Məmurların QAZİ TAKTİKASI... - AXI NİYƏ?


Məmurlar və bəzi iş adamları tənqidən yayınmağın və etdikləri haqsızlıqların gizli qalması üçün yeni və xoşagəlməz metoda əl atıblar. Öz idarələri və ya şirkətlərində qaziləri və ya şəhid ailələrini işlə təmin ediblər və görün onlardan hansı məqsədlər üçün istifadə edirlər?

Həmin şəxslərin belə həssas təbəqəni işlə təmin etməsini alqışlayırıq. Amma bu işbazlar belə həssas təbəqədən öz çirkin məqsədləri üçün məharətlə istifadə etmələrinə yol vermək olmaz! Son vaxtlar şəxsən şahidi olmuşam ki, haradan əsaslı bir tənqid yazırsan “qazi filankəs” adlı bir neçə profildən üzərimizə hücum gəlir.

Araşdırdıqda görürsən ki, profillər “feyk” deyil, tənqid edilən yerdə çalışan əsl qazidir. Bu adamlar hətta açıq nömrədən jurnalistə zəng də edib, “filan yazını və ya videonu təcili sil” əmrini verməkdən belə çəkinmirlər.

Dəyərli şəhid ailələri və qazilər, imkan verməyin ki, sizi işlə təmin edən bəzi dələduzlar sizi öz faydaları üçün belə qanunsuz fəaliyyətlərə cəlb etsin. Bu, sizin statusunuza hörmət gətirməməklə yanaşı, həm də azad medianın işinə qanunsuz müdaxilə sayılır.

Bu əmələ görə hətta hüquqi məsuliyyətdə də nəzərdə tutulur. Bilin ki, qanun qarşısında: şəhid ailəsi, qazi və jurnalist bərabərdir və eyni məsuliyyəti daşıyır…

Məhəmmədəli Qəribli - DİA.AZ
Tarix: 14-08-2023, 09:26
Xəbəri paylaş





Xəbər lenti