Bir çox yerlərdə elektrik xətləri təhlükəsizlik tələblərinə cavab vermir
Bərdənin Mustafaağalı kənd sakinləri elektrik naqillərinin yaratdığı təhlükə barədə şikayətləniblər.Bildiriblər ki, elektrik xəttlərindən onların həyatına yaratdığı təhlükədən hər an qorxu içərisindədirlər.Həm həyatlarına təhlükə var, həm də küləkli havalarda işıqları tez-tez sönür.
Kənd sakini Faiq Məmmədov da elektrik xətlərinin yaratdığı təhlükədən narahatçılıq keçirdiyini bildirib: “Biz qəzalı vəziyyətdə olan elektrik xətlərinindən həyatımıza yaratdığı təhlükədən qorxuruq.Hər an bədbəxt hadisənin baş verməsi mümkündür. Xüsusilə uşaqlarımızdan nigaran oluruq.Birdən elə olur ki, naqil qırılıb yerə düşür.Həmin vaxt uşaqlar ağıllarına gəlmədən naqilə toxunsalar böyük faciəyə düçar ola bilərdik.Naqilləri daşıyan dirəklər elektrik şbalları deyil,nazik, əyri ağaclardan qoyulub.Bizə gələn naqil elektrik məftili yox, adi evdə enerjini şəbəkələrə çatdıran şnurlardan ibarətdir. Bu naqildə evlərə enerjini çatdıranda enerjini ötürməyə müqaviməti çatmır.İşıqlar çox vaxt közərir.Evi yaxşı işıqlandıra bilmir”
Digər kənd sakini Mənsur Muradov da elektrik naqillərinin yaratdığı təhlükədən danışıb: “ Bir dəfə naqil qırılıb aşağıdan keçən qaz xəttinin üzərinə düşmüşdü.Əlini dəmirə vuran olsa bədbəxt hadisə qaçılmaz ola bilərdi.Əlimdəki quru ağacla dəmirdən araladım.Energetiklərə məlumat verəndən sonra gəlib, yerinə bağladılar.Biz bu barədə yerli şəbəkənin rəhbərliyini məlumatlandırdıq ki, tədbir görsünlər. Ancaq biz deyib, özümüz eşidirik.”
Küçənin Zabil, Müşfiq , Pərviz adlı başqa sakinləri də elektrik xətlərinin yarıtmaz,acınacaqlı vəziyyətdə olduğunu, insanlar üçün təhlükə yaratdığını bildiriblər.Onlarda Bərdə Elektrik şəbəkəni hansısa bədbəxt hadisə baş vermədən tədbirlər görməyə çağırıblar.
Bərdə Elektrik Şəbəkənin baş mühəndisi Sahib Məmmədov bildirib ki, sakinlər şikayətlərinə görə haqlıdırlar.Əsasən yeni salınan məhəllələrdə işığın çəkilişi zamanı tələb olunan qaydalar gözlənilməyib.
Baş mühəndis şikayətçilərin tələblərinin tezliklə yerinə yetirilməsinə də münasibət bildirib: “ Hələki bütün dirəklərin yenisi ilə əvəz olunması bizim imkanlarımız xaricindədir.Yerli yarımstansiya ilə danışarıq, daha çox təhlükə yaradan 3-4 dirəyi dəyişərik. May ayında Bəcirəvan yarımstansiyasının açılışı gözlənilir. Çox güman ki, həmin istiqamətdə olan kəndlər, o cümlədən Mustafaağalı kəndində də kabelləşdirmə işləri başlasın.Belə olarsa ,oradakı elektrik xətlərinini yeniləri ilə əvəzlənməsinə başlanacaq”.
Ümid edək ki, bədbəxt hadisələr olmadan şikayətçilərin arzusu yerinə yetiriləcək.