İstirahətə gedənləri kimlər necə aldadır? — AÇIQLAMA




Ucuz  aviabilet və tur paket satışı adı ilə vətəndaşları aldadıb pullarını ələ keçirən şəxs həbs edilib. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı votsap qrupu açaraq özünü turizm şirkətlərindən birinin nümayəndəsi kimi təqdim edib, vətəndaşları aldadıb. 

Bu kimi dələduzluq hallarından qorunmaq üçün nəyə diqqət etməliyik? 


Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında bildirib ki, dəqiq araşdırma aparmadan səyahət planlamaq olmaz. 

“Texnologiya əsrində yaşayırıq. İnternet vasitəsilə hər bir şeyi araşdırmaq olur. Bəzi insanlar biletləri bir neçə yerdən dəqiqləşdirir, sonra alır və ya tur paketləri bron edir. Qiymətlərdə cüzi fərq ola bilər. Hər bir məhsulun maya dəyəri var, üzərinə müəyyən məbləğ qoyulub, satılır. Amma fərq böyükdürsə və bu fərqi görüb, bilə-bilə o məhsulu alan şəxs təbii ki, aldanacaq”. 

Ekspert qeyd edib ki, yalnız rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə müraciət etmək lazımdır.


“Dövlət Turizm Agentliyi tərəfindən Turizm İnformasiya Sistemi (Turizm Reyestri) istifadəyə verilib. Turizm şirkətləri reyestrdə qeydiyyatdan keçməlidir. Bundan başqa Turizm Agentlikləri Assosiasiyası var. Oraya üzv olan şirkətlərə etibar etmək lazımdır”.

Ə.Şiriyev onu da əlavə edib ki, turizm xidmətlərindən yararlandıqda mütləq xidmət göstərən şirkətlə yerincədə tanış olmaq gərəkdir. 

“3-5 min pul ödəyib tur paket alanda gedib həmin turizm şirkətinin ofisinə, göstərdiyi xidmətlərə baxmaq lazımdır. Araşdırmaq, sosial şəbəkələrdə haqqında yazılan rəyləri nəzərdən keçirməkdə fayda var. 

Etibarlı, tanınan şirkətlərdə qiymət bir az baha ola bilər, lakin alıcıların 90 faizi də məhz etibarlı olduğu üçün belə şirkətləri seçir. Çox vaxt bron edirlər, bu sənədlər saxta sayılır, qanuni deyil. Bu üsulla tur paket alan insanlar istirahət üçün getdikləri ölkədə acınacaqlı vəziyyətlə üzləşirlər, məlum olur ki, rezervasiyaları yoxdur, sadəcə brondur. Təsəvvür edin o insanın halını. Dələduzların insanları bu cür tora salması, digər turizm şirkətlərinin də etibarını zədələyir, ölkədə turizm şirkətlərinə inam azalır. Bu məsələ ciddi nəzarətə alınmalıdır”.
Tarix: 10-08-2023, 13:48
Xəbəri paylaş





Xəbər lenti