Naxçıvanlıların aviabilet növbəsi... - Fotolar


Naxçıvan Muxtar Respublikası sakinləri Bakı-Naxçıvan-Bakı istiqamətində aviabilet tapmağın çox çətin hala gəldiyini deyirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə həm yerli sakinlər, həm muxtar respublikanın tanınmış şəxsləri, həm də Milli Məclisin deputatları yazaraq narazılıqlarını dilə gətirirlər.
Ekspert Elyar İslamoğlu bu gün – iyunun 29-da Səbail rayonunun Nizami küçəsində yerləşən aviakassanın önündən MR sakinlərinin bilet növbəsini əks etdirən foto paylaşıb.
“90-larda çörək növbəsi, 2020-lərdə bilet növbəsi. Növbə naxçıvanlıların alın yazısıdır”, - o bildirib.

AZAL isə Naxçıvan sakininə cavab verərək Naxçıvan istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirildiyini bildirib:
“Yüksək tələbatı nəzərə alaraq, AZAL tərəfindən Naxçıvan istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirilir və gündəlik 2 mindən çox sərnişin daşınır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər.
Hazırda Bakı ilə Naxçıvan arasında reyslərə sərnişinlərin bütün tələbatını ödənilir. Tam əminliklə bildirik ki, hazırkı dövrdə bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb”.
Lakin AZAL-ın rəsmi saytında Naxçıvana iyulun 17-dən tez vaxta onlayn bilet almaq mümkün deyil. Yəni növbəti 18 gün üçün AZAL onlayn bilet satışı həyata keçirmir.

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafa da Bakıdan Naxçıvana təyyarə biletlərinin satışı məsələsində problemlərin olduğunu bildirmiş, təyyarələrin sayının artırılmasını tələb etmişdi.
Deputatın bu sözlərindən sonra AZAL yenə yuxarıdakı ilə eyni məzmunda açıqlama yayaraq, yaxın zamanda biletlərin satışının aviaşirkətin rəsmi saytı (www.azal.az) üzərindən tam onlayn şəkildə həyata keçiriləcəyini bəyan etmişdi.
6 saylı Culfa-Babək seçki dairəsindən seçilən millət vəkili Ülviyyə Həmzəyeva da əlavə ödəniş etməklə bilet aldıqlarını bildirmişdi.
Tarix: 29-06-2023, 22:13
Xəbəri paylaş





Xəbər lenti