Ayağı yer tutan başını götürüb qaçır... - Hökumət narahat deyilmi?

Ayağı yer tutan başını götürüb qaçır...
Hökumət narahat deyil, amma Azərbaycandan xaricə böyük axın var. Bu ölkədə gələcəklə bağlı ümidləri olmayan minlərlə azərbaycanlı mqirant həyatına can atır. Avropa ölkələrinin Bakıdakı konsulluqlarında Şengen vizasına sənəd təqdim etmək üçün növbədə yer tapılmır. Azacıq imkan tapanlar viza müraciəti hazırlayıb. Əksər konsulluqlarda yaxın aylarda yer qalmayıb.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, xüsusilə müharibədən sonra ölkədə sosial vəziyyət pisləşib. Qiymətlər çox artıb. Minimum əməkhaqqını cüzi artırmaq itkiləri kompensasiya etmək imitasiyasından başqa bir şey deyil. İnsanlar böyük sosial çətinliklərlə üzləşib. Müstəqillik dövrünün ən çətin dövrlərindən biri yaşanır. Məhz buna görə də mühacir həyatı barədə düşünənlərin sayı heç vaxt olmadığı qədər artıb.

Azərbaycanlılar viza müraciəti zamanı nəyə ümid edir? Siyasi sığınacaq haqqında düşünənlərin sayının azaldığını demək olar. Çünki Avropa ailəsi daha bu məsələyə isti yanaşmır. Ukrayna müharibəsi başlayandan başqa xalqların siyasi motivlə müraciəti əvvəlki qədər əhəmiyyətli sayılmır. Çünki ukraynalılar bütün Avropaya yayılıblar. Hətta Norveçin uzaq, qışın ağır keçdiyi qəsəbələrində, kəndlərində də Ukraynadan pənah gətirmiş miqrantlara rast gəlmək olur. Avropa müharibədən qaçanlara daha həssas yanaşmağa başlayıb. Hətta Ukraynadan gəlmiş azərbaycanlılar Azərbaycandan gedənlərdən xeyli yaxşı münasibət görürlər.

Yəni buradan mühacir həyatı üçün köhnə qitəyə üz tutanlar siyasi motivlərə çox da bel bağlamır. Ən əsası iş imkanlarıdır. Son bir il, ilyarımda Polşa əcnəbilərə qucaq açmağa başlayıb. Nə qədər azərbaycanlı bu ölkəyə üz tutub. Polşa həm də Almaniyaya keçmək perspektivi vəd edir. Gedənlər bu amili vacib sayır. Çünki sorğulara görə, azərbaycanlılar ən çox Almaniya və Kanadaya köçmək istəyirlər.

Almaniya şərtləri yumşaltmaq qərarına gəlib. Turistlər iş tapacağı halda ölkədə qala bilər. Ölkədən gedənlər də buna ümid edir. Əlaqələrlə Almaniyada münasib iş tapmaq orada qalmaq imkanı yaradır. Buna görə də mümkün olan bütün vasitələrdən istifadə edilir. Bütün konsulluqlar müraciətlərlə dolub daşır.

Əslində, baş verənlər çox kədərlidir. Nə qədər istedadlı, bacarıqlı azərbaycanlı vətəni tərk edir. Onlar, bəlkə də, bir daha ölkəyə qayıtmayacaqlar, faydalı ola bilməyəcəklər.
Tarix: 14-07-2023, 09:48
Xəbəri paylaş





Xəbər lenti