''Kənddə nə işıq var, nə də yol'' “Kəndin yarısında qaz var, yarısında yoxdur. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik. Baxmırlar. Belə də dərd olar?” Goranboyun Nərimankənd kəndinin sakini Nazim Əsədov belə deyir. Bildirir ki, kəndlərində qaz yox, yollar bərbad, işığı da digər küçədən ağacların başı ilə gətiriblər. Külək əsəndə kabellər üst-üstə düşüb, sönür:Nazim Əsədov“Ev-eşikdə bir salamat texnika qalmayıb. Zəifləyib sönəndə dəfələrlə televizor, soyuducu xarab olub. Bu hökumət hara baxır? Niyə bizə bu zülmü rəva görürlər, anlamıram. Bir dəfə rayondakı Elektrik Şəbəkəsinə müraciət etdik. Dedik, böyük küçədir, bizə işıq dirəkləri basdırın, işıq çəkin. Cavabları o oldu ki, materiallarını alın, gəlib həll edək. Vətəndaş almalıdır işıq materiallarını? Bu, harada görünüb? Bəs dövlət nə edir? Axı bu şeylərə görə büdcədən vəsait ayrılır”. “8 ildir bərbad vəziyyətdə yaşayırıq” Sakinlərdən Samir Məmmədov dövlətdən onlara işıq, qaz, yol çəkməsini tələb edir. Deyir, az deyil, 8 ildir belə bərbad vəziyyətdə yaşayırlar: “Qaz idarəsinə də müraciət etmişik. Təkcə 500 manat layihəyə istəyirlər. Əlavə də hər ev üçün 90 manat tələb edirlər. Hətta dedilər ki, borunu da siz alacaqsınız. Biz də kasıb adamlarıq. İşsizlikdir, çoxumuz atamızın, anamızın pensiyası ilə dolanırıq. Nə edək? Haradan alaq o qədər pulu?”Samir MəmmədovS.Məmmədov soruşur ki, Yolu, işığı, qazı özləri çəkirsə, onda o idarələr nə işə yarayır: “Bir dəfə işıq çəkdik, kabelini özümüz aldıq. Güclü külək əsən kimi hamısı yerə töküldü. Camaatın çəkdiyi nə olacaq?” “Bütün dirəklər qəzalı vəziyyətdədir” Nərimankənd sakini Faiq Abbasov da şikayətçidir. Deyir, işıq xətləri ağaclara ilişə-ilişə, məhəllələrlə gəlir. Qırılanda da düzəltmirlər:Faiq Abbasov“Amma 5 manat borc yığılan kimi işığımızı kəsmişdilər. Günlərlə gəlib bağlamadılar da. Axırda ayağım əsə-əsə çürük dirəyə çıxıb özüm bağladım. Kəndə işıq 1978-ci ildə çəkilib. Bütün dirəklər qəzalı vəziyyətdədir. Bunu da dəfələrlə demişik, ancaq kimə deyirsən, heç veclərinə də deyil”. “Artıq idarələrə yox, ASAN Xidmətə müraciət edirlər” Sakinlər problemləri ilə bağlı dəfələrlə Goranboy Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini söyləyirlər. Ancaq bir tədbir görülməyib.NərimankəndGoranboy Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, ola bilər məktub gəlib, ancaq ümumi şöbədədir: “Nə qədər inandırıcıdır ki, bir kəndin yarısında qaz ola, yarısında yox? Görünür, yeni məhəllələrdir, sonradan salınıb. Qaz xətti isə çoxdan çəkilib. Elektrik enerjisi və yollar da onun kimi. Hər halda, sizə şikayət etmək yerinə ASAN Xidmətə gedib ərizə ilə müraciət etsinlər. Ərizə yazmaq və müraciət etmək pulla deyil. Həmin müraciətlər dəyərləndiriləndən sonra onların işinə baxılır. Artıq idarələrə yox, ASAN Xidmətə müraciət edirlər”.Siam.az