''Kənddə adam ölür, yumağa su tapılmır''




Qaradağlı sakinləri: ''Suyu pulla alırıq, çatdıra bilmirik''
“Suyu pulla alırıq. Çatdıra bilmirik, bahadır. Kəndliyik, kasıb adamlarıq. Gündəlik vəziyyəti görürsünüz, su daşımaqdan belim xəstə düşüb. İtin zülmünü çəkirik”.

Ağdaşın Qaradağlı kəndinin sakini Tamara Mehtiyeva belə deyir. Bildirir ki, ayda suya azı 100 manat pul xərcləyirlər. Bir kiçik qabın daşınmasına 50 qəpik verirlər:

 
“O da ki, artezian axşamçağı 5-dək açıq olur. Maşın tapıb gətirdə bildin, nə gözəl. Bilmədin, bütün günü susuz qalacaqsan. Ya da eşşək arabasını şəhərə göndəririk. Onda qiymət bir az da qalxır. Bir qabı 70 qəpik olur. Nə pulumuz qalır, nə də abrımız. Daha ona-buna “su gətir” deməkdən abrımız tökülüb. Zülmlə, zillətlə yaşayırıq”.
“2 çaydan suya 1 manat veririk”
60 yaşlı Reyhan Məmmədova deyir ki, ayda aldığı təqaüdünün hamısını suya xərcləyir:

Reyhan Məmmədova
Mənbə: meydan.tv
“Bu, azmış kimi, qramla işlədirik. Belə dərd olar? Kəndə gələn arxın suyu pis gündədir, içmək olmur. İçindən zibil çıxır. Bəzən heç o da gəlmir. 60 yaşım var, mən hələ evə su gəldiyinin şahidi olmamışam. Bilmirəm, kranı açanda su necə gələr, o nə olan şeydir. 3-4 kilometr uzaqlıqda bir artezian var. Gətirtdiyimiz də 2 çaydandır. O da 1 manat edir”.
“Arxdan gələn su ayaqyoluna tökməkdən başqa bir şeyə yaramır”
Reyhan Məmmədova yaşadığı şəraitdən yorulduğunu deyir:
“Nə qədər su daşımaq olar? Belimiz qırılır, hamımız xəstəlik tapmışıq. Əlimizdə qəpiyimiz qalmır, hamısını veririk suya. Su olsa, o pulu da dərmanımıza, dərdimizə verərik. Arxdan gələn su ayaqyoluna tökməkdən başqa bir şeyə yaramır. Bir dəfə su tapmadım. Arxdan su qaynatdım, çay dəmlədim. Uşaqlarım allergiya oldu”.
Adam ölür, arxda su tapılmır”
Səadət Qurbanova da susuzluqdan narazılıq edir. Deyir, suya ayda ən azı 70-80 manat pul verirlər, çatdıra bilmirlər:

 
“Yoldaşım fəhlədir, qazandığı sudadır. O 70-80 manatı da verib barı doyunca su işlədirikmi? Yox, onu da qırtım-qırtım. Suyumuz olmur, zəng edirik taksiyə. Qablarımızı doldurub gətirir. Az qala hər gün 3-4 manatımız gedir. Ağdaş Rayon İcra Hakimiyyətinə dəfələrlə demişik. Gəlib, baxıb gediblər. Bu boyda kənddə bir artezian yoxdur. Kənddə adam ölür, arxda su tapılmır. Gedib hardansa su gətirib, ölünü yuyurlar. Toy olanda bir maşın çən gətirdirik. Camaat işini bu cür yola verir”.
“Arxdan gələn zibilli suya baş əyirik”
Səadət Qurbanova əlavə edir ki, tələbi heç də evlərə su çəkilməsi deyil. Heç olmasa, kəndin içində bir neçə yerə artezian çəkələr, bəsləridir:
“Suya pul verməkdən müflis olmuşuq. Bir qab suya 50-60 qəpik veririk. 25 ildir bu kənddə yaşayıram. Hələ mən burada evlərə, məhəllələrə su gəldiyini görməmişəm. Bura gəlin gələndən lilli sudan içirəm. Böyrəklərim də sıradan çıxıb, az qala, hər gün ağrıyır. Adam nə qədər qab doldurar, lilli su daşıyar? Uşaq başını yumaq istəyir, su tapa bilmirik. Arxdan gələn zibilli suya baş əyirik. O da bir gün gəlir, beş gün olmur. Böyük kənddi, heç olmasa 2 yerə artezian çəkələr, camaat yenə daşıyıb, birtəhər dolanar”.
“Asfaltın o tərəfinə su gəlir, bu tərəfinə yox”
75 yaşlı Nəcibə İsrailovanın sözlərinə görə, illərdir şikayət etmədiyi yerin qalmayıb. Deyir, səsini eşidən, sözünə baxan yoxdur:

 
“Su yox, yol bərbad gündə. İçməli suyu pulla alıram. Hər gün taksiyə 1-2 manat veririk. Onu da su maşının içinə tökülür deyə minnətlə gətirirlər. Meyitlərimizi arteziandan su daşıyıb, yuyuruq. O da 4-5 kilometr uzaqlıqdadır. 21-ci əsrdə çox acınacaqlı vəziyyətdə yaşayırıq. Şəhərlə aramız 1 kiometrdir. Necə olur ki, asfaltın o tərəfinə su gəlir, bu tərəfinə yox”.
“Xəmir etməyə, çay qoymağa suyumuz olmur”
Minirə Məmmədova isə həm də kəndin yollarından şikayətlənir. Deyir, azca yağış yağan kimi yollar keçilməz olur. Su isə əzəli problemləridir, daşımaqdan yorulub:


“Yolumuz bərbaddır, suyumuz isə yoxdur. Arxın suyunu da görürsüz, içinə uşaq bezi, zibil atırlar. Ordan da axıb, gəlir kəndə. İçini kol alır, baxan olmur. Bu suyu inanın, iyrənə-iyrənə içənlər var. Pulları yoxdu gündə 1-2 manat suya xərcləsinlər. Bəzi günlər xəmir etməyə, çay qoymağa suyumuz olmur. Nəvələrə yalvarmaqdan da bezmişik. O gün nəvəm deyir ki, nənə, salam verirəm, su deyirsən. Daha üzümüzün abrı qalmayıb. Bilmirik başımıza haranın daşını tökək”.
“O suyla çimsək, canımız yara tökər”
Kənd sakinlərindən Ağa Umudov isə deyir ki, 21-ci əsrdə, texnikanın yüksək inkişaf etdiyi vaxtda içməyə su tapmamaq biabırçılıqdır:

 
“İnanın o suyla çimsək, canımız yara tökər. Murdarlıqdır, iyrənclikdir. Başda oturanlara Allah insaf versin. Biz ucqar kənd deyilik. Şəhərin bir qoluyuq, ancaq batırıq. Uşaqlar məktəbə gedə bilmirlər. Palçığın içindədirlər. Demədiyimiz, müraciət etmədiyimiz yer qalmayıb. Hara müraciət edirik, deyirlər, layihədə yoxdur. Gələcəkdə layihəyə salıb, həll edəcəyik. Biz ömür boyu bu suyu içmişik. Demirik e, hər qapıya gəlsin. Bir məktəbin yanına çəksinlər, daşıyarıq, canımız cəhənnəmə”.
“O kənddə artezian, arx var”
66 yaşlı İlhamə Mustafayeva da deyir ki, kənddə bir neçə yerə, yaxına artezian çəksələr uşaqlar evə daşıyarlar. Onlar hər qapıya su gəlsin, demirlər:

 
“Yoxsa belə alınmır. Bilmirik, aldığımız 3-5 manat pensiyanı işığa, qaza, çörəyə, dərmana, yoxsa suya verək. Vallah, zülmdəyik, yaşaya bilmirik. Az qalıb, yolu kəsib, etiraz edək. Bizə başqa çarə qoymayıblar qala”.
Ağdaş Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması işləri görülür:
“Ancaq bu, növbəli şəkildə həyata keçirilir. Qaradağlının isə su problemi yoxdur. Çünki kənddə artezian, arx var. Yolların təmiri isə diqqətdədir, yaxın gələcəkdə heç bir kənddə təmirsiz yol qalmayacaq”.

Mənbə: 
Tarix: 12-03-2019, 08:58
Xəbəri paylaş





Xəbər lenti