Nə qədər ki məhkəmələr mətbuat üzərində QILINCA ÇEVRİLƏCƏKSƏ... - Nə ölkə ölkə olmayacaq... nə də sözümüz söz...

Nə qədər ki məhkəmələr mətbuat üzərində QILINCA ÇEVRİLƏCƏKSƏ...
Suraxanı məhkəməsindən baş redaktora Mətbuat Günü "hədiyyəsi"

Bu ilin əvvəlindən Suraxanı Məhkəməsində Naxçıvan Teleradio Şurasının üzvü Sara Əzimovanın tanınmış jurnalist, ovqat(.)com saytının baş redaktoru Heydər Oğuza qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılırdı. S.Əzimova paylaşdığı bir məlumatı H.Oğuzun tənqidi məzmunda şərh etməsindən narazı qalmış, məhkəmədən jurnalistin böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdi. Məhkəmənin gedişində təhqir ittihamı geri götürülmüşdü.
Məhkəmə bu gün, Mətbuat Günü öncəsi başa çatdı. Məhkəmə H.Oğuz-u rəy, mülahizəsinə görə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli saydı, 6 ay müddətinə islah işləri cinayət cəzasına məhkum etdi...
Avropa Məhkəməsi Azərbaycanla bağlı işlərdə jurnalistlərə yazılarına, düşüncələrinə görə cinayət cəzası verilməsini dəfələrlə ifadə azadlığı hüququnun pozuntusu sayıb, dövlətin üzərinə təzminat ödəmək, qanunvericiliyi dəyişdirmək öhdəliyi qoyub. Həmin qərarların icrası ilə bağlı Azərbaycan hökumətinin Avropa Şurası Nazirlər Komitəsinə təqdimatlarında da jurnalistlərə defamasiyaya görə cinayət cəzalarının aradan qaldırılmaqda olduğu təkrar-təkrar vurğulanmaqdadır.
Bütün bunlara rəğmən, məhkəmələrimizin defamasiya ilə bağlı mürtəce təcrübəsindən vaz keçməməsi, jurnalistlərə münasibətdə rahatlıqla məmurların istəyinə uyğun qərarlar verməsi təəssüf doğrurur. Hər belə məhkəmə qərarı azad jurnalistikadan xoflananları, jurnalistləri məhkəmələr vasitəsilə qorxutmağa, susdurmağa daha da həvəsləndirir. Ümid edirəm ki, yuxarı instansiya jurnalistlə bağlı ağır, ifadə azadlığı hüququna zidd qərarı ləğv edəcək, ümumiyyətlə, defamasiya ilə bağlı mürtəce məhkəmə təcrübəsi tezliklə dəyişəcək.

Xalid Ağəli,
Media hüququ üzrə ekspert, hüquqşünas
Tarix: 12-08-2023, 23:05
Xəbəri paylaş





Xəbər lenti