Azərbaycanda da kasıblar üçün mağaza açılacaq? - AÇIQLAMA

       


Azərbaycanda da kasıblar üçün mağaza açılacaq? - AÇIQLAMA
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 milyard 865 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % çoxdur. Son 1 ildə ölkədə istehsal edilmiş heyvandarlıq məhsulların dəyəri 3,7 % artaraq 2 milyard 897 min manat olub. Azərbaycanda 2023-cü ilin yanvar-iyun ayları üzrə quş əti də daxil olmaqla diri çəkidə 285,4 min ton ət istehsal edilib, ötən ilin eyni dövrünə nisbətən ət istehsalı 3,1 % azalıb.

Məlumdur ki, illərdir, heyvandarlıq sahəsi kiçildilir, sıxışdırılır. İdxal və ixracın azalması isə adambaşına düşən ət istehlakı faizinə təsir göstərir, qiymətlərin artmasına səbəb olur. Dünyanın bəzi ölkələrində, xüsusilə bu sahədə idxal-ixrac balansı pozulan ölkələrdə sosial mağazalar fəaliyyət göstərir. Bu mağazalar sosial durumu aşağı olan vətəndaşlar üçün xidmət göstərir və daha ucuz qiymətə rifahı aşağı olan vətəndaşlara da ət və ət məhsulları almaq imkanı tanınır. Məhz dövlət dəstəyi ilə fəaliyyət göstərən sosial mağazalar xüsusi qaydalarla müəyyən edilən hissələrində açılır. Hazırda bu tip mağazalar həm İranda, həm də Türkiyədə fəaliyyət göstərir.

Maraqlıdır, ölkəmizdə də belə mağazaların sərbəst fəaliyyətinə şərait yaradıla bilər?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, burada həmin layihənin həyata keçirilməsi üçün cəmiyyət hazır olmalıdır:

“Bunu reallaşdırmaq bir qədər çətindir. Xüsusilə, Avropa ölkələrində bu proqram tətbiq olunur. Ümumiyyətlə, sosial mağazalara xüsusi tanıtım nişanı vurulur və bununla bəlli edilir ki, bu mağazalar sosial gəliri aşağı olan vətəndaşlar üçündür. Həmin mağazalardan gəlirləri yuxarı olan vətəndaş ən azı özünə sığışdırmır ki, məhsul alsın.

Bu da dövlət layihəsi olaraq həyata keçirilir. Hökumət həmin mağazanın xərclərini qarşılayır. Azərbaycanda bunun tətbiqi bir qədər çətindir. Çünki Azərbaycan cəmiyyətində o təfəkkür yoxdur ki, gəliri normal olan şəxs desin ki, kasıblar üçün olan mağazadan alış-veriş etməyim. Hökumət bu mağazaları açsa, gərək alış-veriş kartı versin. Əks təqdirdə varlı da, kasıb da həmin mağazadan alış-veriş edəcək. Burada da ayrı-seçkiliyin qoyulması halı ortaya çıxacaq. Bu da hökumət üçün mənfi haldır. Bu ölkə üçün asan başa gələn iş deyil".

Ekspert qeyd edib ki, hər bir ölkə çalışır ki, istənilən kənd təsərrüfatı məhsulundan tələbatı ödəyəcək qədər istehsal etsin:

"Azərbaycanda isə istehsal olunan yerli məhsullar ancaq tələbatın yalnız 40-50 faizini ödəyir. Qalan hissə xaricdən idxal olunur. Amma Azərbaycanın kifayət qədər potensialı var ki, əhalinin ətə olan tələbatını tam şəkildə ödəsin. Bunun üçün də addımlar atmaq lazımdır. 2014-cü ildən etibarən hər il heyvandarlıq sahəsi kiçilir, sıxışdırılır. Hazırda pambıq sahələrinin genişləndirilməsi heyvandarlığın sıxışdırılması ilə müşayiət edilir".
Tarix: 14-07-2023, 23:03
Xəbəri paylaş





Xəbər lenti