Fuad Nəcəfliyə göndərilən məktublar yolda it-bata düşür... - "Sizdən bir bacı, ana kimi xahiş edirəm ki..."


Naxçıvandan Səkinə Seyidova adlı bir vətəndaş Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə namə yazıb. Maraqlıdır ki, Fuad müəllimə yazılmış məktub gəlib mənə çıxıb?
Niyə məhz mənə? Yox, yox, şikayətçi mənimlə Fuad müəllimi səhv salmayıb. Məktubu mənə göndərməsini isə çox sadə bir səbəblə izah edir: Fuad müəllimə göndərdiyim məktublar yolda it-bata düşür. Xahiş edirəm, siz paylaşasınız, bəlkə Fuad müəllimin məktub işinə baxan məmurları onu yerli rəhbərin gözündən yayındıra bilməyələr.
Görünür, Səkinə xanım hesab edir ki, Fuad müəllim hərdən bir mənim səhifəmə də nəzər salır və ya ümumiyyətlə ona göndərilmiş məktubları oxuyur. Biz də şikayətçinin son ümidini qırmamaq xətrinə onu paylaşır, oxuyub-oxumamağı zati-alilərinin öz vicdanına buraxırıq.
Salam, hörmətli Fuad müəllim.
Mən 1999-cu ildə Naxçıvan Tibb Kollecinin müalicə işi ixtisasını bitirmişəm. 2002-ci ildə Naxçıvan alt tirikotaj fabrikinin “Lalə”uşaq bağçasında (indiki 10 saylı bağça) tibb bacısı kimi fəaliyyətə başlamışam. 2021 –ci ilin oktyabr ayına kimi kimi orada fəaliyyət göstərmişəm. Həmin il mənim qeyri- ixtisas olduğum bəhanə edilərək aylıq maaşım azaldıldı. Bunlarla bərabər 8 saat işləyir, şənbə, bazar günləri işə çağırılırdım. Mən maaşımın artırılmasını tələb edəndə isə işdən uzaqlaşdırılmışam.Dəfələrlə Ali Məclisə gəlib etirazımı bildirsəm də mənim əvəzimə ərizə yazıb istəmədiyim halda işdən kənarlaşdırıldım.
Onu da deyim ki, övladım sağlamlıq imkanları məhduddur. Həyat yoldaşım Haçıyev Tahir Şahbuz rayon Yuxarı Remeşen kəndindəndir. 1992 –ci ildə Sədərək və Qarabağ döyüşlərində iştirak edib. Həmin çətin günlərdə sinir xəstəliyinə düçar olub. Sol tərəfi yaxşı işləmir. Bir çox yerlərdə müalicələrdə olsaq da düzəlmir. Ailəm çox çətin vəziyyətdədir. Həyat yoldaşımın və qızımın ağır xəstəliyini müalicə etdirmək üçün bir neçə bankdan kredit götürmüşük. Ailəm indiyə kimi heç bir dövlət qayğısı ilə əhatə olunmayıb. Qızımın sağ əli işləmir. Onun 17 yaşı olsa da imkanım çatmır ki, uşağımı müalicəyə aparım, əlini əməliyyat etdirim. Vaxtınızı çox almaq istəmirəm mən bir il üç aydır ki, işsizəm. Ailəm 80 manatlıq veteran pulu və qızımın əllilllik pensiyasının ümidinə qalıb. Sizdən bir bacı, ana kimi xahiş edirəm ki, mənim ixtisasıma uyğun işlə təmin olunmağıma köməklik edəsiniz.
Hörmətlə Seyidova Səkinə
Naxçıvan şəhəri

Qələmə aldı: Heydər Oğuz
//ovqat.com//
Tarix: 8-07-2023, 22:39
Xəbəri paylaş





Xəbər lenti