Mötədillik ədalət sözündən törəmiş olsa da, tam olaraq bu qavramını ehtiva etmir. - Baş redaktor

Mötədillik ədalət sözündən törəmiş olsa da, tam olaraq bu qavramını ehtiva etmir. - Baş redaktor
Zəruri izahat

Suraxanı rayon Məhkəməsinin mənim barəmdə çıxardığı hökm bir çox dostlarımda yanlış anlaşılmalara yol açıb. Bəziləri islah işləri cəzasını küçələri süpürmək, ictimai ayaqyolunu təmizləmək və s. kimi başa düşür və mənim qəsdən aşağılanmaq istənildiyimə üzülürlər. Dostlarımın diqqətinə çatdırıram ki, onların beynində formalaşan bu cəza növü “ictimai işlər”dir. Hakim isə mənə “ictimai işlər” yox, “islah işləri” cəzası kəsib. “İslah işləri” cəzasında bunlar nəzərdə tutulur:

“Maddə 49. İslah işləri

49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.

49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

49.3. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır”.

Bir sözlə, dostlar narahat olub, düşmənlər sevinməsin. Hakim mənə tualet təmizlətməyi, küçələri süpürtməyi rəva görməyib. Sadəcə maaşımın 5-20%-ni dövlət nəfinə tutulması barədə qərar qəbul edib. Hakimin bu qərarını mötədil hesab etmək olar. O, bu qərarla nə mənim, nə də qarşı tərəfin qüruruna toxunmaq istəməyib və buna görə də şəxsən ona öz təşəkkürümü bildirirəm.

O başqa məsələdir ki, mötədillik ədalət sözündən törəmiş olsa da, tam olaraq bu qavramını ehtiva etmir. Mötədillik yarımçıq ədalətdir. Məhkəmə hökmü isə yalnız tam ədalətli olanda öz həqiqi möhtəvasına qovuşur. Mənim əməlimdə CM-nin 174.2. maddəsinin heç bir əlaməti olmadığından bu qərarı ədalətli saymıram və mən onun dəyişdirilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət etmək barədə düşünürəm. Ümid edirəm ki, Apellyasiya Məhkəməsi bu mötədil qərarı ədalətli qərara çevirən hökm çıxaracaq və məni öz hüquqlarım uğrunda mübarizədə yarı yoldan geri qaytaracaq.

Bu, məlum məhkəmə hökmü barədə deyəcəyim son sözdür və qavram qarışıqlıqlarına aydınlıq gətirmək məqsədilə yazılmışdır. Bundan sonrakı çalışmalarımı danışmağa yox, mötədili adilə çevirmək üçün əməli fəaliyyətə sərf edəcəyəm. Mən üzərimdə məhkum damğası daşımaq və bu yüklə yaşamaq istəmirəm.

Heydər Oğuz
Ovqat.com-un baş redaktoru
Tarix: 25-07-2023, 12:13
Xəbəri paylaş





Xəbər lenti