MİDA tamaşası, yaxud bir xalqı bu şəkildə ələ salmaq kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...

MİDA tamaşası, yaxud bir xalqı bu şəkildə ələ salmaq kimə lazımdır?
Mənzil İnşaatı üzrə Dövlət Agentliyi var. Hamınız bilirsiniz. Bu təşkilatı qısaca MİDA adlandırırıq. Asan olsun deyə. Bir növ mənzil satışının ASAN Xidməti kimidir sanki. Ancaq ordan mənzil almaq heç də asan deyil.
Artıq neçənci dəfədir ki, sosial mənzillərin satışı vaxtı MİDA-nın rəqəmsal sistemi çökür. İnsanlar saniyələr içində seçim edib, təsdiq düyməsini basmalıdır. Ancaq müraciət çox olduğundan sistem buna tab gətirmir. Həm də bu rəqəmsal sistemin qurulmasına dövlət zamanında ətək-ətək pul xərcləyib. Deməli, çökən heç də, sadəcə, MİDA-nın sistemi deyil. Buna dövlət büdcəsindən qucaq dolusu pul ayıran, xərclənməsinə nəzarət etməli olan sistemlər də çökmüşdür demək! Əvəzində çökməyən, əksinə gündən-günə çiçəklənən bir korrupsiya sistemi var.

Sözün doğrusu, bu, sosial ev, eləcə də, sosial ipoteka layihələrinə heç vaxt sona qədər inanmaq olmur. Çünki o layihələrdə iştirakın şərtləri asan deyil. Ölkədə normal əmək bazarı formalaşmayıb. Leqal əməkhaqları hələ də çox aşağıdır. Biznes total inhisardadır. Müxtəlif sistemlərdə maaşlar müxtəlif şkalalarla ödənilir. Ona görə də “sosial” dediyimiz güzəştlərdən yenə də imkanlılar yararlanır.

Misal üçün, bir gənc ailədən ilkin ödəniş tələb edirsən. O, bütün şərtləri ödəyə bilsə də, ilkin ödənişə pul çatdırmır. Ona görə də sosial ipotekanın hər cür formasından kənarda qalır. Yaxud Azərbaycan Beynəlxalq Universitetinin hüquq (!) fakültəsini birtəhər bitirib vergidə, ya gömrükdə işə düzəlmiş, yüksək maaş alan biri ilə qlobal reytinqli universitetdən məzun olmuş az maaşlı müəllimin rəqabətini düşünün. Kim alacaq sosial evi? Əlbəttə, məmur. Müəllim isə baxa-baxa qalacaq. Çünki ödəniş qabiliyyətli hesab olunmayacaq.

Ümumiyyətlə, bəlkə də heç MİDA lazım deyil. Çünki güzəştlərdən də axırda yenə imkanlılar yararlanacaqsa, nə faydası var?

Seyid Əhmədli, Bizimyol.info
Tarix: 30-07-2023, 08:32
Xəbəri paylaş





Xəbər lenti