“Əxlaq” polisləri, yaxud içimizdəki vəliqulular

Son günlər qəribə proseslər gedir – “içimizdən” biri Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının zorla məskunlaşdırmağa çalışdığı bir ovuc erməniyə status verməli olduğumuzu bəyan edir, Fransa prezidentinin bizimlə bağlı açıqlamalarında haqlı olduğunu, bizim Makronu tənqid etməli olmadığımızı bildirir; bir başqası funksional fəaliyyəti hakimiyyətin zəif tərəflərini tapıb öz alternativlərini təqdim etmək, hakimiyyətə gəliş perspektivlərini formalaşdırmaq əvəzinə bir xanıma, bir anaya qarşı çirkin mübarizəyə başlayır. Səbəb?

Səbəb çox sadədir: Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra növbəti ən böyük nəticələri əldə edir:
1. Laçın dəhlizində nəinki bizim, hətta Qərbin və Rusiyanın da gözləmədiyi qətiyyətli və uğurlu gediş edilir - Laçın Nəzarət Buraxılış Məntəqəsi təmin olunur;
2. Erməni və havadarlarının cəhdlərinə baxmayaraq, Azərbaycanı geri addım atmağa məcbur edə bilmirlər;
3. Yüzillərdir Orta Şərq və Qafqazla bağlı oyunlar, gizli planlar quran beyin mərkəzləri türlü planlar qursalar da, Azərbaycan təmkin, soyuqqanlılıq, hüquqi əsaslar və ən əsası xalq-hakimiyyət birliyi ilə bu planları alt-üst edir;
4. “Humanitar yardım” şousuna start verilir, Azərbaycan təxribatlara çəkilir. Hakimiyyət proqnozlaşdırılan təxribatlara getmir, soyuqqanlı davranışlarla “şounun drijorları”na manevr perspektivi yaradılmır. Hikmət Hacıyevin qeyd etdiyi kimi: Oyun bitir! Həm də başlamadan!
5. Oyunu pozmağı bəs etmir, daha bir uğurlu gediş: belə gərgin situasiyada, oyunlar üstünə oyun qurulduğu, Azərbaycan ətrafında informasiya mühasirəsi yaradıldığı bir vaxtda heç kimin proqnozlaşdıra bilmədiyi, tam əksinə, Azərbaycanın risk edə bilməyəcəyi düşünüldüyü bir vaxtda qatil Vaqif Xaçatryan saxlanılır və Bakıya gətirilir.
Və... sizcə, bütün bunlar cavabsız qala bilər? Sizcə, xarici siyasətdə zərbə vura bilmədikləri Azərbaycandan belə rahat əl çəkər Avropa, Rusiya, İran və onların içimizdəki “goreşənlər”i? Əl çəkməzlər. Bəs neyləmək lazımdır? Daxildəki əlaltılar işə salınmalıdır!
İndi bildiniz son dövrlər daxildə, sosial şəbəkələrdəki gərginliyin, mövzu dəyişikliyinə cəhdlərin, “əxlaq” axtarışları, “status” söhbətlərinin hədəfi nədir və haradan sifariş olunur?..
İndi isə yazının başlığı haqda...
Allah Mirzə Cəlilə rəhmət eləsin! Yüz il bundan öncə yazdıqları, təəssüf ki, bu gün də aktuallığını saxlayır. Mütəfəkkirin “Danabaş kəndinin əhvalatları” toplusunun bir hekayəsi olan “Eşşəyin itməkliyi”ni oxuyanlar bildi, oxumayanlar üçün qısaca izah edim ki, Məhəmmədhəsən əmi itən eşşəyini illər sonra təsadüfən tapır və hadisə eşşəyin tapılması üzərində vaqe olur. Amma o vaxt ki, əsas proses yekunlaşıb, Xudayar bəy Kərbəlayı Heydərin varına, dövlətinə, arvadı Zeynədə sahib olub və bu işdə əsas əlaltısı kimdir?
Kərbəlayı Heydərin və Zeynəbin oğlu Vəliqulu, Xudayar bəydən nələrsə gözləyən Vəliqulu. Təəssüf ki, vəliqulularımız bu gün də öz vəzifələrini can-başla icra etməkdədirlər, onlara tapşırılmış vəzifələri də...
Tarix: 1-08-2023, 23:29
Xəbəri paylaş





Xəbər lenti