. Aktyor dostlarım məndən inciməsinlər, Azərbaycanda özünə alim, müəllim, həkim, psixoloq, vəkil deyən elə adamlar var ki, 40 ilin artistlərinə dərs keçərlər. Təəssüf ki, bir qrup avara, işsiz-gücsüz, özünü artistliyə vurmağı bacaran adam efir məkanımızı zəbt edib". 
Tarix: 27-06-2023, 22:55
Xəbəri paylaş





Xəbər lenti