Milli Mətbuat Günü jurnalistə edilən 'HƏDİYYƏ'... - "İlk dəfə anamın tez öldüyünə sevindim..."

Milli Mətbuat Günü jurnalistə edilən 'HƏDİYYƏ'...
Eldar Mahmudovun dövrü idi. Mətbuat sahəsindən çoxdan uzaqlaşdırılmış, diş texnikiliyi ilə ailəmi dolandırır, bəzən ürəyim dolanda şeirlərlə içimdəki enerjini çıxarırdım.

Bir gün qulağıma çatdı ki, bəs Eldar Mahmudov mənim barəmdə də dosya hazırlayıb və müvafiq orqanlara göndərib. Həbsim reallaşmaq üzrədir. Üstəlik, həmin dosyada ən ağlasığmaz iddialar yer alır və yəqin ki, məni uzunmüddətli həbs gözləyir. Anladım ki, şeirlərim belə bəzilərinin xoşuna gəlməyib və məni susdurmaq üçün öz “istirahətxana”larında qonaq saxlamaq istəyirlər.

Doğrusu, narahat olmadım desəm yalan olar. Məni ən çox narahat edən isə həbsimdən sonra anamın hansı vəziyyətə düşməsi ilə bağlı idi. Oğlunu dünyanın ən məsum insanı kimi tanıyan bu ağbirçəyin xiffətimi çəkə bilməyəcəyini fikirləşmişdim. Qərara aldım ki, bunu tədricən anama deyim, onu gözləmədiyi sürprizlərə hazırlayım. Dedim də. Anam gözlədiyimdən daha çox narahatlıq keçirdi. Mənə irad bildirdi ki, “olmaz ki, dilini dinc qoyasan? Uşaqların var, onları bir tərəfə çıxar, sonra nə qələt edirsən, et də”.

Mən də ona “baş üstə, bundan sonra dilimi dinc qoyaram” deyib, bu şeirimi yazdım:

“Səndin danışmağı öyrədən mənə
İndi “sus” deyirsən, nə sirdir, anam?
Danışmaq öyrəndim susmaq xətrinə?
Bu necə dövrdür, əsrdir, anam?

“Vətən-ana” deyib öyən də sənsən,
Anasın atanı söyən də sənsən,
İndisə mənə “sus”-deyən də sənsən,
Bu, nə çəlişkili fikirdir, anam?!

Qorxursan, qoluma qandal vuralar,
Üzümə duralar üzü qaralar?
Görsən ki, qəlbini bu dərd yaralar,
Sanarsan, bir oğlun kəsirdir, anam.

Ödənən hər bədəl əbəs deyilsə,
Məhbusluq sayılmaz hər neçə ilsə.
Könlümə toxunar “məhkum” deyilsə,
Deyərsən: “Heydərim əsirdir”, anam.

İndi anam yoxdur, uşaqlarım da anamın dediyi kimi bir tərəflərə çıxıb. Bir sözlə, narahat olacağım heç nəyim qalmayıb. Prinsipcə, dövlətimiz də əvvəlki dövlət deyil. Çox şeylər dəyişilib. Amma mən məhz bu dəyişikliklərin fonunda könlümə ən çox toxunan status almışam: məhkumluq.

Səmimi deyirəm, ömrümdə ilk dəfə məlum məhkəmə qərarından sonra “yaxşı ki, anam bu günümü görmədi” deyib, bir növ onun tez ölümünə sevindim. Çünki bu sadəcə bir məhkumluq deyildi. Bu hələ də anamın çox sevdiyi Heydərin yadelli əsarətindən qurtulmadığının ən bariz nümunəsi idi. Çünki bu qərarın rusqafalı mafya tərəfindən verildiyinə əminəm. Və bu qərarın ləğvi üçün əlimdən nə gəlirsə edəcəyəm. Kimsə sevinməsin.

Heydər Oğuz
Ovqat.com
Tarix: 23-07-2023, 12:29
Xəbəri paylaş





Xəbər lenti