Deputat qohumuna iş ala bilmədiyi üçün naziri tənqid edir? - Açıqlama


"Əgər onlar bir az da belə davam etsələr, mən bu dezinformasiya təbliğatı ilə kimlərin məşğul olduğunu mətbuata açıqlayacam”
"Elm və Təhsil Nazirliyi müraciətlərə şablon cavablar verir...”

"Elm və Təhsil Nazirliyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün həqiqətləri demək istəyiriksə, onda nazirlik bu tələbələrin hansı universitetləri bitirdiyini desin, onlar da bundan nəticə çıxarsınlar. Bu ali təhsil müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır. Bir tərəfdən tələbələr məzun olur, diplom verilir, digər tərəfdən isə onlar təkrar sertifikasiyaya cəlb edilirlər. Buna həm vaxt, həm enerji, həm də dövlətin vəsaiti gedir”.

"AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov mətbuata açıqlamasında bildirib.

Millət vəkilinin bu açıqlamasından sonra onun Təhsil nazirindən qohumu ilə bağlı xahiş etdiyi və rədd cavabı aldığı üçün Emin Əmrullayevi qərəzli şəkildə tənqid etdiyinə dair iddialar gündəmə gəlib.

Ceyhun Məmmədov "AzPolitika.info”-ya açıqlamasında yayılan iddiaların əsassız olduğunu bildirib: "O iddiaların heç bir əsası yoxdur. Əgər kimdəsə belə bir fakt varsa, həmin faktı təqdim etsin və biz bunu müzakirə edək. Mənim bu günə kimi Elm və Təhsil Nazirliyindən heç bir şəxsi xahişim olmayıb. Təəssüf ki, kimlərsə bizim tənqidlərimizdən nəticə çıxarmaq, mövcud problemləri həll etmək əvəzinə belə bir yola baş vurublar”.

Deputat təəssüf hissi ilə bildirib ki, əksər hallarda bir sıra nazirliklərdə, xüsusən də Elm və Təhsil Nazirliyində deputatların müraciətlərinə o qədər də normal yanaşılmır və reaksiya verilmir: "Biz bunu dəfələrlə görmüşük. Məsələn, Milli Məclisdə hansısa bir məsələ ilə bağlı ünvanlanan müraciətə Elm və Təhsil Nazirliyi şablon cavablar verir. Həmçinin, bu qurum tərəfindən seçicilərin, ayrı-ayrı şəxslərin müraciətinə də adekvat reaksiyalar verilmir”.

"Ümumiyyətlə, mənim iş fəaliyyətim boyu heç kimdən nəsə şəxsi xahişim olmayıb. Ona görə də bunlar ucuz təbliğatdır. Təəssüf ki, kimlərsə özlərini Elm və Təhsil Nazirliyinə yaxın göstərmək, yaltaqlanmaq üçün belə kobud səhvlərə yol verirlər. Bizim Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığımız var, onların tədbirlərində iştirak edirik. Məsələn, bir az bundan əvvəl mən MİQ imtahanında olmuşam”,- deputat əlavə edib.

Deputat son vaxtlar Elm və Təhsil Nazilriyi ilə bağlı tənqidi çıxışlarına da aydınlıq gətirib: "Bu açıqlamaların məğzi odur ki, müəllimlərə qarşı bu cür münasibət onları dismotivasiya edir. Mən əslində nazirliyə tövsiyə edirəm ki, siz bu qədər müəllimi özünüzdən küsdürməyin, tədrisə marağını azaltmayın. Dediyim kimi, bu sadəcə bir tövsiyədir. Sertifikasiya ilə bağlı dediklərimə gəlincə, mən bildirmişəm ki, universitetlərdə təhsilin səviyyəsini artırmalıyıq.
 
Görünür, bu bəzi insanları narahat edir və onlar təzə metod tapıblar. Guya Etibar Əliyevin, Ceyhun Məmmədovun kimləsə bağlı şəxsi xahiş etdiyinə dair yalan iddialar yayıblar. Mənim bütün tənqidlərim obyektivdir. Heç kim deyə bilməz ki, mənim hər hansı qərəzli bir tənqidim olub”.

Deputat Elm və Təhsil Nazirliyinin bu məsələyə aydınlıq gətirməli olduğunu bildirib: "Əgər bunu Elm və Təhsil Nazirliyi edirsə, onlar bunu etməməlidirlər. Eyni zamanda, nazirliyin ictimaiyyətlə əlaqələr sektoru da bu məsələyə aydınlıq gətirməlidir. Təqdim etsinlər ki, Ceyhun Məmmədov hansı tarixdə, kimdən nə xahiş edib?
 
Azərbaycan ictimaiyyəti, jurnalistləri, ziyalıları məni yaxşı tanıyır.
 
Onlar mənim fəaliyyətimdən xəbərdardırlar. Ona görə də, onlar bu cür adamlar bu yolla heç nəyə nail ola bilməyəcəklər. Mən təxminən bu adamların kim olduğunu da bilirəm. Əgər onlar bir az da belə davam etsələr, mən bu dezinformasiya təbliğatı ilə kimlərin məşğul olduğunu mətbuata açıqlayacam”.
Tarix: 13-07-2023, 22:33
Xəbəri paylaş





Xəbər lenti