Bir qrup məcburi köçkün qadın Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT

Bir qrup məcburi köçkün qadın Konstitusiya Məhkəməsinə müraciət edib
Bir qrup məcburi köçkün qadın Nazirlər Kabinetinin onları müavinətdən məhrum edən qərarının ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

DİA.AZ bildirir ki, Abzas Media-ya bu barədə feminist fəal Nisə Hacıyeva məlumat verib.

Hacıyevanın sözlərinə görə, Nazirlər Kabinetinin məcburi köçkünlər üçün ayrılan müavinətlərlə bağlı qərarında qeyd olunub ki, məcburi köçkün qadınlar analoji statusu olmayan şəxsə ərə getdiyi, həmçinin sonradan boşandığı zaman onlara müavinət verilmir.

Feminist fəal deyir ki, bu, qanunvericilikdə olan ayrıseçkilikdir:

“Bundan əvvəl 2002-ci ilin qərarına görə də məcburi köçkün qadınlar məcburi köçkün olmayan kişi ilə evləndikdə onların müavinəti kəsilirdi. Lakin həmin qərarda bu, bir az qəliz ifadə olunmuşdu. 2017-ci ilin qərarında isə ətraflı belə bir bənd əlavə olundu.

Bununla bərabər, məcburi köçkün statusunun verilməsi haqda qaydalarda qeyd olunub ki, yalnız atası məcburi köçkün olan uşaqlara məcburi köçkün statusu şamil olunur. Amma təcrübədə ümumiyyətlə məcburi köçkün olmayan şəxslə evlənmiş məcburi köçkün qadınların statuslarını da bərpa etmirlər. Bu halda da qadınlar nəinki müavinəti itirirlər, həmçinin digər imtiyazlardan da məhrum olurlar. Məsələn, pulsuz təhsil və sairə”, – deyə Hacıyeva bildirib.

Feminist fəal deyir ki, müavinətin geri qaytarılması ilə bağlı bəzən qadınlar məhkəməyə müraciət edib, ilk instansiyalarda məhkəmə onların şikayətini təmin etməsə də, Ali Məhkəmə şikayəti təmin edib, müavinəti geri qaytarıb.

Onun sözlərinə görə, bu, yalnız məhkəməyə gedən qadınlar üçün keçərli olub:

“Ümumilikdə isə gərək qərar dəyişilsin ki, bütün məcburi köçkün qadınların hüquqları bərpa olunsun. Bunun üçün də Konstitusiya Məhkəməsinə müraciət edilib. Tələblər ondan ibarətdir ki, Nazirlər Kabinetinin qərarında 2.4-cü bənd ləğv olunsun və məcburi köçkün qadınların kiminlə evlənməsindən asılı olmayaraq müavinətləri kəsilməsin, valideynlər arasında ayrıseçkilik qoyulmadan övladlara məcburi köçkünlük statusu şamil olunsun.

Hər iki şikayətdə vətəndaşlar Konstitusiyanın 25-ci maddəsi ilə təsbit edilmiş bərabərlik hüququnun bərpasına istinad edirlər”, – deyə Nisə Hacıyeva bildirib.

Hüquqşünas Səməd Rəhimli deyir ki, ayrıseçkilik həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağan olunur. Onun sözlərinə görə, məcburi köçkün qadın məcburi köçkün olmayan biri ilə evlənəndə onlar üçün nəzərdə tutulan imtiyazları itirirsə, bu heç bir şübhə olmadan bərabərlik hüququ və diskriminasiya qadağasının pozulmasıdır.

“Həm Azərbaycan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə, eyni zamanda, bu konvensiyanın 12 saylı əlavə protokoluna əsasən bərabərlik hüququ təsbit edilir və diskriminasiya qadağan olunur. Eyni zamanda, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 26-cı maddəsi də bunu qadağan edir”, – deyə hüquqşünas bildirib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, mövzu məcburi köçkünləri əhatə etdiyi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət edək. Komitənin mətbuat xidmətindən sorğumuza cavab veriləcəyi bildirilsə də, sonradan zənglərimizə cavab verilmədi.
Tarix: 12-08-2023, 11:01
Xəbəri paylaş





Xəbər lenti