Azərbaycanda həqiqətən ziyalı yoxdur? – FİRUZ HAŞIMOV YAZIR

Azərbaycanda həqiqətən ziyalı yoxdur? – FİRUZ HAŞIMOV YAZIR

Şuşanı satanlara söz deməyən adət-ənənənin, dinin də təəssübünü çəkməz
Rəhmətlik Cəlal Əliyevin vaxtilə ifritə adlandırdığı Fatma Abdullazadə, hamının nifrətini qazanmış Ramiz Mehdiyevin özü və əlaltıları mənəvi mühiti elə zəhərlədilər ki, onun altını uzun illər çəkəcəyik. Uzun illər Moskva irticasına sədaqətlə qulluq eləmiş məlum banda istədiyinə çatıb, ölkədə qeyrətli ziyalını gündüz çıraqla axtarmaq lazım gəlir...
İyul ayının 21-də illər boyu imanında “sabitqədəmliyi” ilə ad çıxarmış bir qəzetdə özünü həmişə sərrafi süxənlərin sərdarı kimi göstərmnəyə çalışan bir ağanın gül dəhanından çıxmış bu sözləri oxudum: “Azərbaycanda ziyalı tanımıram!”. Elə belə də deyib, tanımıram, vəssəlam!
Söz yiyəsinin hansı “kəramət” sahibi olduğunu açmaq niyyətim yoxdur. İş bundadır ki, deyilən həqiqətdir! Faciəmiz ondadır ki, məhz müstəqillik illərində bütün qəbahətlərimiz üzə çıxdı, millətin qaymağı sayılan zümrə heç nəyə yaramadığını sübut etdi. Bütün şüurlu həyatları boyu daima əmrləri can-başla yerinə yetirməyi öyrənmiş şəxslər başlarını itirdilər. Bunlar millətin qanını tökmüş cəlladları da öz adları ilə çağırmağa cürət etməyib, hər yerdə “sovet” sözü işlətdilər. Kommunist diktaturası dövründə üzə duran tək-tük ziyalı görmək olardı. Amma indi heç kim “pis kişi” olmaq istəmir. Tam cəzasızlıq mühitində var-dövlət, malikanə, kapital qazanmaq imkanı olduğu halda şücaət göstərmək axmaqlıq sayılır. Onlarla muzey, qalereya təhlükə qarşısında qalanda bir ziyalının ağlına gəlmədi ki, o sərvətin cüzi hissəsini də olsa aradan çıxarsın. Bundan əvvəlki məqaləmdə talan edilmiş, qiymətli eksponatları oğurlanmış ocaqların sayını yazmışdım. Birinin tükü tərpəndimi?
Üç-dörd haramzada Üzeyir bəyin irsinə təcavüz edir, hamı susur. Mirzə Cəlilin ölməz əsərini karikatura gününə salırlar, hamı susur. Hələ qırx il bundan əvvəl adlı-sanlı sənətkar K. Kazımzadə xalça çeşnilərinin başlarına gətirilən oyunlardan yazmışdı. Mən bədbaxt da onda çıxış edib onun səsinə səs verdim. Yazdım ki, bizim 600 çeşnimiz xalqın mədəni pasportudur. Azərbaycan xalqını əsrlərin keşməkeşlərindən, mənəvi fəlakətlərdən üç amil üzüağ çıxarır, klassik muğamımız, adət-ənənələrimiz və bir də 600 çeşni, dünya dekorativ sənətinin bimisl xəzinəsi.
Telekanallarda gedən heyvərə, ardan, qeyrətdən tam uzaq verilişlərə baxanda şəxsən mən azərbaycanlı olmağımdan utanıram. Onu görürsən ki, küt aparıcı qır-saqqız olub yapışıb bir yaşlı qadına, guya, bu nənə toy adətləri barədə nəsə deyəcək. Axı bu yazıq nənə hələ cavan qız olan vaxtda artıq bizim qədim mərasimlərdən əsər-əlamət qalmamışdı.
70 il ərzində partiya, komsomol fəalları, satqın qələm sahibləri  bizim adət-ənənələrə elə toy tutmadılar ki, onlardan nəsə yaxşı bir şey qalsın. Azərbaycanda harda görünmüşdü ki, 20-30 nəfər qadınlı-kişili güruh ortaya girib oynasın?! Gəlin hara, ağ libas, ağ toy paltarı, ağ duvaq hara?! Çoxu bilmir ki, qədim atəşpərəst Azərbaycanda ağ rəng matəm rəngi sayılırdı, ancaq dul qalmış qadınlar bu rəngdə paltar geyərdilər ki, fərqlənsinlər. Götür-qoy eləmədən, heç nəyi öyrənmədən xaçpərəstlərin öz qız-gəlinlərinə geyindirdiklərini toy libası kimi əxz etdik. Bu dəqiqə bizim bir toyda içilən araq dörd-beş rus toyuna bəs edər. Mən hələ “Toy valsı” adı altında bir yerdə o yan-bu yana yırğalanmaqdan danışmıram. Çoxu bilmir ki, bizim toylarda yaşlı kişilərin, kübarların oynamağı heç kimin ağlına da gəlməzdi. Söz düşəndə bizim “Patriotlar” tez-tez “Yallıdan” danışırlar. Zəngin urbanist mədəniyyətin hökmfərma olduğu şəhər və qəsəbələrdə “Yallı” heç yada da düşmürdü. Toylarımız barədə geniş məlumat almaq istəyənlər unudulmaz tədqiqatçı rəssam Elçin Aslanovun əsərinə müraciət etsələr yaxşı olar. Biz yaxşı bilirik, “Yallını” nə vaxt, kimlər nə münasibətlə gediblər. Mənim məqsədim toy adətlərindən danışmaq deyil.
...Əsl savadlı, yüksək erudisiyalı ziyalıların göz qabağında olmaması ucbatından estrada, özəl telekanallar əsl barbarlıq, düşüklük bataqlığına düşüblər. Kimi dindirirsən, “Mən Azərbaycanın primitiv, tərbiyəsiz kanallarına baxmıram”, - deyir. “Xəzər” telekanalında aparıcıların əksəriyyəti xalqı sözün tam mənasında ələ salırlar. Başa düşmürəm, bu cahillərə kim ixtiyar verib bunlar efirə çıxıb ağızlarına gələni desinlər?
... Bəstəkarın not yazıları qalır, onlar çox vaxt it-bat olmur. Amma el havaları, qədim xalq mahnıları isə qalıb qondarma “vokalistlərin” əllərində. Kim nə istəyir eləyir. Danışan yoxdur. Axı söhbət neçə əsrlik tarixi olan musiqi sərvətindən gedir.  Heç vaxt imkan vermək olmaz ki, hansısa pullu əbləhin köməyi ilə estradaya, telekanala çıxan “gözəlcə” qədim bir mahnını murdarlasın. Bir-iki mövsüm dəbdə olan belə “sənətçinin” vurduğu zərbə çox sirayətedicidir. Bunun nə olduğunu doğrudanmı başa düşmürlər?
Ürəyi yanan qələm sahiblərini, qeyrətli ziyalıları da çox gözəl başa düşürəm. Söz deməyə, həyasız “vokalisti” yerində oturtmağa nə gücləri çatır, nə də cəsarətləri. Layiq oldu-olmadı kimə gəldi verilmiş fəxri adlar, ənamlar çoxu üçün həm sipərdir, həm də “cənnət qəbzi”, yəni nə qələt eləyirsən elə, bütün günahlarından keçəcəklər. Neçə-neçə gözəl sənətçi tanıyırıq ki, vaxtında nə mükafatlarını, nə fəxri adlarını ala bilmədilər.
Rəhmətlik Cəlal Əliyevin vaxtilə ifritə adlandırdığı Fatma Abdullazadə, hamının nifrətini qazanmış Ramiz Mehdiyevin özü və əlaltıları mənəvi mühiti elə zəhərlədilər ki, onun altını uzun illər çəkəcəyik. Uzun illər Moskva irticasına sədaqətlə qulluq eləmiş məlum banda istədiyinə çatıb, ölkədə qeyrətli ziyalını gündüz çıraqla axtarmaq lazım gəlir. Qəddini dirçəltməyə başlamış azərbaycanlının qədim Romanın plebeyi səviyyəsinə düşməsini istəyənlər söz sahibinə dönüblər. Bunların qənaətinə görə sıravi azərbaycanlı doyunca yeyib-içməli, danışıq mövzusu məhəllə qeybətindən o yana getməməli, axşamlar oturub özəl telekanallarda bədənlərini əsdirən “gözəlcələrə” baxmalı, sağlam yumoru təlxəkliyə döndərənlərin çıxışlarını alqışlamalıdır.
Hamı bilir ki, başqa ölkələrdən it kimi qovulmuş neçə-neçə sekta, dini qurum kimlərin köməyi ilə qeydiyyatdan keçib daxildə təxribat aparır. Deyilənə görə, Anar ağanın qoşun-ləşkərində iki min qələm bahadırı var. Bu son illərdə bir dəfə eşitmişiniz ki, bunların içindən bir kişi çıxıb, göz qabağında xalqın mənəviyyatına qarşı iş aparan din dəllallarının əleyhinə iki kəlmə desin. 
Firuz HAŞIMOV
Tarix: 1-08-2023, 23:23
Xəbəri paylaş





Xəbər lenti