Əvvəl söyür, sonra “anama getsin” deyir...


Mən söyüşün, təhqirin, vulqar ifadələrin əleyhinəyəm. Normal insan fikrini, hətta etirazını belə mədəni dildə çadırmağı bacarmalıdır. Söyüş acizlərin silahıdır. 
Əvvəllər bəzi tərbiyəsiz uşaqlar, bir də ağıl və intellekt cəhətdən həmin uşaqlardan geri qalmayan bəzi ədəbsiz böyüklər söyüş söyərdi. Söyüş söymək ayıb sayılardı. Buna görə də ictimaiyyət arasında heç kim dilinə tərbiyəsiz söz gətirməzdi.
İndi bəzi böyüklər uşaqları ötüb. Bəzi sözünü xüsusi vurğulamağıma baxmayın, onların sayı həddən artıq çoxdur. Və bu adamlar daha çox sosial şəbəkələrdə cəm olublar. Bığlı-saqqallı, yekəqarın kişilər nadinc uşaqlar kimi söyüş söyməkdən sanki zövq alırlar. Yetdiklərinə yetirlər, yetmədiklərinə daş atırlar. Bir qrup adam var, hər məsələyə münasibət bildirməyi özünə borc bilir. Niyə axı? Sənin fikrin bu qədər önəmlidir? Başqalarına ağıl öyrətmək haqqını sənə kim verib? Tutaq ki, çoxbilmişsən, hər şeydən başın çıxır. Fikrini mədəni adamlar kimi ifadə edə bilməzsən? Uşaq olanda evdə sənə ancaq söyüş söymək öyrədiblər? 
Jurnalist, ziyalı inkubator cücəsi deyil ki, bir-birinə bənzəsin. Biz təkcə xarici görünüşümüzə deyil, həm də daxili aləmimizə, hadisələrə baxışımıza görə bir-birimizdən fərqlənirik. Sizin kimi düşünmədiyimizə görə bizi söyməlisiniz? Söhbət məndən getmir. Vaxtilə qonaq olduğum televiziya verilişlərinin, uzun illərdən bəri yazdığım məqalələrin sayəsində məni az-çox tanıyır, hörmət edirlər. Amma fərqli düşüncə sahiblərinin söyüldüyünün hər gün şahidi oluram. Təkcə yazarlar deyil, sənət adamları, blogerlər də eyni aqibətlə üz-üzədirlər. Sosial şəbəkələrdə bu adamların ünvanına yazılar söyüşləri oxumaqdan gözlərimiz yağır olub. 
Bu gün səhər sosial şəbəkələrdə qarşıma bir video çıxdı. Maraqlı olduğundan ayrıca xəbər hazırlayıb saytda da yerləşdirdik. Deməli, müğənni Afət Fərmanqızı onu təhqir edən bir izləyicisini özünəməxsus şəkildə cəzalandırıb. Dəhşətdir! Mən insanlarla bu cür rəftarı heç cür qəbul edə bilmirəm. Hesab edirəm ki, müğənninin əməlinə hüquqi qiymət verilməlidir. 
Məlum videodakı adamın davranışı isə ikrah doğurur. Siz Allah, adamın etdiyi üzrxahlığa baxın: 
"Afət xanım, sizə yazdığım sözlərə görə dönə-dönə üzr istəyirəm, məni bağışlayın. Qələt etmişəm. Sənə yazdıqlarım öz ailəmə, uşağıma getsin. Bir də belə iş görmərəm, səndən üzr istəyirəm, sənə nə yazmışamsa, uşağıma, atama, anama getsin... Bağışla! Bir də belə qələtlər etmərəm". 
Görəsən, bu adam Afət haqda nə deyib ki, sonradan bu cür alçalmaq məcburiyyətində qalıb? 
Adam yaşından-başından utanar! 
Seymur VERDİZADƏ 
Tarix: 18-08-2023, 23:15
Xəbəri paylaş





Xəbər lenti