Məktəbli bazarı uğrunda mübarizə

 
Hamı öz malını tərifləyir, amma...
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Valideynlər isə bu formaları paytaxt üzrə 18 məntəqədən əldə edə bilərlər.
Lakin bu məntəqələrdən əlavə, bir sıra ticarət mərkəzlərində də məktəbli formaları satılır.

Bu formaların sintetik materialdan olduğu deyilsə də, qiymətləri valideynlər üçün daha əlverişli hesab olunur. Bundan əlavə, internet üzərindən də məktəbli geyimləri satılır. Belə ki, sosial şəbəkələrdə yeni məktəbli köynəkləri 2 manat 50 qəpiyə təqdim edilir. Qiymətin bu qədər ucuz olması ciddi müzakirələrə yol açıb. Çünki bu qiymətə satılan köynəyin keyfiyyəti ciddi şübhə doğurur.

Bakı Tikiş Evi tərəfindən hazırlanan məktəbli köynəklərinin satış qiyməti 15 manat müəyyən edilib. Maraqlıdır, satış qiyməti 15 manat müəyyən edildiyi halda, onun 2 manat 50 qəpiyə təklif olunması nə dərəcə düzgündür?

“Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov “Bakı-xəbər”ə açıqlamasında deyib ki, kimə uşağının taleyi maraqlı deyil, sabah geyinəndə allergiya olacaq və ya hansısa başqa xəstəlik tutacaq, onu maraqlandırmırsa, gedib ucuz, saxta formalar alır: “Kim istəyir, bizim satış mərkəzimizdən ala bilər, kim də istəmirsə, bu, insanların şəxsi işidir, nə edək? Bütün ərazilərə nəzarət edə bilmirik. Heç vaxt da nəzarət edə bilməmişik. Qarşısını almaq mümkün deyil. Qarşısını almağa gücümüz də çatmır. Oradan-buradan parça gətirib tikib satırlar. Bu, həmişə olub, yenə də olacaq. Biz öz məhsullarımıza cavabdehik. Məhsullarımızın qiyməti baha deyil, üstəlik, pambıqdandır, sintetik deyil, zərərsizdir”. Belə görünür ki, hərə öz malını tərifləyir, amma keyfiyyətə nəzarət edən yoxdur.

Bəs bu bazar necə tənzimlənməlidir?


Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi vətəndaşı, yəni valideyni hər hansısa müəssisədə geyim almağa məcbur edə bilməz: “Nazirliyin işi ondan ibarətdir ki, standart qoysun. Məsələn, desin ki, üst geyim ağ parçadan, ağ rəngdə olmalı, şalvar bu rəngdə, ətəyin uzunluğu filan qədər olmalıdır və sairə. Yəni yalnız bu standartı müəyyənləşdirməlidir. Vətəndaş, valideyn istəyirsə, gedib bunu BTE-dən, istəyərsə də heç aidiyyəti olmayan sexdən ala və yaxud parçanı dərziyə verib, tikdirə bilər. Yəni burada vətəndaşı hər hansı formada qəlibə salmaq, məcbur etmək nə Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsindədir, nə də BTE-nin. Qeyd etdiyim kimi, burada, sadəcə, Elm və Təhsil Nazirliyinin standartı olmalıdır.

Valideynin övladının kifayət qədər keyfiyyətli geyinməsinə və buna görə cibinə uyğun addım atmağa, ən yaxşı faydalılığı görməyə ixtiyarı var. Yəni valideyn üçün ən yaxşı nədir, bunu özü üçün müəyyənləşdirə bilir. Təbii ki, biri qiymətə, biri keyfiyyətə həssas olacaq, amma sonda öz seçimlərini edəcəklər. Hansısa formada valideyni məcbur etmək ki, filan şirkətdən al, bu, qanunsuzluqdur. Yəni qiymət, keyfiyyət məsələsinə valideynlərin özləri sərbəst şəkildə qərar verməlidirlər.

Bazarın qaydası, dövlətin vətəndaşla münasibətlər sistemi bu formadadır və bu formada da həyata keçməlidir".


İqtisadçı ekspert Natiq Cəfərli isə mövzuya bu cür şərh bildirdi: “Ölkənin iqtisadi mənzərəsində bir çox hallarda rəqabətsizlik mühiti olduğu kimi bu sahədə də rəqabətsizlik mühitinin şahidi oluruq. Əslində Bakı Tikiş Evinin istehsal etdiyi formaların satışa çıxarılması və bəzi məktəblərin məhz həmin fabrikin məhsullarını tələb etməsi ciddi suallar yaradır. Çünki Azərbaycan qanunvericiliyində bu sahə dövlət tərəfindən tam tənzimlənməyən sahədir. Yəni burada dövlət qiymət qoymur, birbaşa iştirakçı da deyil. Amma qeyri-rəsmi şəkildə elə bir şərait yaradılır, bir çox məktəblərə hansısa formada təsirlər olur ki, valideynlər məhz BTE-nin məhsullarını alsınlar. Bu da nəticə etibarı ilə BTE-nin qiymətlərinin artmasına, keyfiyyətlə bağlı problemlərin yaranmasına səbəb olur. Çünki başqa istehsal sahəsi yoxdur.

Hətta illər öncə BTE-nin, ümumiyyətlə, məhsul istehsal etmədiyi, Çindən məhsul sifariş edib, öz etiketlərini yapışdırıb, satışa çıxardıqları haqda fikirlər səslənirdi. Yəni bu sahə dövlət tərəfindən tənzimlənmir. Dövlət məktəbləri yalnız məktəbli formasının rəngi, materialı ilə bağlı kriteriyalarını açıqlaya bilərlər və valideynlər sərbəst olmalıdır. Bizdə hələ ki özəl məktəblərdən başqa dövlət məktəblərində qaydalar yoxdur. Özəl məktəblər özəl olduğu üçün öz şərtlərini valideynlərə razılaşdırılmış şəkildə təqdim edirlər və onlar ümumi bir formaya keçirlər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”
Tarix: 15-08-2023, 14:36
Xəbəri paylaş





Xəbər lenti